Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Milli Məclisdə- gərgin müzakirələr

Qanun layihəsi deputatlarla spikeri üz-üzə qoydu; Oqtay Əsədov: “7 dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə bir müsbət söz söyləmədiniz”

Mayın 30-da Mili Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. İlk olaraq ombudsman haqqında" və “Normativ hüquqi aktlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə komitə sədri Əli Hüseynli məlumat verdi.

Yenixeber.org: Deputat Qüdrət Həsənquliyev söz alaraq layihədə müvəkkilin Milli Məclisə qanunvericiliklə bağlı təkliflər vermək hüququnun olduğunu vurğuladı və ombudsmanı tənqid etdi: “Hələ ombudsmanın təklifi əsasında Milli Məclisdə hansısa qanunun qəbul edildiyini mən xatırlamıram”. Deputat ombudsman institutunun əhəmiyyətini artırmaq üçün qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsini zəruri saydı. Bildirdi ki, ombudsmanın təklifini öncə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə layihə təqdim etməsi məqbul olardı: “Bununla bağlı qanunvericiliyə dəyişiklik edilsə, daha yaxşı olardı”.

Spiker dedi ki, bu, ilk oxunuşdur, növbəti oxunuşlarda bu məsələyə baxıla bilər.

Konstitusiya qanunu layihəsi səsə qoyularaq 98 səslə qəbul edildi.

Daha sonra “Deputatın statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik müzakirəyə çıxarıldı.

Deputat Fazil Mustafa söz alaraq qanun layihəsində deputatların iclaslarda iştirakına önəm verilməsi ilə bağlı müddəaya münasibətini bildirdi: “Necə ki, son vaxtlar ali məktəblərdə tədrisin səviyyəsi aşağı düşdükcə, daha çox dərsə gəlib-gəlməmək məsələsi önə çəkilir və keyfiyyət kənarda saxlanılır. Təbii ki, intizamın gücləndirilməsi lazımdır. İclaslarda 3 dəfə üzrsüz səbəbdən iştirak etməməyin məsuliyyət yaratması anlaşılandır. Amma deputatın hüquqlarının gerçəkləşməsi, səlahiyyətlərinin artırılması istiqamətində də addımlar atılmalıdır. Məsələn, son vaxtların statistikası çıxarılmaldırı ki, deputatlar ayrı-ayrı qanunvericilik təşəbbüsü ilə çıxış edə biliblər? Qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanları nə dərəcədə məhduddur? Bir çox hallarda normativ hüquqi aktlarla bağlı qəbul edəndə deputat üçün maneə yaradıldı ki, bu, mütləq ekspertiza rəyi olmaqla təqdim edilməlidir. Bu da təşəbbüskarlığı xeyli aşağı saldı. Biz fəallığın da artırılmasını düşünməliyik, təkcə intizamla məsələlər həll olunmur. Keçən dəfə Ziyafət müəllim bizə irad bildirdi ki, mövzudan kənara çıxırsınız. Amma qanunvericilikdə, Milli Məclisin Daxili Nizamnaməsinin 13-cü maddəsində də göstərilir ki, çıxış etmək üçün müraciət edən şəxs çıxışa israr edirsə, protokol tərtib olunur və ona yenidən söz verilməsi təmin olunur. Bir çox məsələlərdə deputatların izahat verməsinə ehtiyac var”. F.Mustafa dedi ki, deputatların çıxış imkanından yararlana bilməməsi sonradan qanunlarda boşluqların yaranmasına səbəb olur: “Bu baxımdan xahiş edirəm ki, növbəti sessiyada deputatların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, qanunların icrasına nəzarət mexanizmində rol alması təmin olunsun”. 

Milli MÉclisdÉ ile ilgili görsel sonucu

Milli Məclisin sədri dedi ki, nizam-intizam olmazsa, məhsuldar iş də olmaz: “Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etməlidir. Xahiş edirəm, bu məsələləri ”Deputatın statusu haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın".

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqına” Sazişin təsdiq edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı isə mübahisələr də yarandı.

Deputat Fərəc Quliyev MDB ilə bağlı belə layihələrdən uzaq durulmasını, Moldova və Ukraynanın belə sazişlərə qoşulmadığını qeyd edib. Eyni zamanda sazişdə kadr hazırlığının rus dilində aparılması barədə müddəanı məqbul saymadığını söyləyib:  “Rusiya və Ermənistan ortaq ordu yaradıb. Bizim polislər, daxili qoşunlar üçün kadrlar niyə bu qaydada hazırlanmalıdır?”

Deputat Vahid Əhmədov xatırlatdı ki, bu saziş 2007-ci ildə imzalanıb: “Üstündən 12 il keçib, bu müddətdə saziş niyə Milli Məclisdə təsdiq olunmayıb? Digər tərəfdən, Gürcüstan, Ukrayna və Moldova bu sənədə imza atmayıb. İkincisi də burada rus dilində təhsil almaqdan bəhs olunur. Xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz”.

