“Əcəmi”də “can bazarı”:Bakının “göbəyində” onlarla fəhlənin və sakinlərin həyatını kimlər riskə atıb?
Obyektin sökülməsi günün tələbidir!
Yenixeber.org: Bakının Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən keçmiş “Şəki” kafesi ərazisində aparılan qanunsuz tikinti işləri bitmək bilmir. Hazırda ərazidə ağır dəmir konstruksiyalardan istifadə ilə geniş betonlama işləri davam etdirilir.
Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid” və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun “xeyir-duası” ilə aparılan tikinti işləri ilə bağlı yeni məlumatlar əldə etmişik. İnanırıq ki, bu məlumatlar gec də olsa əlaqədar qurumları hərəkətə keçirəcək, mümkün faciələrin qarşısını alacaq.
Tikinti işləyən fəhlələrin heç birinin əmək müqaviləsi yoxdur
Öncə qeyd edək ki, keçmiş “Şəki” kafesi ərazisində aparılan tikinti prosesində çalışan usta-fəhlə heyətinin böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Onlar qaçaq şəkildə, əmək müqaviləsi olmadan çalışdırılır. Ancaq maraqlıdır ki, nə Əmək Müfəttişliyi, nə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, nə də digər yetkili qurumlar bir dəfə də olsun tikinti yerinə baş çəkməyib, orada çalışan fəhlələrlə maraqlanmayıb.
Tikintidə çalışan fəhlələrdən birinin verdiyi məlumata görə, onlara təhlükəsizliklə bağlı zəruri geyim vasitələri də verilməyib. Bu isə hər hansı qəza anında işçilərin təhlükəsizliyini təmin etməyə imkan vermir.
Bütün gecə davam edən tikinti, pul mükafatı və hədə...
İşçilərdən birinin Yenixeber.org-a verdiyi məlumata görə, tikinti prosesi iki rejimdən – səhərdən axşama və axşamdan səhərə qədər davam etdirilir. Məqsəd nəyin bahasına olursa-olsun tikinti işlərini sürətlə başa çatdırmaqdır. Mənbənin bildirdiyinə görə, bunun üçün işçilərə artıq pul mükafatı da vəd edilib. İş icraçısı bildirib ki, hansı briqada üzərinə düşən öhdəliyi vaxtından tez yerinə yetirsə, ona əlavə pul veriləcək. Bununla bərabər, tapşırılan işi vaxtında görə bilməyən briqadanın pulunun kəsiləcəyi də bildirilib. Yəni işçilərə münasibətdə həm kökə, həm də kötək prinsipi rəhbər tutulur.
“Tikinti düz keçidin üstündə aparılır: Hər an hər şey ola bilər”
Mənbənin sözlərinə görə, tikinti prosesi düz keçidin üzərində inşa edilsə də, bu, nə Bakı metropolitenini, nə də FHN şefi Kəmaləddin Heydərovu narahat etmir. Baxmayaraq ki, vəziyyət həqiqətən də kritikdir və hər an hər şeyin olması mümkündür. Bunu da nəzər almaq lazımdır ki, hazırda obyektin birinci mərtbəsi inşa olunur. İkinci mərtəbə və dam örtüyü qoyulandan sonra keçidin üzərinə düşən yük də artmış olacaq. Bu isə keçidin uçması ehtimalını artıracaq.
Fəhlələr həbs təhlükəsi altında
Yeri gəlmişkən, tikintinin dörd bir tərəfdən hündür dəmir konstruksiya ilə qapanması ciddi şübhələr yaradır. Məhz bu faktor ətrafdakı insanlarla yanaşı, tikintidə çalışanlarda da da haqlı sual yaradır: “Burda tikinti işləri hansı qanunsuzluqlar əsasında aparılır ki, hamıdan ciddi cəhdlə gizlədilir?” Fəhlələrdən birinin sözlərinə görə, ərazidəki tikintinin təməl işləri onu deməyə əsas verir ki, burda planlaşdırılan obyekt kifayət qədər irihəcmli olacaq. Belə bir obyektin metro keçidi üzərində olması isə kifayət qədər risklidir. Bu isə tikintidə çalışanları ciddi narahat edir: “Biz qrup olaraq əvvəllər də bu adamların obyektlərində çalışmışıq, amma heç vaxt bu qədər gizlilik və tələskənlik olmayıb. Bizi də məhz bu qorxudur. “Melisa park”da baş verənlər hər kəsə dərs oldu. Bir tikə çörək qazanmaq üçün xozeynin əmrin yerinə yetirən buldezer sürücüsü həbs olundu. Tikintinin ağırlığı səbəbindən metro keçidinin çökməsi ilə burda da hər hansı bir hadisə baş versə biz fəhlələr cəza alacayıq. Çünki buranın sahiblərinin arxası güclüdfür. Özləri də deyir ki, biz istədiyim yerdə istədiyimizi tikərik və heç kim buna manə ola bilməz. Hamının pulunu verib susdurmuşuq.
Tikinti sökülməli, onu tikənlər cəzalandırılmalıdır
Mənbə qeyd edib ki, ərazidə aprılan irimiqyaslı tikinti prosesi yaxınlıqdakı obyekt və binalarıns akinləri tərəfindən də narazılıqlar qarşılanmaqdadır. Obyekt sahibləri ehtiyat edir ki, keçidin üzərində inşa edilən bu tikili müvafiq qurumların müdaxiləsi ilə sökülə bilər və o zaman “söküntü bumu” onların obyektini də hədəf ala bilər. Yaxınlıqdakı binaların sakinləri isə gün ərzində bir neçə dəfə keçiddən istifadə etdiklərini bildirir və qorxurlar ki, bir gün keçidin uçması ilə fəlakətlə üzləşə bilərlər. Həm obyekt sahibləri, həm də sakinlər hesab edir ki, keçmiş “şəki” kafesində aparılan tikinti işləri dayandırılmalı, tikinti sökülməlidir. Sakinlər iddia edir ki, əgər tikinti prosesi davam etsə, o zaman bu özbaşınalıqla bağlı dövlət başçısına müraciət ünvanlayacaqlar.
ANONSLAR:
1.Tikilən obyekt kimə məxsusdur?
2.Obyektin sənədi ilə bağlı hansı problem var?
3.FHN-a göndərilən sorğu və Kəmaləddin Heydərova olan ümidlər...
4.Sərnişinlərin təhlükəsizliyini təmin etmədiyi üçün Bakı metropoliteni məhkəməyə verilə bilərmi?