Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

JURNALİST ÖMRÜ

 

 

 

 

Tanınmış jurnalist, “Qızıl Qələm” mükafatı laureatı Şərif Kərimlinin

 iyunun 22-də 60 yaşı tamam olur

 

-Şərif müəllim, Siz 60 illik ömrünüzün 40 ilini mətbuatdasınız, yorulmamısınız ki?

-Yorulmuşam, ancaq yazmaqdan, danışmaqdan yox, tənqidi personajlarımın hər dəfə ayrı-ayrı qlaflarda qarşıma çıxmağından, ütülənmiş tiplərin yeni “imic”lərdə peyda olmasından, xırda maraqlar naminə Vətənlə alver edən “millət qəhrəmanlarının” pafoslu nitqlərindən...

-Belə çıxır ki, heç nə dəyişməyib. Onları “yenilənmiş formalarda” görərkən hansı hissləri keçirirsiniz?

-Dinirəm – “demaqoq” oluram, dinmirəm – “pedaqoq”.

-“Pedaqoq” sözünü başa düşmədim...

-Yəni, yola verirəm, mədəni şəkildə...

-Pedaqoq demiş, Siz deyəsən, bir ara ali məktəblərdə müəllim də işlədiniz?

-Əslində, biz jurnalistlərlə müəllimlər arasında çox az fərq var. Müəllimlərdən fərqimiz ondadır ki, onlar hələ əqli və fiziki cəhətdən yetişməmiş insanlarla işləyir, biz isə əksinə, əqli və fiziki cəhətdən tam yetişmiş insanlarla.

-Sizcə, hansı daha çətindir?

-Təbii ki, hər ikisinin öz çətinliyi var. Orta məktəb müəllimləri “ağ kağız” üzərində istədiklərini yazırlar, ancaq biz jurnalistlər səhv yazılmışları pozub düzəltməyə çalışırıq.

-Səhv etmirəmsə, Siz jurnalistika fakültəsində dərs demisiniz?

-Bəli. Mən bu işə ehtiyacdan getdim – mənəvi ehtiyacdan. Əvvəla, biz nəsil jurnalistlərin çox böyük həyat və mətbu təcrübəsi var. Şablon avtobioqrafik ifadələrlə desək, bizim nəsil sovet mətbuatında dünyaya göz açmış, yenidənqurma və milli-azadlıq hərəkatında məktəb oxumuş, müstəqil mətbuatda yaşamışdır... Bu üç dövrün öz milli-mənəvi kriteriyaları olan kimi, o dövrlərin mətbuatının da öz tələbləri və mübarizə metodları vardı. Çox vaxt deyirlər, sovet mətbuatı təbliğ-təşviq mətbuatı idi, müasir mətbuat isə informasiya mətbuatıdır. Ən pisi də odur ki, birincini ideoloji, ikincini isə ideologiyadan uzaq mətbuat kimi səciyyələndirirlər. Bəlkə də müasir jurnalistikanın bu gün “yad ünsürlərlə” dolmasının əsas səbəblərindən biri də məhz onun üzərindən ən vacib bir missiyanın – dövlətin ideoloji qurumlarından biri olması missiyasının götürülməsi oldu. Daha doğrusu, bu iş indi “ştatdankənar” bir işə çevrilib. Lazım olanda onu – Əlahəzrət Mətbuatı çağırıb “bu işə” görə sağ ol deyirlər, lazım olmayanda isə burnunu ovurlar, gözünü çıxarırlar, dilini kəsirlər...

-Bəs, müasir jurnalistikada ürəyinizə yatan cəhətlər hansılardır?

