“Azəriqaz” işdən çıxarılan əməkdaşları xaricə sığınmaq istədi
"Xeberinfo.com": “Azəriqaz” İstehsalat Birliyinin işdən çıxarılan qadın əməkdaşlarından bir qrupu Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Onlar Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşı olmaq istədiklərini deyirlər.
Səfirliyə ünvanlanan həmin müraciəti “Azəriqaz”ın artıq işini itirmiş 25-dən artıq qadın əməkdaşı imzalayıb, ancaq vətəndaşlıqdan imtina edib başqa ölkəyə sığınmaq istəyənlərin sayının artacağı gözlənilir: “Rayonlardan da müraciətlər edilir. Hər gün işdən çıxarılanlar var. Dövlət Neft Şirkətində isə müraciətimizə cavab veriləcəyini vəd edirlər. Ombudsman Aparatı da müraciətimizin iki günə araşdırılacağını demişdi. Amma hələ də cavab yoxdur. Biz ləğv olunmuş iş yerlərinin müqabilində işlə təmin olunmağımızı tələb edirik, başqa tələb və istəyimiz yoxdur”.
İşdən çıxarılmış qadınlar ixtisarlar zamanı onlara qarşı haqsızlıq olduğunu qeyd etdilər: “Uzun illərdir bu sahədə çalışanlar işdən çıxarılır. Amma rəislərə yaxın adamların iş təcrübəsi, qeyri-ixtisas sahibi olmaları nəzərə alınmır”.
Qadınlar müraciəti imzalayanlara təzyiq edildiyini də söylədilər: “Biz vətəndaşlıqdan imtina edəcəyik. Çünki bizə başqa yol saxlamırlar. İşdən çıxmazdan bir ay əvvəl bizdən anket istəmişdilər. İndi isə qohumlarımıza təzyiq edir, aksiyada iştirak edəcəyimiz, səfirliklərə gedəcəyimiz təqdirdə onların da işdən çıxarılacağı söyləyirlər”.
Qeyd edək ki, “Azəriqaz”da çalışan Qarabağ əlilləri də ölkə vətəndaşlığından imtina edirlər. Bu barədə virtualaz.org saytına məlumat verən Qarabağ əlili Əhməd Rəhmanov rəsmi müraciət etdiklərini deyir: “Biz də “Azəriqaz”a qarşı iddia qaldırmışıq. Hüquqlarımızı bərpa etməyəcəkləri təqdirdə vətəndaşlıqdan imtina edəcəyik. Bizim bir parça çörək qazanmağımıza əngəl olan məmurların əlindən doğma vətənimizi tərk etmək məcburiyyətindəyik”.
“Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri Araz Ağayev qurumun işçiləri olmuş qadınlara qarşı təzyiqlər edilməsi ilə bağlı iddialara cavab verib. O, işdən çıxarılan və aksiya keçirən qadınlara təzyiq edilməsi ilə bağlı iddialar yalanlayıb: “Biz onları qəbul etdik və “Azəriqaz” İstehsalat Birliyinin qurumlarında aparılan struktur islahatları ilə bağlı ətraflı məlumat verdik. Burada görülən bütün işlər, hər şey qanun çərçivəsindədir. “Azəriqaz” heç kimin hüququnu pozmayıb. Heç kimin haqqını tapdalamayıb”.
Dövlət Neft Şirkəti də olaya münasibət bildirib. Şirkətdən bildiriblər ki, işdən çıxarılan şəxslər ARDNŞ-in İnsan Resursları Departamentində imtahan verəcəklər: “ARDNŞ-də idarəetmənin təkmilləşdirilməsi üçün struktur islahatları aparılır. Bu zaman ixtisarlar da olur. Amma ixtisar olunan işçilər sonra bir daha attestasiyadan keçirilir. İmtahanların keçirilməsini mətbuat və QHT nümayəndələri də izləyirlər. İmtahanda yüksək nəticə göstərə bilməyənlər isə işlə təmin olunmurlar. Buna görə də narazılıqların olması təbiidir. ARDNŞ işdən çıxarılanların yenidən işlə təmin olunmasında ədalət prinsipini qoruyur. Bu zaman Əmək Məcəlləsinin bütün tələbləri yerinə yetirilir”.
İşdən çıxarılanlara aksiya keçirdikləri üçün təzyiqlər edilməsi ilə bağlı iddialar mətbuat xidməti tərəfindən təkzib olundu: “ARDNŞ heç kimə təzyiq etmir. O ki qaldı qadınların və Qarabağ əlilinin hansısa ölkənin səfirliyinə müraciət etməsinə, işdən çıxdığına görə heç kim öz vətənindən imtina etməz və etməməlidir. Şirkət işdən çıxarma, ixtisara salma məsələlərində əsla ədalətsizlik etmir. Bu iddia kimlərsə tərəfindən səsləndirilə bilər. Amma Dövlət Neft Şirkəti Əmək Məcəlləsinin tələblərini pozmur”.