Millət vəkili Pakistanda Xocalı faciəsindən danışıb
Qənirə Paşayeva Pakistan Parlamentində Qarabağ problemi barədə geniş çıxış edib və senatorlara Xocalı Soyqıırımını tanıyan qətnaməyə görə təşəkkür edib.
"Xeberinfo.com": Millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkəmizin Pakistadakı Fövqaladə və Səlahiyyətli səfiri Daşqın Şikarov və səfirliyimizin katibi İlham Məmmədovun iştirakı ilə Pakistan Parlamentini ziyarət edib və senatorlara, millət vəkillərinə Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, tarixi, mədəni, dini abidələri, qəbistanlıqları dağıtması, törətdiyi soyqırımlar, Xocalı Soyqırımı, 1 milyon azərbaycanlının 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, Ermənistanın BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsi, bölgədə törətdiyi son təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə geniş məlumatlar verib və onların suallarını cavablandırıb. Millət vəkili Qənirə Paşayeva Pakistan Parlamenti üzvlərinə, Senata Xocalı Soyqırmını rəsmən tanıyan qətnamə qəbul etdikləri üçün xüsusi təşəkkürünü də bildirib. “Mən Dağlıq Qarabağ problemi məsələsində hər zaman ədalətin yanında olan Pakistan dövlətinə və Parlamentinə Xocalı Soyqırımını tanıyan və kəskin pisləyən qətnamələrin, qərarların qəbulu üçün ailə üzvləri soyqırıma məruz qalan Xocalılar və bütün azərbaycanlılar adından təşəkkürümü bildirirəm.Biz ümid edirik ki, ədalətin yanında olan və dünyada bir daha bu cür insanlıq əlehinə cinayət olmasın deyən insanlar və ölkələr Xocalı Soyqırımı ilə bağlı Pakistan parlamentinin və bu istiqamətdə qərarlar qəbul edən digər dövlətlərin ədaləti, insan haqlarını müdafiə edən qərarlarını dəstəkləyəcəklər və bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi, xocalıların öz evlərinə dönə bilməsi istiqamətində səylərini daha da artıracaqlar”. Qənirə Paşayeva iki qardaş ölkə arasında mövcud olan dostluq münasibətlərindən də danışıb, Dağlı Qarabağ məsələsi də daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə qədər verdiyi dəstəyə görə Pakistan dövlətinə, xalqına və Parlamentinə təşəkkür edib. Millət vəkili Azərbaycanda aparılan islahatlar, Azərbaycanda gedən iqtisadi inkişaf haqqında da məlumatlar verib, ölkələrimiz arasında iqtisadi, ticarət, hərbi sənayesi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Pakistanda və dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, həmçinin, Azərbaycan Parlamentinin Pakistanla münasibətlərinin imkişafına verdiyi böyük önəm barədə də danışıb. Pakistan Parlamentində Senatın sədr müavini Sabir Əli Bəlucla keçirilən görüşdə və senatın sədr müavini tərəfindən bir sıra senatorlar və xarici ölkələrin Pakistandakı səfirlərin iştirakı ilə millət vəkili Qənirə Paşayevanın şərəfinə verilən yeməkdə də əsas diqqət mərkəzində olan mövzu Dağlıq Qarabağ problemi olmuşdur. Millət vəkili Qənirə Paşayeva rəsmi yemək zamanı xarici olkə səfirlərinə də Dağlıq Qarabağ problemi və Xocalı Soyqırımı barədə geniş məlumatlar vermişdir.