"Azərbaycan o məqama hazırlaşmalıdır"
Qabil Hüseynli: “Vyana görüşündə strateji planda Azərbaycan uddu”
Xeberinfo.com: Azərbaycan Xarici İşlər Nazirliyinin Vyana danışıqları barədə cəmiyyətə detallı informasiya verməməsi belə təəssürat yaradıb ki, sanki Qarabağ məsələsində 2-5 apreldəki savaşda əldə etdiyimiz uğur, danışıqlar masasında təkrarlanmayıb. Politoloq Qabil Hüseynli isə hesab edir ki, zahirən belə görünə bilər. Doğrudan da müəyyən informasiya qıtlığı yaşanır. Görünür, bu məsələni diqqət mərkəzində saxlamağa böyük ehtiyac var. Vyana görüşündə zahirən belə görünür ki, Ermənistanın və Rusiyanın tələbləri üstünlük qazandı.
Ola bilər ki, bu, taktiki planda onların uduşu idi. Amma strateji planda Azərbaycan uddu: “Lakin məsələ burasındadır ki, baş verən hadisələrdə mütləq geosiyasi şərtləri nəzərə almaq lazımdır.
Təsəvvür edin ATƏT-in sədri Almaniya, Minsk qrupunun həmsədrləri ABŞ, Fransa, Rusiya Vyana görüşünün keçirilməsini zəruri hesab etdilər, atəşkəs rejiminə əməl edilməsini zəruri hesab edirlər. Bu məsələdə ABŞ-ın güddüyü məqsədlərdən biri ondan ibarətdir ki, həm Cənubi Qafqazdakı Rusiya hegemonluğunu zəiflətsin, həm də Dağlıq Qarabağ münaqişəsi üzərindəki Rusiya inhisarçılığını qismən məhdudlaşdırsın. Vyana görüşündə buna müəyyən qədər nail oluna bilindi. Azərbaycan tərəfinin danışıqlar masasında oturması həm beynəlxalq ictimai rəyi test etmək məqsədi güdürdü, həm də Ermənistan tərəfini testdən çıxarmaq məqsədi daşıyırdı. Əlbəttə, belə görünə bilərdi ki, Azərbaycan tərəfi həm atəşkəs rejiminə nəzarət, həm də monitorinq üçün xüsusi qurğuların quraşdırılması məsələsində qəti şəkildə hətta şifahi razılığa belə gəlməməliydi. Amma belə olduğu təqdirdə Azərbaycan beynəlxalq ictimai rəydə xeyli xallar itirə bilərdi, danışıqlara, sülhyaratma prosesinə sadiq olmadığını nümayiş etdirərdi. Azərbaycan isə Ermənistanın son kartlarını da əlindən vurub çıxarmaq istəyir. Xüsusilə, onun qəyyumu Rusiyanın arqumentlərini sıradan çıxarmağa çalışır. Vyana görüşündə zahirən belə görünür ki, Ermənistanın və Rusiyanın tələbləri üstünlük qazandı. Ola bilər ki, bu, taktiki planda onların uduşu idi. Amma strateji planda Azərbaycan uddu. Çünki bir aydan sonra sülhyaratma prosesi başlayır. Danışıqlara yenə Ermənistan həmişəki qeyri-konstruktiv mövqeyi ilə gəlsə, yenidən qeyri-real təkliflər irəli sürsə, bu, əlbəttə Azərbaycan tərəfinin danışıqlardan çəkilməsinə səbəb olacaq. Beləliklə, həm əsl siyasi mübarizə və hərbi mübarizə məhz iyun ayında başlayacaq. Ona görə də bütün yayın çox gərgin keçəcəyinə işarə verirlər”.
Q.Hüseynli vurğuladı ki, bu gün Azərbaycan xarici siyasət xəttinin uğurlu və hücumçu xarakterdə olduğu qənaətində deyil. Amma hər halda Azərbaycan xarici siyasəti fəaliyyətinin uzaqgörən siyasət yürütdüyünü də söyləmək lazımdır: “Çünki Azərbaycan xarici siyasəti beynəlxalq ictimai rəyi formalaşdıra-formalaşdıra, tədricən dünyanın taleyini həll eləyən dövlətlərin rəğbətini qazan-qazana uğurlu siyasət aparır. Bu siyasət güman edirəm son nəticədə məsələnin həllində Azərbaycana yardımçı olacaq. Bir mühüm cəhətə diqqət yetirilməlidir ki, biz tələsməməliyik. Bu gün cəmiyyətdə "başlamışdıqsa axıra qədər getməliydik" kimi bir fikir var, amma tələsmək lazım deyil. Çünki zaman Azərbaycanın xeyrinə işləyir. Beynəlxalq ictimai rəyin dəyişməsi, Ermənistanın özündə gedən iqtisadi tənəzzül prosesləri, Ermənistanı himayə edən dövlətin özündə gedən dağılma prosesləri və digər məsələlər Azərbaycan üçün daha əlverişli strateji gələcək hazırlayır. Azərbaycan o məqama hazırlaşmalıdır. Ordu quruculuğu sürətlə davam etdirilməlidir, ordunun peşəkar və texniki cəhətdən möhkəmləndirilməsi işi sürətlə aparılmalıdır. Azərbaycan öz zamanını gözləməlidir. Burada tələskənlik və yaxud da həddən artıq böyük dövlətlərə dirəniş göstərmək xeyirdən çox ziyan gətirə bilərdi".
Politoloq Rasim Musabəyov da hesab edir ki, nəzərdə tutulan növbəti iyun görüşü sülh prosesinə hazırlıq işlərinin aparılması üçündür. Vyana görüşündən sonrakı mərhələ Ermənistana vaxt verilməsindən daha çox, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prosesə hazırlıq işləri ilə əlaqəlidir.
Hazırda həmsədrlər və sözügedən ölkələrin xarici işlər nazirləri yeni bir mətn üzərində işləyir, bəzi məqamlarla bağlı yaxınlaşdırmalar aparırlar ki, prezidentlərin məlum görüşündən müəyyən nəticələr əldə etsinlər: “Çünki bu istiqamətdə xeyli hazırlıq işlərinə ehtiyac var. İyun görüşü də məhz buna hesablanıb. Sərkisyan kimdir ki, Azərbaycana şərt irəli sürsün! Ermənistan rəhbərliyinin hazırda 7 rayonun qaytarılması üzrə mərhələli həll planı ilə razılaşmaqdan başqa çarəsi yoxdur. Bir sözlə, yeri və vaxtı hələ dəqiqləşməsə də, növbəti görüş sırf hazırlıq mərhələsidir. Sülh sazişi əldə olunan kimi Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxaracaq”.
Musavat.com