-Mən 7-8 illik müəllimlik təcrübəmdə jurnalistika fakültəsinin tələbələrinə təkcə bildiklərimi öyrətməmişəm, eyni zamanda onlardan bilmədiklərimi də öyrənmişəm. Bircə şeyə təəssüf edirəm – kaş sovet dövründə jurnalistlərə yaradılan şərait, verilən önəm indi müasir jurnalistlərə qismət olaydı... İndiki jurnalistlərin fikirlərində, düşüncələrində sərhəd adlı bir çərçivə yoxdur. 1996-cı ildə mərhum Prezident Heydər Əliyevin senzuranı ləğv etməsi çox cəsarətli və demokratik addım idi. Lakin jurnalistlərin maddi cəhətdən dəstəksiz qalması və mətbuatda ideologiyanın özbaşına buraxılması nəticədə onun kimlərinsə alətinə çevrilməsinə gətirib çıxardı.  Axı, Azərbaycan Türkiyə, ABŞ, yaxud Rusiya kimi 100-200 milyonluq əhaliyə malik ölkə deyil ki, qəzet satışından milyonlar qazana bilsin və heç kimdən asılı olmasın. Bilirsiz, gəlin açığını söyləyək, bu gün heç bir qəzet satışdan əldə etdiyi qazancla yaşamır və yaşaya da bilməz. Qəzetlərin əməkdaşlarından tutmuş redaktorunadək gözləri kiminsə əlindədir. Rəhmətlik Sirus Təbrizli demişkən: “Əyilən adamdan düz söz gözləmə.” Belə olan halda hansı obyektivlikdən, prinsipiallıqdan danışmaq olar? Jurnalist nüfuzunun aşağı düşməsinin, məncə, əsas səbəbi də məhz budur.

-Bir az da yaradıcılıq məsələlərindən danışaq...

-Əslində, danışdıqlarımızın hamısı dolayısı ilə yaradıcılıq problemləridir. Jurnalistikadakı yaradıcılıq məsələlərindən deyirsinizsə, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Müasir jurnalistlər janr adlı bir bölgü tanımır. Yazdıqları hər şey xəbər janrındadır. Jurnalistikanın resenziya, rəy, oçerk kimi bədii-publisistik janrları, demək olar ki, unudulub. Əyalətlərdəki olaylar ancaq nöqsanları qabartmaq yönündə işıqlandırılır. Kriminal hadisələrin təqdimatı ölçüsüz-biçisiz olur...

-Biz bilirik ki, Siz təkcə publisistika ilə deyil, həm də bədii yaradıcılıqla məşğul olursunuz,  bu sahədə vəziyyət necədir?

-Ömür heç nəyə çatmır, qardaş... İllah da ki jurnalist ömrü! Günlərimizi sözlərə, sətirlərə çevirib qəzet səhifələrində əridirik, gözümüzün nurunu ağlı-qaralı şriftlərdə söndürürük, fikirlərimizi, düşüncələrimizi, beynimizin məhsulu olan neçə-neçə yeni ideyalarımızı kimlərinsə zəif, sönük yazılarının gözünə qatırıq və bir də... gözümüzü açıb görürük ki, vay, ömür yarı olub, yaddan çıxmış, vaxt çatmamış, yarımçıq qalmış nə qədər işlərimiz varmış...  Açığını deyəcəm, ehtiyac ucbatından kimlər üçünsə o qədər kurs işi, diplom işi, namizədlik işi, hətta hekayə, povest, roman yazmışam ki... Ancaq özümün 70-80 faizi hazır olan namizədlik işimi tamamlamağa səbrim çatmayıb... Görəcəyim işlərdən biri bu. Beynimdə iki roman işləmişəm, onları kağız üzərinə köçürməliyəm - bu iki. Ən yaxşı publisistik əsərlərimi toplayıb kitab halında çap etdirməliyəm – bu da üç. Azərbaycan bahadırları barədə yazdığım sənədli povestləri yenidən işləyib təkrar çap etdirməliyəm – dörd... beş, altı... bəlkə də doqquz, on da olacaq, bilmirəm.

-Sizi çox yormaq istəmirəm, Şərif müəllim, Allah Sizin jurnalist ömrünüzü uzun, şəxsi həyatınızı mənalı etsin!

-Çox sağ olun!

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam