İNSANLARI HƏYATDAN «MÜALİCƏ» ELİYƏN «KOSKA»!
Xeberinfo.com: Uzun illər Azərbaycan dövlət səhiyyə sistemini sarmış köklü problemlərdən silsilə məqalələr yazmışam – qeybət yazmamışam, problemlərin üstünə getmişəm. Əli İnsanov vəzifəsindən azad olunandan sonra – onun yerinə Oqtay Şirəliyev adlı birisi təyin olunanda – yazdım ki, bir qədər gözləyək, görək bu kişi nə yapır?
Bir müddət gözlədim. Müşahidələrim göstərdi ki, bu kişidən bir haray olmayacaq və acı təbəssümlə, Əli müəllimin dədəsinə rəhmət oxumağa başladım. Şirəliyev, İnsanovdan qalmış «yarımcan» səhiyyə sisteminin lap «iliyini vurdu». Bir daha anladım ki, bu zavallı ölkədə «Artur hökuməti» dəyişməsə, Şirəliyevlərdən və digərlərindən nə isə müsbət addım gözləmək ağılsızlıqdan başqa bir şey deyil…
İndi Azərbaycan dövlət səhiyyə sistemi deyilən fəaliyyət sahəsi göz qabağındadır – göz qabağındakı «göz dağı»! Əli İnsanovun nazir olduğu illərdə zavallı, bədbəxt insanları «pullu tibbi xidmət» adı ilə soyurdular. Sonra Şirəliyev rəsmi şəkildə etiraf etdi ki, dövlətin səhiyyə müəssisələrində «pullu xidmət» qanundankənar bir zaddır (2008).Fəqət, bu soyğunçuluq kağız üzərində ləğv olundu, realda isə bir qədər də şiddətləndi. Bu şiddət ildən-ilə artdıqca, əhaliyə göstərilən tibbi «xidmət»in keyfiyyəti elə həmin şiddətlə düşür. Nə qədər qəribə olsa da bu fonda hər il dövlət büdcəsindən səhiyyə sisteminə ayrılan vəsaitin həcmi artır. Bu zaman məntiqi sualla üz-üzə qalırıq: Bəs, pullar hara, nəyə məsrəf olunur? Bunu səhiyyə nazirindən soruşmaq lazımdır – mütləq lazımdır!
Bu yazdıqlarıma əmin olmaq üçün tək bircə ünvana ötəri bir «səfər» etmək kifayətdir – Milli Onkoloji Mərkəzə. Dövlətin qanunları ilə burada onkoloji xəstələrə pulsuz (dövlət hesabına) xidmət göstərilməlidir. Nə yazıq ki, bu da yalnız kağız üzərindədir və bu tibb müəssisəsində heç bir vicdan əzabı çəkilmədən, hətta ölüm ayağında olan xəstələrdən də müayinə adı altında iri məbləğlərdə pul tələb olunur və alınır! O xəstələrdən ki, təkcə solmuş çöhrəsinə baxmaqla, artıq son saatlarının yaxınlaşdığını müəyyən etmək olar. Nə yazıq ki, personal ölüm ayağında olan xərçəng xəstəsinin qanını analiz edir və pul alır – guya ki, onun xərçəng olub-olmadığını müəyyən edəcəklərmiş. Bunu bir misal olaraq yazdım – əksər dövlət səhiyyə müəssisələrində eyni vəziyyət hökm sürür. Məqsədim isə bir başqadır…
İşlər elə gətirdi ki, xəstələndim – şəkər xəstəsi oldum, yəni ki, şəkərli diabet. Bunu Bakı şəhərinin poliklinikalarından birində aşkarladılar. Laboratoriyada analiz üçün 2 manat verməli oldum. Sonra getdim «endokrinoloq» deyilən həkimin qəbuluna. Analizimin nəticəsinə baxdı, resept yazdı və guya təkrar yoxlanmaq üçün Respublika Endokrinoloji Mərkəzinə göndərdi. Hələ uçota alınmadığım üçün dərmanları öz pulumla almalı oldum. Getdim «mərkəz»ə. Cavan bir xanım məni qəbul elədi, göndərişimə baxdı və məni laboratoriyaya göndərdi. Burada «qanımı aldılar» və beləcə dedilər: Analizin nəticəsi saat 12-də məlum olacaq (təxminən, səhər saat 09:30 radəsi olardı), amma 2 manat verə bilsən 2 dəqiqəyə hazır olar. Çarə yox idi – 2 manatı verdim, «nəticə»mi aldım və qayıtdım həkimin yanına. Baxdı, balaca bir kağız parçasına nə isə yazıb verdi, poliklinika həkiminə verməyimi tapşırdı və məndən 5 manat istədi – verdim. Bütün məsuliyyətimlə bildirirəm ki, adına həkim deyilən bu zat heç məndən soruşmadı ki, ağrıyan bir yerin varmı?!
Qayıtdım poliklinikaya, kağızı verdim. Həkimim baxdı. Məni uçtoa almağın mümkün «yolları» barədə mənə lazımi bilgi verdi və 50 manat istədi. Sonra pulsuz «aparat» da verəcəyini dedi. Əlli manatı da verdim. Heyrət elədim – bu həkim də məndən ağrıyıb-ağrımadığımı heç soruşmadı! Bu «prosedur»un nəticəsi o oldu ki, həkim bundan sonra mənə pulsuz dərman almaq (diabeton və siofor) üçün xüsusi reseptlər yazmağa başladı. Bütün bunlar 2014-cü ilin avqustunda baş verib. Bu gunə qədər də səhhətimdə yaxşıya doğru heç nə dəyişməyib – elə həmin ağrı-acını özümlə gəzdirirəm.
Bir neçə kəlmə də pulsuz dərman almaq «proseduru»ndan danışım. Endokrinoloq həkim resepti yazır, möhürün vurur və daha bir möhür vurulmaq üçün baş həkimin qəbul otağına göndərir. Burada reseptləri qeydiyyata almaq üçün xüsusi kitab açıblar – hər bir resepti kitaba yazandan sonra, xəstəyə imza etdirirlər. Reseptə isə baş həkimin möhürünü vururlar. Amma bu, hələ sonu deyil. Birinci dəfə elə zənn etdim ki, bütün bu üzücü «prosedur»dan sonra dərmanları yerindəcə ala biləcəm. Heyhat! Necə deyərlər – «ölmüşdü Xankişi…». Sən demə dərmanları almaq üçün başqa bir poliklinikaya «rəsmi səfər» etmək lazımdır – şəxsiyyət vəsiqəsi ilə. Naşı olduğum üçün buraya saat 16:00 radəsində gəldim. Dərman verilən otaq açıq olsa da, dərmanlarımı vermədilər – mənə «izah etdilər» ki, buraya saat 15:00-ə qədər baş vurmaq lazımdır. «Suyum süzülə-süzülə» geri dönməli oldum. Beləliklə, bu «çalışma»lara bir günümü xərcləməli oldum – halım isə bir qədər də pisləşdi. Başıma gələnləri saf-çürük edərkən belə qənaətə gəldim ki, bu kontingent insanları müalicə etməyə yox, onlara əzab verməyə köklənib, vəssalam…
Bilirsiniz, hələ bunlar da hamısı deyil. Bir neçə gün bundan qabaq yenə poliklinkada oldum – reseptimi aldım (bütün prosedurları səbrlə keçdim) və getdim obiri poliklinikaya. Nə eşitsəm yaxşıdır? Dərmanlarımdan biri – «siofor» yoxdur! Bir telefon nömrəsi verdilər ki, arabir zəng vurub soruşum, dərman gələndə, mən də gəlim və alım. Heyrətləndim! Bəs, dərman gələnə qədər necə olsun? Mənə izah elədilər ki, apteklərdə var – pulunu verib, ala bilərsən. Bu da oldu Oqtay Şirəliyevin diabet xəstələrinə pulsuz dərman verməkliyi…
Mən başıma gələnlərdən qısaca söhbət açdım… və ardınca Allahıma dua eləməyə başladım ki, hələ ki, əlim-ayağım (və digər orqanlarım) yerindədir – Azərbaycan «həkim»ləri çaşıb, məni diabetdən «müalicə etmək» əvəzinə, qolumu-ayağımı (hətta başımı!!!) kəsməyiblər!
Bütün bunlarla yanaşı, böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, «Azərbaycan dövlət səhiyyə sistemi» deyilən bu «bataqlıq içində» vicdanlı-savadlı-təcrübəli həkimlər də yox deyil. Amma onlar bu «bataqlıq»da sadəcə, boğulurlar! Çünki sistem NAQİSDİR!
Dünyada «rəsmi təbabət» deyilən fəaliyyət sahəsinə yönəlik belə bir fikir var ki, çağdaş rəsmi təbabət qarşısına xəstəlikləri müalicə edib, xəstəni sağaltmaq məqsədi yox, xəstəliyin sürətini azaltmaq (xəstənin ömrünü uzatmaq) məqsədi qoyur. Azərbaycan dövlət səhiyyə sistemi isə bir başqa aləmdir və insanları xəstəliklərdən yox, «həyatdan müalicə» etməyi qarşıya məqsəd olaraq qoyub!!! Bir atalar məsəlində deyilir: «Allah dağa baxar, qar yağdırar…». Bu məntiqlə yanaşsaq, aydın olar: Heç təsadüfi deyil ki, bu «koska»ya məhz erməni artist Armen Cigərxanyanın «yaxın qohumu» Oqtay Şirəliyev rəhbərlik edir!
Buradan insanlarımıza bir çağırış etmək istəyirəm: Siz, həyatınızdan «müalicə» olunmaq istəyirsiniz?! Bəsdir, inert oldunuz – hərəkətə keçin, haqqınızı tələb edin!
Səhiyyə nazirindən isə soruşmaq haqqım var: Oqtay bəy, dərmanlarımızı niyə vermirsən?!
Mirzə AĞ