Nazirin xalası oğlu Göyçayda özünə bazar açır?
"xeberinfo.com": Göyçay rayonun mərkəzində yerləşən və 200 nəfərdən çox insanın işlədiyi Ticarət Mərkəzindən satıcılar zorla çıxarılırlar. Səbəb kimi, ərazidə antisanitariya qaydalarına riayət olunmadığı göstərilir. Satıcılara alternativ yer kimi rayonun Cəyirli kəndində inşa olunan bazarı təklif edirlər. Ticarətçilər isə bununla razılaşmırlar.
Mayın 12-də bazarda işləyən ticarətçiləri sözügedən ünvandan çıxartmaq planlaşdırılmışdı. Səhər saat 5-6 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları bazara gedən bütün yolları bağlayaraq, satıcıların qarşısını kəsməyə başladılar. Bazara daxil olan satıcılarla bir neçə dəfə polislər arasında kiçik insidentlər yaşandı. Buna səbəb isə, polis əməkdaşlarınının bazara yük gətirən avtomobillərin qarşısını kəsmələri idi.
Satıcıların sözlərinə görə, köçürülmə rayonun icra başçısı Mənsur Məmmədovun göstərişi ilə həyata keçirilir. Satıcılar iddia edirlər ki, icra başçısı Cəyirli kəndində tikilən Ticarət Mərkəzində pay sahibidir. Buna görə də, satıcılara təzyiq edərək, onları həmin Ticarət Mərkəzində işləməyə məcbur edir.
Ticarətçilər öz yerlərindən çıxmaq niyyətində deyillər: “Ora getmək bizə sərf etmir. Bu bazar şəhərin mərkəzindədir. İşləyib, beş-on manat evimizə çörək pulu aparmağa çalışırıq. İndi deyirlər ki, illərdir işlədiyiniz bazardan çıxıb, Cəyirlidə işləyin. Orada işləmək heç kəsə sərf etmir. Mərkəzdən uzaq yerdir. Oraya gedib-gəlmək müşkül məsələdir. Gərək hər gün 4-5 kilometr yol gedək və buna görə də 3-4 manat pul xərcləyək. Biz nə qazanırıq ki, onu da yolpuluna verək?”.
“Heç kəs 1-2 kiloqram pomidor almaq üçün Cəyirliyə gedən deyil”
Satıcılar onu da deyir ki, Cəyirli kəndində olan Ticarət Mərkəzində heç kəs alver edə bilməyəcək: “Heç kəs 1-2 kiloqram pomidor almaq üçün Cəyirliyə gedən deyil. Ətraf marketlə doludur. Gedib, marketdən alacaq. İcra başçısının əsas məqsədi monopoliya yaratmaqdır. Çünki bizdən burada gündəlik 1-2 manat yer haqqı alırlar, bir də vergi veririk. Satıcılardan eləsi var ki, şəhid ailəsidir, evdə ağır xəstəsi var. Onlara güzəşt edilir. Yer haqqı almırlar. Ancaq yeni bazarda yer haqqı baha olmaqla yanaşı, həm də satırlar. Belə qayda-qanun harada yazılıb. Sən yeri mənə sat, üstəlik gündəlik yer haqqı da al, vergini də və başqa xərcləri də ödəyim. Əgər obyekti almışamsa, bu, artıq mənim mülkiyyətim sayılır, buna görə sənə niyə əlavə haqq ödəməliyəm?”.
“Yeni bazarda piştaxtalar 200-300, dükanlar isə 5 min manata satılır”
Uzun zamandır ki, bu bazarda işləyən satıcı Şükür Mamedov deyir ki, camaat mərkəzi qoyub, kəndə getməyəcək: “Yeni bazarda piştaxtalar 200-300, dükanlar isə 5 min manata satılır. Orada mütləq yer almalıyıq. Üstəlik yer haqqını da gündəlik ödəməliyik. Elə şərtlərlə biz heç burada çalışa bilmərik, nəinki orada... İndi işlədiyimiz yerdə 1-2 manat yer haqqı ödəyirik. Burada işləyənlərin biri şəhid anası, biri ağsaqqal, biri xəstə, hərənin bir dərdi var. Heç kim kefinin kök olmasından alver etmir. Bizi işimizdən eləməsinlər. Camaat mərkəzi qoyub, kəndə getməyəcək”.
“Əgər bura yaxşı deyilsə, təmir etsinlər işləyək”
Başqa bir satıcının sözlərinə görə, bazarı özləri təmir ediblər. Buna görə də heç yerə getməyi düşünmürlər: “Bu bazarı illərdir ki, özümüz ayaqda saxlayırıq. Əziyyətimizlə buranı təmir etmişik, iş görmüşük. Evimizə bir tikə çörək aparmaq üçün özümüzə şərait qurmuşuq. Əgər bura yaxşı deyilsə, təmir etsinlər işləyək. Ya da imkan versinlər, özümüz təmir edək. Başqa yerə getmək fikrimiz yoxdur”.
“İmkanım yoxdur, bizə toxunmasınlar, şərait yaratsınlar işləyək”
Şəhid anası Svetlana Nəsirova deyir ki, ağır xəstədir. Bu bazarda qazandığı ilə güclə dolanır: “Sakitcə alverimi etmək istəyirəm, xəstə adamam dəqiqəbaşı üstümə Təcili Yardım gəlir. Qucaq-qucaq dərman atıram. Bu bazarda qazandığım 3-4 manatla güclə dolanıram. İmkanım yoxdur, bizə toxunmasınlar, şərait yaratsınlar işləyək”.
“Polislər mənə imkan vermir ki, çörə pulumu qazanım”
Qarabağ veteranı Sahil Əkbərova piştaxtada alver etməyə imkan vermirlər: “Polislər mənə imkan vermir ki, çörək pulumu qazanım. Deyirlər ki, piştaxtada alver etmək olmaz. Səbəb kimi deyirlər ki, guya bazarın yolunu kəsirəm. İndiyə qədər hörmət edib, məndən yer haqqı almayıblar. Cəyirliyə getmək heç cürə bizə sərf etmir. Rayonda bir nəfər səsimizi eşitmir. Halımıza yanan yoxdur”.
Digər ticarətçi İbad Zeynalov da şikayətçidir: “Mənə deyirlər ki, dükanın qarşısına mal yığmayım. Küçə ticarətinə icazə yoxdur. Mən də qəbul edirəm ki, küçə ticarətinə icazə verilmir. Amma bu dükan mənim mülkiyyətimdir. Bütün sənədləri qaydasındadır. Sənəddə də yazılıb ki, dükanımın qarşısındakı ərazi mənimdir. Yəni mən burada alver edə bilərəm. Ancaq buna imkan vermirlər”.
Qeyd edək ki, Göyçayın icra başçısı Mənsur Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu olduğu bildirilir və onun himayəsinə güvəndiyi iddia edilir.