BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

"Tender kralı" kimi tanınan "Xezer-Construction" şirkəti "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin daha iki satınalma müsabiqəsinin qalibi seçilib.
Yenixeber.org: Məlumata görə, tenderlərdən biri Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlıdır. Bu tender üzrə satnalma müqaviləsinin maliyyə dəyəri 28 171 675,49 manatdır.
Didər müsabiqə isə Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üçün keçirilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri isə 22 009 669,5 manatdır.
Beləliklə, "Xezer-Construction" şirkəti bu dəfə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən 50 181 344,99 manatlıq sifariş alıb.
Ötən ay şirkət MMC-nin Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilmişdi. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 2 525 226,1 manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction" MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Açıq mənbələrdə "Xezer-Construction" MMC haqqında heç bir məlumat yoxdur. Şirkətin adicə veb-səhifəsi də mövcud deyil.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı sayılır.(Qaynarinfo)