PUTİN TRAMPA BUNU DA ETDİ... - “O, hər kəsə orta barmaq göstərir”

ABŞ-nin “dahi” Prezidenti özünü Putinin sözçüsü səviyyəsinə endirib
Co Baydeni maymaq, zəif, ağılsız, cəsarətsiz və s. kimi təqdim və tənqid edən Donald Tramp hazırda bəlkə də ən uğursuz, ölkəsini dünyada ən çox nüfuzdan salan və xüsusilə də Rusiya qarşısında ən çox əyilən bir Prezident kimi ABŞ tarixinə düşməkdədir…
Yenixeber.org: Xəbər verildiyi kimi, dünən Trampla Putin arasında növbəti telefon danışığı baş tutub. Söhbət barədə Trampın paylaşımına nəzər yetitrdikdə görürük ki, seçki kampaniyası zamanı “24 saata müharibəni bitirəcəyəm”, “Putin mənə hörmət edir” deyən, eləcə də prezidentliyinin ilk dövründə əsib-coşan, “xarici ölkə başçıları mənim arxamı öpmək üçün sıraya düzülüb” deyən Trampın özü bu gün olduqca düşük bir təsir bağışlayır.
Putinlə söhbəti barədə paylaşımında Tramp yazıb: “"Mən Vladimir Putinlə telefondan indicə danışdım. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın aeredromda olan Rusiya təyyarələrinə hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi. Prezident Putin çox sərt şəkildə dedi ki, o, Ukraynaya və bu yaxınlarda aerodromdakı hücuma görə cavab verəcək”.

Fikir verin, ABŞ Prezidenti Rusiya kimi işğalçı ölkənin başçısının Ukraynaya ağır cavab verəcəyi barədə anons verir! Sanki adam ABŞ kimi dünyanın ən nəhəng iqtisadi və hərbi gücə malik ölkəsinin prezidenti yox, Vladimir Putinin sözçüsüdür. Bu gedişlə Tramp yaxın zamanda Dmitri Peskovun vəzifələrini öz üzərinə götürmüş olsa, buna təəccüblənməyə dəyməz…
Hansı ki, ABŞ Prezidenti Putinin hədə-qorxusunu dünyaya çatdırmaq əvəzinə, açıq işğalla, özbaşınalıqla, beynəlxalq hüququ ayaqlar altına atmaqla, dünuyanı nüvə müharibəsilə təhdid etməklə, saysız-hesabsız hərbi cinayətlər törətməklə məşğul olan Rusiyanın başçısına yerini göstərməli, onun cəzasızlığına, özbaşınalığına son qoymalı, ən azından bunun üçün cəsarətli addımlar atmalı, Ukraynaya indikindən qat-qat artıq dəstək göstərməlidir.
Bunun əvəzinə TrampABŞ Senatındakı Respublikaçılardan Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmamağı tələb edib. Yayın ortalarında Co Baydenin Ukraynaya ayırdığı hərbi yardım paketinin tükənəcəyi gözlənilir. ABŞ-nin Ukraynaya yeni hərbi və maliyyə yardımından isə Trampın sayəsində söhbət belə getmir. Əvəzində, hər imkan düşəndə Ukrayna və onun başçısı təhqir və təhdidi olunur…
Bütün bu baş verənlər bir müdddət əvvəl ABŞ-nin Oriqon ştatından olan məşhur senator Ceff Merklinin Konqresdəki çıxışını və Tramp haqqında dediklərini yada salır: “Hansısa Rusiya agenti daha nə edə bilərdi ki, bunu Tramp indiyə qədər etməyib?”
Son Tramp-Putin telefon danışığına və Rusiya başçısının hədə-qorxularına münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib: “Əgər dünya Putinin təhdidlərinə zəif reaksiya verirsə, o, bunu onun hərəkətlərinə göz yumulması kimi qəbul edir. Bu, ona daha çox cinayət və qətllər üçün yaşıl işıq yandırır… Putin cəzasızlıq hiss edir, yeni zərbələr hazırlayır və bütün dünyaya – Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə orta barmaq göstərir”.
Sözsüz ki, bu sözlər ilk növbədə özünü görməməzliyə, bilməməzliyə vuran və hələ də özünü “dahi prezident” hesab edən Trampa ünvanlanıb. Əslində də, başıpozuq siyasəti ilə ən çox bu işarəyə layiq olan da elə onun özüdür!(Azpolitika)
Cəlal Məmmədli