“Yeni Perl-Harbor” – Rusiya üçün “qiyamət” günü:Ukrayna müharibədə yeni səhifə açdı

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) iyunun 1-də Rusiyanın 5 strateji hərbi aerodromlarına qarşı “Pautina” (“Tor”) xüsusi əməliyyatı həyata keçirib. Bununla da, Rusiya Hərbi Hava Qüvvələrinə indiyə qədər görünməmiş zərbə vuran Ukrayna tərəfi İstanbul görüşünə də əliboş qatılmayıb.
Yenixeber.org: BBC-nin məlumatına əsasən, əməliyyata şəxsən Prezident Volodimir Zelenski nəzarət edib, icrasına isə UTX rəhbəri Vasili Malyuk rəhbərlik edib. Əməliyyat Murmanskdan tutmuş, İrkutska qədər (İrkutsk Ukrayna sərhədindən 5 min kilometr aralıdadır) böyük bir ərazini əhatə edib.
Vasili Malyukun verdiyi məlumata görə, əməliyyat nəticəsində Rusiyanın strateji aviasiyasına məxsus 41 təyyarə sıradan çıxarılıb. Bu, ümumilikdə Rusiya strateji aviasiyasının 34 faizindən çoxunu təşkil edir. Sıradan çıxarılan təyyarələr arasında Ukraynaya zərbə vurmaq üçün istifadə edilən Tu-95, Tu-22M3, Tu-160 bombardmançı təyyarələri, eləcə də uzaq mənzilli radiolokasiya təyinatlı A-50 təyyarəsi var. Qeyd edək ki, bu təyyarələr nüvə başlığı daşıya bilirlər.
Prezident Volodimir Zelenskinin bildirdiyinə görə, bu əməliyyat 1,5 il ərzində hazırlanıb. Qeyd olunur ki, əməliyyat logistik baxımından son dərəcə mürəkkəb olub.
Əvvəlcə FPV dronları gizli şəkildə Rusiyaya keçirilib, ardınca isə mobil taxta evlər daşınıb. Daha sonra həmin evlər yük avtomobillərinin üzərinə quraşdırılıb və dronlar onların dam örtüyünün altında gizlədilib. Əməliyyat saatı çatanda damlar uzaqdan idarəetmə ilə açılıb və dronlar hədəflərə doğru buraxılıb.
Mənbələrin iddiasına görə, əməliyyata cəlb edilən bütün şəxslər artıq çoxdan Ukrayna ərazisinə qayıdıblar.
Ötən il Ukrayna hərbi kəşfiyyatı Rusiya bombardmançılarını skan edərək süni intellektə bu təyyarələri tanımağı öyrədib. Bu barədə Türkiyənin “Clash Report” analitik resursu məlumat yayıb.
Analitiklər bildirirlər ki, xərclər və effekt nisbətinə görə, Ukraynanın 2025-ci il iyunun 1-də keçirdiyi bu əməliyyat analoqu olmayan hadisədir. Belə ki, istifadə olunan bir FPV dronu 300-600 dollar civarında dəyərə malikdir. Modernləşdirilmiş Tu-95MS bombardmançısının qiyməti 100 isə 1 milyon dolları keçir. Yəni, dəyər fərqi 100 min dəfədən artıqdır. Ümumilikdə isə Rusiyaya 7 milyard dollardan çox zərbə vurulub.
Burada sual yaranır – bir tərəfdən 2 iyunda birbaşa danışıqlar, o biri tərəfdən isə 1 iyunda belə ağır zərbələr? Ukrayna sanki Rusiyanın taktikasını tətbiq etməyə başlayır – istənilən halda zərbə endirmək. Fərq ondadır ki, Moskva mülki əhalinin yaşadığı binalara zərbə endirir, Kiyev isə yalnız hərbi hədəfləri vurur. Bəs bu əməliyyatı müharibənin fərqli məcraya keçəcəyi ehtimalı saymaq olarmı?
Suallarımızı Ukraynanın “XXI Əsr Strategiyası” Qlobal Araşdırmalar Mərkəzinin rəhbəri, “Qara Dəniz Təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar cavab verib.
O, dərhal qeyd edib ki, Ukrayna Rusiyanın terrorçu taktikasını təkrarlamır.
“Rusiya genişmiqyaslı işğalın ilk günündən etibarən bütün Ukrayna ərazisinə zərbələr endirir, adətən dəqiq hədəf seçmədən mülki obyektlərə də hücum edir, nəticədə dinc insanlar həlak olur. Ukrayna Müdafiə Qüvvələri isə müharibəni təcavüzkarın ərazisinə daşımaq və ona strateji zərbə vurmaq kimi strateji vəzifəyə uyğun fəaliyyət göstərir. Bu, birinci məsələdir.
İkincisi, danışıqlar. Rusiyanın 12 ildir davam edən təcavüzünün bu mərhələsində Ukraynanın siyasi rəhbərliyinin Kreml istəklərinə uyğun hansısa güzəştlərə gedəcəyini düşünmək sadəlövhlük olardı. Bu, “Pautina” əməliyyatından, İstanbul və digər danışıqlardan asılı deyil və olmayacaq.
Üçüncüsü. Düşünürəm ki, ABŞ, Avropa və digər qüvvələrin son vaxtlar sülh ritorikasına baxmayaraq, Qərb siyasətçilərinin və hərbi rəhbərlərinin əksəriyyəti hələ də bir reallığı başa düşmür: 2022-ci il fevralın 24-dən sonra Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həllindən başqa alternativi yoxdur. Yalnız təcavüzkarın hərbi məğlubiyyəti Ukraynada və bütövlükdə Avropada sülhə zəmanət verə bilər. Çünki bu müharibə Rusiyanın Avropa İttifaqı və NATO-ya qarşı aqressiyasının növbəti mərhələsidir. Londonda və Parisdə bunu gec də olsa anlayıblar və indi artıq söz demədən Britaniya-Fransa-Ukrayna üçbucağı konkret hərbi əməkdaşlıq platformasında işləyir”, - ekspert bildirib.
Onun sözlərinə görə, Britaniya və Fransa yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrin əlavə “Storm Shadow”/“SCALP” qanadlı raketləri verəcək. Böyük ehtimalla ki, Almaniyanın “Taurus” raketləri də olacaq və bunlar Ukraynanın modernləşdirilmiş uzaq mənzilli “Neptun” raketləri ilə birgə Rusiyanın Avropa hissəsini daha sıx nəzarət altında saxlamağa imkan verəcək.
“Ümumiyyətlə isə artıq Rusiya ərazisində təhlükəsiz yer yoxdur. “Pautina”nın əsas özəlliyi ondadır ki, o, tədricən mövcud məkanı tam əhatə edir. Və ən əsası, bizim Avropadakı partnyorlarımız – Fransa və Britaniya ilə qeyri-rəsmi razılaşmalarımıza əsasən, ABŞ-ın Avropa üçün “təhlükəsizlik çətirinin” zəifləməsi fonunda Ukrayna Silahlı Qüvvələri təcavüzkarın hərbi infrastrukturuna maksimal zərbə endirərək, onun Avropada fəaliyyət imkanlarını minimuma endirmək üçün addımlar atacaq. Ukraynaya zərbə endirən Rusiya strateji aviasiyası həm bizim, həm də Avropanın legitim hərbi hədəfdir. Sadəcə Avropa siyasi elitasında hələ də eskalasiya qorxusu hökm sürür. Halbuki Avropanın NATO və Aİ üzvü olan bəzi ölkələrinin Baş Qərargahlarında artıq belə bir anlayış var ki, eskalasiyanın qarşısını almağın yeganə yolu diplomatik bəyanatlar yox, qabaqlayıcı tədbirlərdir. Çünki diplomatik bəyanatlar Kremldə yalnız istehza doğurur. Odur ki, Britaniya-Fransa-Ukrayna üçlüyü artıq Avropa qitəsinin müdafiəsi üçün birgə işləməyə başlayıb.
Unutmayaq ki, cəmi iki ay əvvəl – aprelin 4-də Böyük Britaniya və Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Kiyevdə birgə səfərdə olublar. Beləliklə, “Pautina” əməliyyatı ilə Rusiyanın strateji nüvə triadasının aviasiya komponentinin sıradan çıxarılması, Avropa üçün həyati əhəmiyyət kəsb edən məsələdir. Çünki Tramp-Putin “sülh oyunu” fonunda Avropa yalnız Fransa və Britaniyanın nüvə çətiri altında qala bilər.
Bibiliyada Davud Qoliafa cəmi bir zərbə endirmişdi. Bizim halda isə bu, bir zərbə ilə bitməyəcək. Qarşıda Ukrayna Silahlı Qüvvələri və Ukrayna-Avropa tərəfdaşlığı tərəfindən təcavüzkarı sülhə, ən yaxşısı isə hərbi məğlubiyyətə məcbur etmək üçün daha bir çox sürprizlər olacaq”, - Qonçar əminliyini ifadə edib.(pressklub)
Rauf Orucov