Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ziya Məmmədovla generalın səlahiyyət davası

 

Bakı şəhərində dayanma və durma qaydalarını pozan avtomobillərin həm də Nəqliyyat Nazirliyinə aid evakuatorlarla cərimə meydançasına aparılacağı, hətta nəqliyyat müfəttişlərinin bu qaydaları pozan sürücülər barəsində inzibati protokol tərtib edəcəyi barədə məlumatlar yayılmaqdadır

"Xeberinfo.com":  Bu məlumatların nə dərəcədə qanunauyğun ola biləcəyini yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovdan soruşduq. O, Avtosfer.az-a açıqlamasında həmin məlumatların əvvəllər də yayıldığını bildirdi. "Belə məlumatların nə məqsədlə yayıldığı  mənə tam aydın olmasa da, həmin məlumatlar mövcud qanunvericiliyə uyğun deyil. Nəqliyyat vasitələrinin dayanma və durma qaydalarının pozulması hallarında və bir sıra digər hallarda mühafizə olunan duracağa (cərimə meydançasına) yerləşdirməsi qaydalarını ölkəmizin İnzibati Xətalar Məcəlləsi tənzimləyir. 2000-ci ildə Milli Məclisin təsdiq etdiyi və dövlət başçısının imzaladığı həmin Məcəllənin 406-cı və 407-ci maddələrinə uyğun olaraq, nəqliyyat vasitələrinin həmin maddədə göstərilən səbəblərlə cərimə meydançasına aparılmasını yalnız Dövlət Yol Polisi həyata keçirə bilər. Başqa hər hansı qurumun, o cümlədən Nəqliyyat Nazirliyinə aid qurumların belə bir səlahiyyəti yoxdur. Nəqliyyat Nazirliyinə aid qurumun əməkdaşları tərəfindən hər hansı nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması qanunun aşkar pozulması, vətəndaşların hüquq və azadlıqlarını kobud şəkildə tapdalayan özbaşınalıq olardı.


Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarında nəqliyyat müfəttişlərinin müəyyən hallarda konkret nəqliyyat vasitəsini sərnişinlərin daşınmasından kənarlaşdırmaq səlahiyyətinin olduğu deyilir. Həmin səlahiyyətin mahiyyəti ondan ibarətdir ki, sərnişin daşıma qaydalarını kobud şəkildə pozan taksi minik avtomobili və ya avtobus sürücüsünə bu nəqliyyat vasitəsi ilə sərnişin daşımaq qadağan olunur, ona izah edilir ki, avtomobilini və ya avtobusunu sür, get evinə və ya qarajına. Bu maşınla sərnişin daşıma. Göründüyü kimi bu səlahiyyət yalnız kommersiya təyinatlı sərnişin daşıma ilə məşğul olan taksi minik avtomobillərinə və avtobuslara aiddir, özü də söhbət nəqliyyat vasitəsini yol hərəkətindən kənarlaşdırmadan yox, sərnişin daşımadan kənarlaşdırmadan gedir. Sərnişin daşımadan kənarlaşdırılan nəqliyyat vasitəsi heç bir halda mühafizə olunan duracağa aparıla bilməz. Nəqliyyat müfəttişlərinin bu səlahiyyətinin avtomobillərin cərimə meydançasına aparılması kimi təfsir edilməsi, hətta bir az da uzağa gedərək bunun istənilən avtomobilə şamil edilməsi cəhdi heç bir məntiqə və normaya sığmır. Bunun kimə və nə üçün lazım olduğunu anlamaq da çətindir. Xüsusi vurğulamaq istəyirəm ki, cərimə meydançalarının hamısı Dövlət Yol Polisinə aiddir və həmin meydançalara avtomobillər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hallarda və əsaslarla yalnız DYP əməkdaşlarının qərarı ilə gətirilərək saxlana bilər».

Yayılan məlumatın ikinci hissəsi də qanuna aşkar ziddir. Nəqliyyat müfəttişlərinin yol hərəkəti qaydalarının, o cümlədən dayanma və durma qaydalarının pozulması ilə bağlı hər hansı sürücünü məsuliyyətə cəlb etməsi, protokol tərtib etməsi qanunvericilikdə nəzərdə tutulmur. Ərşad Hüseynovun sözlərinə görə, ümumiyyətlə, yol hərəkəti qaydalarını pozan inzibati xətalara görə məsuliyyətə cəlb etmə səlahiyyəti istisnasız olaraq Dövlət Yol Polisinə həvalə edilib: «Bu barədə həm İnzibati Xətalar Məcəlləsinin tətbiqinə dair prezident fərmanında, həm inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını təsdiq edən prezident fərmanında birbaşa göstəriş vardır. Həmin fərmanların tələbini heç kəs poza bilməz. Bu fərmanların tələbindən kənara çıxmaqla tərtib olunmuş istənilən protokol və ya qərar başqasının səlahiyyətini mənimsəmə formasında özbaşınalıq, habelə vətəndaşların hüquq və azadlıqlarını pozan kobud qanunsuzluq olacaq».


Bu arada, Nəqliyyat Nazirliyi avtomobillərini qeyri-qanuni park edən sürücülərə xəbərdarlıq edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib ki, Avropa Oyunları ilə əlaqədar həm nazirlik əməkdaşları, həm də yol polisi qanunsuz parklanma ilə mübarizəni gücləndirib. Onun sözlərinə görə, yol polisi həmin maşınları inzibati qaydada cərimələsə də, bunun xeyri olmur: «Bunun üçün nəqliyyat müfəttişliyi də çalışır və avtomobili düzgün park etməyən sürücülərə inzibati protokol tərtib edilir».


Bütün bu tədbirlərin heç bir nəticə vermədiyini deyən N.Həsənov bundan sonra gücləndirilmiş iş rejimində işləyəcəklərini qeyd edib. Belə çıxır ki, qadağan olunmuş yerdə maşın saxlayanlara qarşı hər zaman Dövlət Yol Polisi (DYP) mübarizə aparsa da, artıq nəqliyyat müfəttişləri də bu işə cəlb olunacaq.


Millət vəkili Rafael Cəbrayılov «Üç nöqtə»yə açıqlamasında bildirdi ki, ödənişli parkomatlar Nəqliyyat Nazirliyinin balansında olduğu üçün hər iki qurumun bu işə nəzarət etməyə hüququ var: «Bu işin müştərək görülməsində hər hansı qanun pozuntusu olduğunu düşnmürəm. Çünki yol hərəkətinin müəyyən bir hissəsi DYP-nin, digər hissəsi isə Nəqliyyat Nazirliyinin nəzdindədir. Elə məsələlər var ki, həm o, həm də bu münasibətlərin subyektidirlər. Məsələn, sürücü Nəqliyyat Nazirliyinin müəyyən etdiyi ödənişli dayanacaqda dayanıbsa, ödəməsi ilə bağlı ictimai münasibətlərin subyekti olaraq Nəqliyyat Nazirliyi ilə təmasda olacaq. Avtobus dayanacağının qarşısında maşınını saxlaması inzibati-hüquqi münasibətlərin subyekti olacaq ki, bu da DYP-nin səlahiyyətindədir. Müştərək ictimai münasibətlər var və hər iki orqanın iştirakı ilə birgə iş görülməsi prosesin həllinə yardımçı olar. Burada qanunsuzluq yoxdur. Ödənişli parklanmalar NN-nin səlahiyyətində olan məsələdir. Yol hərəkəti qaydalarının pozulması isə DYP-yə aiddir”.


Millət vəkili onu da bildirdi ki, DYP ilə nəqliyyat müfəttişlərinin birgə reydlər keçirməsinə ehtiyac var: "Son dövrlər nəqliyyat müfəttişləri ilə sürücülər arasında baş verən insidentlərdən hər kəsin xəbəri var. Bu baxımdan, düşünürəm ki, polislə birgə reydlərin aparılması daha yaxşı olardı. O yerdə ki söhbət ictimai asayişdən gedir, yol polisi ilə müştərək reydlərin keçirilməsini alqışlayıram. Nəqliyyat müfəttişlərinin bu cür müdaxilə etməsi yeni yaranan münasibətlərdir. Bəzi insanlar bunu olduğu kimi qəbul etmir deyə, bu cür insidentlər baş verir. Düşünürəm ki, yol polisi ilə birgə iş səmərəli olacaq. Əgər kimsə maşınını düzgün park etməyibsə, ona nəqliyyat müfəttişi ilə yanaşı, yol polisi də yaxınlaşarsa, burada heç bir insident baş verməz».


İqtisadçı Vüqar Bayramov deyir ki, iş iki dövlət qurumu tərəfindən görülsə də, yığılan vəsait dövlət büdcəsinə köçürüləcək: "Məbləğin bir hissəsi Nəqliyyat Nazirliyinin və ya DYP-nin hesabına köçürülə bilər. Amma bütövlükdə, məqsəd yığılan vəsaitlərin dövlət büdcəsinə ödənilməsinə nail olmaqdan ibarətdir. Nazirliyin prosesə cəlb olunması çox güman ki, texniki məqsəd daşıyır. DYP-nin əməkdaşları praktiki olaraq say baxımından bu işi icra edə bilmirlər. Nəqliyyat Nazirliyinin əməkdaşları çox olduğundan düzgün park etməyən avtomobillərin cərimələnməsi və avtomobillərin cərimə meydançalarına aparılmasını təşkil etmək mümkün olacaq. Nazirliyin prosesə qoşulması dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarmayacaq. Hətta, güman edirəm ki, məqsəd dövlət büdcəsinə daxilolmaları artırmaqdır. Çünki DYP qanunsuz park edilən avtomobillərin cərimə edilməsini tam həyata keçirə bilmir. Amma nazirlik prosesə qoşularsa, doğru park edilməyən avtomobillərin bütövlükdə yığışdırılması prosesi say baxımından daha çox artarsa, bu, imkan verəcək ki, büdcəyə daha çox vəsaitin cəlb edilməsiə nail olunsun. Çünki yığılan vəsaitlərin əsas hissəsi hansı qurumun yığmasından asılı olmayaraq dövlət büdcəsinə ödənilir».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam