İlham Əliyevin məktubu Ermənistanı qarışdırdı
Avrasiya İqtisadi Birliyinin (AİB) Astanadakı təsis toplantısında Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe hələ də qonşu ölkədə ciddi müzakirə mövzusudur. İstər hakimiyyətin siyasi opponentləri olsun, istərsə də ekspert dairələri, ictimaiyyət təmsilçiləri və media mənsubları - toplum tərəfindən prezident Serj Sərkisyan qazaxıstanlı həmkarı Nursultan Nazarbayevin Qarabağ mövzusunda məlum bəyanatına adekvat və çevik reaksiya bildirməməkdə, bununla da “erməni dövləti və xalqının aşağılanmasına” zəmin yaratmaqda qınanır.
"Xeberinfo.com": Xatırladaq ki, Nazarbayev Ermənistanın AİB-ə üzvlüyü gündəmə gələrkən prezident İlham Əliyevin məsələ ilə bağlı təsisçi ölkələrin rəhbərlərinə ünvanladığı məktub barədə məlumat verib. Məktubda Ermənistanın Avrasiya İttifaqına qəbulunun bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi yalnız beynəlxalq miqyasda tanınmış sərhədlərlə mümkünlüyü bildirilir və bunun təsisçi dövlətlər tərəfindən diqqətə alınması xahiş olunur.
Məlum olduğu kimi, Sərkisyan və yanında oturan xarici işlər naziri Edvar Nalbəndyan həmin an bu açıqlamanı susqunluqla qarşılayıblar. Bu da Ermənistanda onların əleyhinə sərt tənqid kampaniyasına rəvac verib. Hətta opponentlərdən biri, “İrs” partiyası fraksiyasından olan deputatlardan biri Sərkisyanın istefaya getməsinin əsl vaxtı olduğunu söyləyib. İstefa tələbi isə təkcə onların dilindən səslənmir.
Ümumiyyətlə, Sərkisyan iqtidarının apardığı daxili-xarici siyasət kursunda, Qarabağ məsələsində bütün köhnə-təzə uğursuzluqları son günlərdə gündəmə daşınıb. Hazırkı hakimiyyətin dönəmində ölkə müstəqilliyinin simvolik hala gəlməsi isə xüsusilə şiddətli qınanmaqdadır. Öz növbəsində tənqidçi media hər gün iqtidarın “qabırğasına” döşəyir. Paralel surətdə isə baş verənlər Azərbaycan diplomatiyasının uğurlu gedişi kimi təqdim olunmaqdadır.
Bunu dolaysıyla rəsmilər də etiraf edir - gerçəyi malalamağa çalışsalar da. Serj Sərkisyanın bu xüsusda hakim partiyanın gənclər qanadının toplantısında söylədikləri diqqət çəkir. O, Qazaxıstanın dövlət başçısının məlum açıqlamasına üstündən üç gün keçəndən sonra, nəhayət, İrəvanda belə reaksiya bildirib. Sitat: “Nazarbayevin bəyanatına gəlincə, birincisi, apriori sərhədlər haqda danışmaq yanlışdır. Hansı sərhədlərdən söhbət gedir? Gömrük İttifaqı Qarabağ problemini həll eləmir. Kim deyir ki, biz Gömrük İttifaqına Qarabağla birgə daxil oluruq? Belə şey olmayıb, ola bilməz. Çünki Qarabağ ən azından bizim qanunvericiliyə və təsəvvürlərimizə görə, bu gün Ermənistanın tərkibinə daxil deyil. Ancaq Gömrük İttifaqına üzvlüyün Dağlıq Qarabağ məsələsinin həllinə yardımçı olacağı - bəli, bu, birmənalıdır. Əlbəttə ki, Nazarbayevin bəyanatı xoşagələn deyildi, ancaq onun bizə hər hansı ziyanı da ola bilməz”.
Lakin çətin ki, belə bir açıqlama erməni ictimai-siyasi fikrini sakitləşdirsin. Ən azı ona görə ki, indiyədək rəsmi İrəvan sözügedən quruma da, Avropa Birliyi ilə assosiativ üzvlüyə də məhz separatçı Dağlıq Qarabağla birgə qoşulmağa can atıb. Amma indi belə çıxır, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın guya beynəlxalq hüququn subyekti olmasını əsas götürüb, ondan yaxasını kənara çəkmək istəyir.
Əslində isə bu, İrəvanın Qarabağ diplomatiyasının, separatçı bölgəni müstəqil dövlət kimi tanıtmaq siyasətinin uğursuzluğu sayılmalıdır. Hər halda, Rusiya AİB-yə işğal elədiyi Krımla daxil olub və buna görə ona nə Qazaxıstan, nə də Belarus irad bildirməyib, o ki ola Ermənistan.
Onu da əlavə edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 28 May - Respublika Günü ilə bağlı etdiyi çıxışında yer alan erməni xalqına mesaj elementləri də qonşu ölkədə bu qəbildən olan tənqidi müzakirələrə əhəmiyyətli bir çalar qazandırıb.