Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MÜBAHİSƏLƏRİ TƏNZİMLƏYƏCƏK YENİ VASİTƏÇİ –Mediasiya haqqında qanun hansı yenilikləri gətirəcək?

İlhamə Həsənova

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasınınİntizam Komissiyasının sədr müavini,

20 saylı vəkil bürosunun rəhbəri

 

Yenixeber.org: Son  zamanlar respublikamızda aparılan hüquqi islahatları zəminində tez-tez eşitdiyimiz terminlərdən biri ” mediasiya” terminidir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Mili Məclisində ” Mediasiya haqqında ” Qanun layihəsi müzakirə olunur. Hüquqşünaslarımız mediasiya haqqında məlumatlı olsalar da, hesab edirəm ki, vətəndaşlarımızın bu sahə ilə bağlı  maarifləndirilməsi günümüzün zərurətinə çevrilib.

Hələ qədim Babilistanda və Finikiyada ticarət sahəsində mübahisələrin həllində vasitəçilərin yardımından istifadə olunurdu. Qədim Yunanıstanda da bu təcrübə mövcud idi. Roma hüququ Yustiniana Məcəlləsindən başlayaraq( bizim eranın 530-533-cü illəri) mübahisələrin həllində vasitəçiliyi tanıyırdı. Vasitəçilik anlayışını ifadə etməkdən ötrü romalılar  müxtəlif terminlərdən- internuncius, medium, intercessor, philantropus, interpolator, conciliator, interlocutor, interpres, və ən nəhayət mediator terminindən istifadə edirdilər.

Müasir anlamda mediasiya iyirminci yüzilliyin ikinci yarısından başlayaraq ABŞ, Avstraliya, Böyük Britaniya kimi ölkələrdə inkişaf etməyə başladı, sonradan isə həm də Avropada yayıldı. Bir qayda olaraq mediasiyanın hüquqda ilk tətbiqinə ailə münasibətləri sahəsində yaranan mübahisələrin tənzimlənməsi sahəsində başlanıldı. Nəticə etibarilə mediasiya geniş spektrli  mübahisələrin, o cümlədən  çoxtərəfli mürəkkəb ictimai və kommersiya sferalı mübahisələrin həllində tətbiq edilir.

Mediasiyanın tətbiqi sahələrinə  beynəlxalq və daxili korporativ mübahisələr, bank və sığorta sahəsində mübahisələr, ailə mübahisələri, əmək mübahisələri, müəlliflik hüquqları və intellektual hüquqlarla bağlı mübahisələr, təhsildə mediasiya, mədəniyyətlərarası  qarşıdurmalar  və sairə aiddir.

Hüquqda mediasiya– Tərəflərin qarşıdurmasında  neytral, qərəzsiz, maraqlı olmayan , onlara mübahisə üzrə müəyyən razılaşma əldə edilməsinə kömək edən, üçüncü şəxsin-mediatorun iştirakı ilə mübahisələrin alternativ tənzimlənməsi texnologiyalarından biridir. Bu halda  tərəflər mübahisənin tənzimlənməsi və həlli şərtləri üzrə qərar qəbul edilməsi prosesini tam olaraq nəzarətdə saxlayırlar.

Mediasiyda müəyyən şərtlər və qaydalar, hərəkətlərin, fazaların növbəliliyi mövcudddur. Mediasiya həm də aşağıdakı prinsirlərə əsaslanır:

-könüllülük;

-məxfilik;

-qarşılıqlı hörmət;

-tərəflərin hüquq bərabərliyi;

-mediatorun neytrallığı və qərəzsizliyi;

– prosedurun şəffaflığı.

Mediasiya institutu bu gün  ABŞ, Almaniya, Böyük Britaniya, Avstriya, Yaponiya, Çin, Koreya, Hindistan və sairə bu kimi ölkələrdə yaradılıb və uğurla fəaliyyət göstərir. Bir sıra ölkələrdə mediasiyaya təlabat  elə bir  həddə çatıb ki, onun qanuni tənzimlənməsi məqsədəmüvafiq, hətta zəruri olub. Azərbaycan da bu cür ölkələrdən sırasındadır. Hazırda ictimai münasibətlərin müxtəlif sferalarında  ailə, əmək ticarət və sairə sahələrdə mübahisələrin artması və bu mübahisələrin həlli məqsədilə birbaşa məhkəmələrə üz tutulması, məhkəmələrdə iş yükünün artmasına səbəb olur. Bu öz növbəsində məhkəmələrin   icraatında olan çoxsaylı mübahisələrin vaxtında və səmərəli həllini çətinləşdirir, vətəndaşların haqlı narazılığına səbəb olur. Bu problemin dünya təcrübəsində təşəkkül tapmış həlli yollarından biri mübahisələrin məhkəmədənkənar həlli yollarının işlənməsidir ki, mediasiya məhz  mübahisələrin məhkəmədənkənar tənzimlənməsidir.

Azərbaycanda bu institutun tətbiq olunması, mediasiya prosedurlarının hüquqi tənzimlənməsini və normalaşdırılmasını zəruri edir. Bu baxımdan dünya ölkələrinin mediasiya təcrübəsinə nəzər salmaq  və ölkəmizdə mediasiyanı bizə uyğun ən yaxşı təcrübə əsasında qurub inkişaf etdirmək vacibdir.

Aparıcı ölkələrin təcrübəsi nəyi göstərir?

BMT-nin Ticarət hüququ üzrə Komissiyası tərəfindən mediasiya haqqında birtipli qanun hazırlanmışdır. Həmin  qanun mediasiya prosedurunu tənzimləyən qanunların hazırlanması və modernləşdirilməsi yolunda olan ölkələrə kömək təyinatı daşıyır.

ABŞ-da mediasiya haqqında vahid qanun mövcuddur. Bu qanun əvvəllər  ölkənin müxtəlif ştatlarında mövcud olmuş, vasitəçilik fəaliyyətini tənzimləyən 2500- dən artıq Qanunu özündə cəmləmişdir. ABŞ-ın nümunəsi onunla maraqlıdır ki, bu ölkənin hüquq sistemi əksər mübahislərin məhkəməyəqədər, tərəflərin könüllü razılaşması ilə tənzimlənməsinə yönəlmişdi. Əgər hər bir halda mübahisə məhkəməyə qədər gəlib çıxmışsa, hakim prosesi saxlaya və tərəflərə qarşıdurmanı mediatorların köməyi ilə həll etməyi təklif edə bilər. Bu ölkədə iqtisadiyyat, biznes, siyasət sahəsində heç bir ciddi danışıqlar prosesi mediatorlarsız keçmir. ABŞ-da  mediasiyanın yeni metodlarını işləyib hazırlamaqla məşğul olan “Disputların həlli üzrə Milli İnstitut “yaradılmış, mediasiya üzrə xüsusi və dövlət xidmətləri fəaliyyət göstərir, mediasiya problemlərini işıqlandıran jurnallar nəşr edilir(” Mediasiya üzrə rüblük jurnal”)

Avropanın bir çox ölkələrində mediatorların vasitəçiliyi ilə mübahisələrin tənzimlənməsi iqisadiyyatın müxtəlif sahələri üzrə  razılaşmaların əldə edilməsində  alternativ üsul hesab olunur; mediasiya prosedurunu tənzimləyən qanunvericilik bazası yaradılıb, bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanması normativləri işlənib.

Neytral vasitəçilərin köməyi ilə  barışıq proseduru Böyük Britaniyada daha  populyardır, burada hətta ölkənin istəniln nöqtəsindən zəng edib qarşıdurmanın xarakterini və mediatorun namizədliyi ilə bağlı istəklərini söyləməklə, irəli sürülən tələblərə cavab verən uyğun mütəxəssislərin siyahısının əldə edilməsinə imkan yaradan telefon xidməti mövcuddur. Burada məhkəmə müdafiəsi üçün müraciət olunduğu halda,  əgər hər hansı tərəf məhkəmə tərəfindən təklif olunan mediasiya prosedurundan boyun qaçırırsa, mübahisənin həlli nəticələrindən asılı omayaraq məhkəmə xərcləri həmin tərəfin üzərinə qoyulur.

Almaniyada  mediasiya institutu ədalət mühakiməsi sistemi ilə harmoniyada qurulub. Belə ki, mediator-vasitəçilər bilavasitə məhkəmələrdə işləyirlər, bununla da potensial məhkəmə yükünün əhəmiyyətli dərəcədə azalmasına nail olunur. Bu ölkədə mediasiya təkcə ailə işləri üzrə məhkəmələrə deyil, həm də ümumi yuridiksiyalı məhkəmələrə, inzibati məhkəmələrə inteqrasiya olunub. Əksər alman hüquq məktəblərində daimi mediasiya kursları tətbiq olunur; hüquq fakultəsini bitirən hər kəs mediasiya kursu keçir.

Avstriya dünyanın mediator peşəsini peşələr nomenklaturasına daxil etmiş azsaylı ölkələrindən biridir. Burada mediatorların hazırlanmasını tənzimləyən və bu hazırlığın  normativlərini müəyyənləşdirən, mediasiya haqqında federal qanun qüvvədədir. Bununla yanaşı bu ölkənin qanunvericiliyinə əsasən məhkəmə prosesi zamanı əldə edilən mediativ razılaşma məhkəmə tərəfindn tanınır,lakin məhkəməyəqədərki mərhələdə əldə edilən bu cür razılaşma məhkəmə müdafiəsinin təsiri altına düşmür.

Mediasiya institutu Asiya ölkələrində də tətbiq olunur.

Ekspert qiymətləndirmələrinə əsasən Çində mübahisələrin 30 faizi məhkəmədənkənar qaydada həll olunur. Bu ölkədə Koreyada olduğu kimi, mediasiya çərçivəsində əldə edilən və müəyyən olunmuş qaydada (arbitraj məhkəmələrində baxılan işlər üçün müəyyən olunan qaydada) təsdiq edilən razılaşma məhkəmə qərarı qüvvəsinə malikdir və icra sənədinin icrası qaydasında icra olunur. Bu prosedura  həm mediasiya yolu ildə əldə edilən razılaşmaların icrasına dövlət məcburetməsi, həm də bu cür bu razılaşmaların qanuniliyinə nəzarət  imkanını yaradır.

Vasitçilik prosedurları, o cümlədən mediasiya, Yaponiyada geniş yayılıb. Yaponiyanın işgüzar dairələrinin mübahisələrin həllinin alternativ metodlarına meyilliyi ənənəvi olaraq etik məsələ, yəni, bu ölkədə qarşıdurmaların həlli üsulu kimi dövlət məhkəməsinə  üstünlük verilməsinin neqativ  qarşılanması ilə  bağlıdır.

Hindistanda mediasiya nəticəsində əldə edilən razılaşma, bu prosedurun  artıq mövcud məhkəmə icraatı çərçivəsində həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, münsiflər(arbitraj)qərarları ilə eyni qüvvəyə malikdir.

Honqkonqda  mediasiya nəticəsində əldə edilən razılaşma o zaman Hindistandakı kimi anoloji qüvvəyə malik olur ki, tərəflər arasında mübahisələrin münsiflər (arbitraj) məhkəməsində baxılmasına dar razılaşa mövcud olsun. Bu zaman belə hesab edilir ki, tərəflər hansısa səbəbdən mediasiya prosedurunu seçiblər.

Mediasiyanın  mövcud olduğu və uğurla tətbiq olunduğu yuxarıda göstərilən ölkələrin təcrübəsi   hərtərəfli hesab olunmur, ona görə də  hazırda bütün dünyada  mübahisələrin həllində mediasiyanın tətbiqi və mediasiya prosedurunun həyata keçirilməsi xidmətlərini göstərən ixtisaslaşmış təşkilatların yaradılması üzrə aktiv iş aparılır.

Azərbaycanda hüquq islahatları istiqamətində atılmış əhəmiyyətli addım

Xarici ölkələrin müsbət təcrübəsi Azərbaycanda da vətəndaşların və təşkilatların hüquqlarının və qanuni maraqlarının qorunmasına yönəlmiş, mübahisələrin həllinin alternativ üsulu kimi mediasiyanın tətbiqinin inkişaf perespektinin mövcudluğunu söyləməyə imkan verir.

Məhkəmələrin icraatında olan mübahisələrin barışıq yolu ilə tənzimlənməsinə dair mülki prosessual məsəllənin  müvafiq normalarından xaric, bu günədək Azərbaycanda mediasiyaya dair normativ akt mövcud olmayıb. Lakin 2006-cı ilin yanvar ayından ölkədə Avropa Komissiyasının dəstəyi ilə Azad İstehlakçılar İttifaqı tərəfindən yaradılan, isehlakçılara hüquqi yardım-mediasiya mərkəzləri fəaliyyət göstərir. Mahiyyətçə bu mərkəzlər istehlakçılarla istehsalçılar arasında mübahisələrin həlli ilə məşğul olur. Mediasiyanın inkişafı sahəsində həmçinin vasitəçilik və digər formada bir sıra təşkilatlar fəaliyyət göstərir. Bunlardan biri Azərbaycan Arbitraj və Mediasiya Mərkəzidir. 25 oktyabr 2012-ci ildə Bakıda ” Arbitr və mediatorlar daxili və Beynəlxalq mübahisələrin həllində” mövzusunda Beynəlxalq Konfrans keçirilib. Bu Konfransda müxtəlif ölkələrin ekspertləri mübahisələrin həllinə arbitraj və mediasiyanın inteqrasiyası sahəsində təcrübələri ilə bölüşmüşlər.

Hazırda Azərbaycanda  “Mediasiya haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisin müzakirəsinə verilib. Yeni qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir. Bu qanun mübahisələrin həllinin alternativ üsulu kimi mediasiyanın təşkili sahəsində ictimai münasibətləri nizama salır, onun prinsiplərini və həyata keçirilməsi qaydlarını, həmçinin mediatorların statusunu müəyyənləşdirir. Qanunun 3-cü maddəsinə əsasən mediasiyanın məqsədləri mübahisənin həllinin tərəfləri qane edən variantının əldə edilməsi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılmasıdır. Qanun layihəsinə əsasən Mediatorların reyestrinə daxil edilən və mediator funksiyasını yerinə yetirməyə razılıq verən, mediasiya tərəflərinin qarşılıqlı razılığı ilə seçilən, işdə marağı olmayan, qərəzsiz, müstəqil fiziki şəxs mediator ola bilər. Mediator fəaliyyətini yaşı 25-dən aşağı olmayan, ali təhsilli, mediatorların hazırlıq proqramı üzrə təlim keçdiyini təsdiqləyən sertifikata malik və peşəkar mediatorların reyestrinə daxil edilmiş şəxslər həyata keçirə bilərlər.   İşə məhkəmədə baxılmasınadək mübahisənin tənzimlənməsi haqqında bağlanan saziş tərəflərin mülki hüquq və vəzifələrinin yaranması, dəyişməsi və ya xitamına yönələn əqd hesab olunur. Belə sazişin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bu saziş   tərəflərin onu imzaladığı gün qüvvəyə minir

İş üzrə məhkəmə prosesinin gedişində mediasiyanın keçirilməsi zamanı əldə edilmiş mübahisənin tənzimlənməsi haqqında saziş dərhal icraatında iş olan məhkəməyə göndərilir. Həmin saziş məhkəmə tərəfindən təsdiq edilir və təsdiq edildiyi vaxtdan qüvvəyə minir.   Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Qanun layihəsi mediasiya institunun inkişaf etdyi ölkələrin müsbət təcrübəsi əsasında və  BMT-nin Ticarət hüququ üzrə Komissiyası tərəfindən mediasiya haqqında birtipli qanun  uyğun olaraq hazırlanıb. Layihəyə əsasən mediasiya mülki, əmək və ailə hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur.

Hesab edirəm ki, mediasiya institutunun Azərbaycanda tətbiqi  hüquq islahatlar istiqamətində atılmış əhəmiyyətli addımdır. Bu sahədə əhalinin maarifləndirilməsi vacib şərtdir, çünki mediasiya  o zaman uğurla tətbiq oluna bilər ki, cəmiyyətin hər bir fərdi bu prosesi öyrənsin və şüurlu şəkildə qəbul etsin. Mediasiya haqqında yüzlərlə məqalə yazmaq olar, ancaq mənə elə gəlir ki, insanlar mübahisələrinin  əməkdaşlıq atmosferi, əməkdaşlıq strateqiyası, prosedura nəzarət və eşidilmək imkanı yaradan mediasiya qaydasında həllinin rahatlığını hiss etməlidirlər ki, bu instituta etibar etsinlər. Dünyanın bir çox ölkələrində  qarşıdurmaların  mediasiya qaydasında həlli komfort, maraqların tanınması və özünəhörmət hesab olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam