ABŞ, Avropa və Ukrayna münaqişəyə son qoymaq üçün şərtlərin siyahısını hazırlayıb: sənəd Putinə təqdim olunacaq
Yenixeber.org: ABŞ, Avropa və Ukraynadan olan şəxslər Rusiya ilə münaqişəyə son qoymaq üçün təkliflərin siyahısını tərtib ediblər. Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.
Onlar Ukraynadakı münaqişəyə son qoymağa kömək edəcəyinə inandıqları 22 şərt irəli sürüblər. Sənəd 30 günlük atəşkəs təklifini ehtiva edir və həmçinin Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyi tələbinə cavab verir.
Sənədi Rusiya liderinə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təqdim edəcək. Ancaq Vitkoffun bunu nə vaxt edəcəyi hələlik məlum deyil. Mənbələr Ukraynada nizamlanma ilə bağlı qalan təkliflərin məzmununu dəqiqləşdirməyib.
Öz növbəsində Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna ilə 30 günlük atəşkəs ideyasını şərh edib. Onun sözlərinə görə, tam atəşkəs Avropada İkinci Dünya müharibəsinin bitməsindən bəri ən böyük münaqişəyə son qoymaq prosesinə başlayacaq.
Kiyevdə keçirilən danışıqlarda Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Key Starmer, Polşanın Baş naziri Donald Tusk və Ukrayna Prezidenti Volodimir Zelenski Trampa öz mövqelərini aydınlaşdırmaq üçün zəng ediblər. Onlar qeyd ediblər ki, Ukrayna və bütün müttəfiqlər mayın 12-dən başlayaraq ən azı 30 gün ərzində tam və qeyd-şərtsiz atəşkəsə hazırdır.
Bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa da deyib. Nazir qeyd edib ki, Kiyev və onun müttəfiqləri quruda, havada və dənizdə tam, qeyd-şərtsiz atəşkəsə hazırdır.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya müəyyən nüansları nəzərə almaq zərurəti ilə 30 günlük atəşkəs ideyasını dəstəkləyir. Ukrayna Prezidenti Volodimir Zelenski də atəşkəsə hazır olduğunu açıqlayıb.
Bu arada, Putin Rusiya və Qərb jurnalistləri ilə görüş keçirib, orada Qələbə Gününə həsr olunmuş dörd günlük tədbir və görüşlərin yekunları barədə məlumat verib. Prezident həmçinin Ukraynadakı münaqişə ilə bağlı vəziyyəti şərh edib və Kiyevə ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edib.
“Biz dəfələrlə atəşkəs üçün addımlar təklif etmişik və heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırladıram: 2022-ci ildə danışıqları dayandıran biz yox, Ukrayna tərəfi idi. Heç nəyə baxmayaraq, biz Kiyev hakimiyyətinə danışıqları bərpa etməyi təklif edirik”, Rusiya lideri qeyd edib.
Putin əlavə edib ki, dialoq yaxınlarda– mayın 15-də başlamalıdır. Onun fikrincə, tərəflər danışıqların “daha əvvəl aparıldığı və kəsildiyi” İstanbulda görüşə bilərlər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə deyib ki, Moskva Ukrayna ilə danışıqlara başlamağa hazırdır və Kiyevin onun təşəbbüsünə reaksiyasını gözləyir: “Biz mayın 15-də, hətta sabah da Kiyevlə danışıqlara başlamağa hazırıq”.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarının mayın 15-də İstanbulda Moskva və Kiyev arasında birbaşa danışıqlara başlanılmasına dair təklifinə münasibət bildirib. Tramp “Truth Social”da paylaşımında gələn həftənin həlledici hadisələrlə zəngin olacağını qeyd edib.
“Rusiya və Ukrayna üçün Böyük Gün ola bilər! Düşünün, bu qanlı qarşıdurma başa çata və yüz minlərlə insanın həyatı xilas ola bilər. Bu, tamamilə yeni və daha yaxşı bir dünya olacaq. Bunun baş verəcəyinə əmin olmaq üçün hər iki tərəflə işləməyə davam edəcəyəm. ABŞ artıq diqqətini bərpa prosesinə və ticarətə yönəltmək istəyir. Böyük həftə başlayır!”, - deyə Tramp vurğulayıb.(AYNA)
Turan Abdulla