Spiker dedi ki, biz MDB-nin üzvüyük. İkincisi də tərcüməçi ilə bir-biri ilə ünsiyyətdə ola bilərlər. Ancaq ümumilikdə rus dilində öz aralarında danışa bilərlər. Spiker beynəlxalq sazişdə bir dillə bağlı məsələnin əksini tapmasının normal olduğunu qeyd etdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bunun beynəlxalq saziş olduğunu qeyd edib: “Biz nə zaman istəsək, bu sazişin yaratdığı imkanlardan istifadə edə bilərik. Azərbaycanda Polis Akademiyası var və yüksək səviyyəli kadrlar hazırlanır”. Komitə sədri dedi ki, bu məsələni çox siyasiləşdirdik və buna ehtiyac yoxdur.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

 “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi ikinci oxunuşda müzakirə olunarkən Qüdrət Həsənquliyev söz alaraq layihədəki bəzi məqamlara etirazını bildirdi: “Mərkəzi Bankla bağlı məsələ çox ciddidir. Layihəyə əsasən, Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanın icazəsi ilə Mərkəzi Bankda növbədənkənar audit apara bilər. Hesablama Palatasına belə məhdudiyyət qoyulmamalıdır. Hesablama Palatasına necə bu səlahiyyəti verməmək olar? Hesab edirəm ki, bu müddəa buradan çıxarılmalıdır. Hesablama Palatası heç kimlə razılaşdırmadan yoxlamalar aparmalıdır”.

Q.Həsənquliyev əlavə etdi ki, Hesablama Palatası hər hansı məhdudiyyət qoyulmadan Mərkəzi Bankda yoxlama aparmaq səlahiyyətinə malik olmalıdır.

Eyni zamanda Q. Həsənquliyev bundan əvvəlki qanunun müzakirəsi zamanı çıxış üçün düyməni bassa da, vaxtında çıxışa yazıla bilmədiyini bildirdi və texniki işçiləri diqqətli olmağa çağırdı.

Milli MÉclisdÉ ile ilgili görsel sonucu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qanunun 12-ci maddəsinə texniki dəyişikliyin nəzərdə tutulduğunu, Q. Həsənquliyevin isə qanunun 58-ci maddəsindən danışdığını bildirdi: “Hazırkı qanun layihəsində 58-ci maddəyə dəyişiklikdən söhbət getmir”.

 Spiker Oqtay Əsədov isə deputatın çıxışa yazıla bilməməsi barədə dediklərinə reaksiya verərək bildirdi ki, düyməni yaxşı basmaq lazımdır: “Düyməni düzgün basmamısınız, texnika səhv işləyə bilməz”.

Bundan sonra layihə səsə qoyularaq qəbul edilib.

Milli Məclis yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına icazə verilməsini nəzərdə tutan dəyişikliyi qəbul edib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2-ci maddəsinə (Qanunun tətbiq dairəsi) dəyişiklik layihəsi müzakirə edilərək qəbul olunub. Dəyişikliyə əsasən, qanunun mövcud 2-ci maddəsində nəzərdə tutulmuş yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib. Sənədin qeyd hissəsində bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Deputat Fazil Mustafa sahibkarların pozulan hüquqlarından bəhs etdi: “”Binə" və “Sədərək” ticarət şəbəkəsində 7-8 min mağaza mövcuddur. Bu, təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir. Ancaq bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir. Bu, ona bənzəyir ki, bina tikilir verilir sakinə, sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan.  Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüququ əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir". F.Mustafa yoxlamalarla bağlı dəyişiklikləri məqbul saymadı.

Deputat Qüdrət Həsənquliyev isə “Diqlas”dakı yanğını xatırladaraq dedi ki, həmin hadisədən sonra həmkarının bu dəyişikliklərə etirazını təəccüblə qarşılayıb. Ancaq o, F.Mustafanın digər fikirlərini təqdir etdi.

Komitə sədri Ziyad Sənmədzadə isə “Diqlas” yanğınından bəhs edərək dəyişiklikləri zəruri saydı.

Spiker Oqtay Əsədov F.Mustafanın fikirlərinə sərt reaksiya verdi: “Azərbaycanda islahatlar aparılır, prezident müəyyən işlər görür. Mən hələ görməmişəm ki, siz çıxışlarınızda bu barədə bir söz deyəsiniz. Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiz. Xahiş edirəm bu məsələləri çox şişirtməyin. 7 dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə bir müsbət söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”.

İclasda Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi də müzakirə olundu. Dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır.

Deputat Qüdrət Həsənquliyev söz alaraq əcnəbilərin yaşadığı ərazi üzrə qeydə alınması zərurəti barədə elanın hələ Azərbaycana enər-enməz verilməsini doğru saymadı. Bildirdi ki, ölkəmizə dincəlməyə gələn turistdə bu kimi elanlar mənfi rəy yarada bilər, həm də ölkəmizin imici baxımından normal görünmür. “Deyək ki, turist ”Hilton" hotelində qeydiyyata düşdü, amma orada qalmadı, getdi Şəkidə qaldı. Hər gün gecə yarısı hotelin qapısınımı döymək lazım gələcək, o, hoteldədir, yoxsa yox?  Məncə, bu məsələyə yenidən baxmaq lazımdır. Çünki bu, həm də siyasi məsələdir, xahiş edirəm siyasi hakimiyyətlə məsləhətli şəkildə  bu müddəaya baxılsın".

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olundu.

Qeyd edək ki, mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə parlamentin dünən keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam