Redaktor seçimi
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Günün xəbəri

“Cahandar ağanın oğlu” övladının faciəsindən xəbərsiz öldü... –HƏYAT HEKAYƏTİ

news content


“Yuxu” kimi yaşayıb, “Ölüm növbəsi”ni “Axırıncı dayanacaq”da qarşılayan adamın nağıl kimi həyatı

Yenixeber.org: Həyat dramaturji materialdır. Proloqu, gedişatı, kulminasiyası, finalı, epiloqu belə olan, birimizdə faciə, o birimizdə komediya, çox vaxt faciəli komediya janrında yoğrulmuş material. 

…Və o, heç kimdə yarımçıq qalmır, sadəcə hekayətin kiçik həcmli, böyük həcmli olanı var. Kimin həyatı romana, kimininki hekayəyə bənzəyir. Hamımız hansısa əsərin qəhrəmanlarıyıq, obrazdayıq, missiyamız var. Bunlar hamısı da əvvəlcədən yazılıb qoyulub - kodlaşdırılıb. Damar tıxanmasından ölməlisənsə, limonlu-zəncəfilli su içmək bu kodu dəyişməyəcək… 

Həyatdı də… Türkiyənin tanınmış ssenaristi, rejissor və aktyoru Zeki Demirkubuz deyir: “Barmağımı kəssəm, tragediyadır. Qapağı açıq kanalizasiyaya düşüb ölməyim isə komediya”. Gəl indi ayırd elə, əslində hansı faciədir, hansı komediya və baxır kimin üçün. 

Həyatın kodlaşdırılmasından elə-belə danışmadım. Haqqında söhbət açdığım sənətkarın yaradıcılığına baxıram, elə bil, incəliklə sapa düzülüb, ya da toxunub... 

Fikrət Balağa oğlu Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olmazdan əvvəl valideynləri Pirşağıda yazıçı - kinorejissor Həsən Seyidbəyli ilə qonşuluqda yaşayırdılar.  Fikrət bərəkətli və çal-çağırlı Abşeron torpağında, üstəlik, Həsən Seyidbəylinin qonşuluğunda böyüyürdü. Uşaq Abşeron üzümlüklərinin yarpağını, üzümünü qurudub dəftər arasında saxlamaqla bərabər, rastlaşdığı həyat hadisələrini də sinə dəftərinə qeyd edirdi. Axtaranda Həsən Seyidbəylinin həndəvərində tapardın. Rejissorun kino barədə, çəkilişlər haqqında maraqlı söhbətlərini içinə çəkərək dinləyərdi. Elə uşaqlıqdan arzusu kinorejissor olmaq idi.

Bu arzu onu M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna aparıb çıxarır. Orada da bəxti gətirir, teatr və kino aktyorluğu fakültəsində professor Adil İsgəndərovun sinfinə düşür. Evdə Həsən Seyidbəylidən, institutda Adil İsgəndərovdan kinonun əsas sirlərini öyrənir, qalanını da Moskva Dövlət Kinematoqrafiya İnstitutunda iki illik kurslarda keçir. Ona qədər Azərbaycan kinosunun və kinostudiyasının Adil İsgəndərovun əllərində çiçəklədiyi vaxtlarda təyinatla orda işləməyə başlayır. İnstitutu bitirdiyi 1966-cı ildən ömrünün sonuna kimi bircə iş yeri olub - C.Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyası.   

O vaxtlar Adil İsgəndərov rəhbərlik etdiyi kinostudiyada iki illik “Kinoaktyor” kursu açmışdı. Sonradan həmin kursun yetirmələri Azərbaycan kinosunun qaymaqları olacaqdı. Əbdül Mahmudov, Ənvər Həsənov, Şahmar Ələkbərov, Telman Adıgözəlov, Nuriyyə Əhmədova, Almaz Əsgərova, Sonaxanım Mikayılova, Ötkəm İsgəndərov, Əliqulu Səmədov, Eldəniz Rəsulov və başqaları.

Kursu başa vuranların əksəriyyəti sənətində peşəkar olmaq üçün həm də Moskvada ÜDKİ-da təhsil alırdılar. Bu ard-arda məktəblər kinoda peşəkarlığın ardıcıllığını təmin edirdi. Bu yerdə “bəs indi, indi bu sahədə hansı addımlar atılır? Niyə o kinomuz bu vəziyyətə düşdü” - deyə yazmaq istəyirəm, amma əslində yazıda bunlar var, həm də mövzu Fikrət Əliyevdir. Ruhu şad olsun... 

Aktyor Fikrət Əliyev ilk dəfə 1967-ci ildə əsilzadə rejissor Şamil Mahmudbəyovun “Torpaq. Dəniz. Od. Səma” filmində təyyarəçi Murad obrazına çəkilib. Hələ aktyor kimi ekranla bu filmdə tanış olurdu. Ardınca rejissor Arif Babayev onu “İnsan məskən salır” filminə mühəndis roluna dəvət edir. Həmin filmdə onun rejissorluğa hədsiz marağını görən Arif Babayev Fikrət Əliyevi özünə assistent götürür. Bu yaradıcılıq tandemi sonradan “Uşaqlığın son gecəsi” (1968), “Gün keçdi” (1971) bədii filmlərində ikinci rejissor qismində davam edib. 

Aktyor Fikrət Əliyevin isə ilk böyük rolu 1969-cu ildə rejissor Hüseyn Seyidzadənin İsmayıl Şıxlının romanı əsasında ekranlaşdırdığı “Dəli Kür” filmində Şamxal olur. 

Deyəsən, baş rola çəkiləndən sonra düşünür ki, bundan da yuxarısı rejissorluqdur. Adil İsgəndərov onu özünün xahişi ilə Moskva Dövlət Kinematoqrafiya İnstitutuna ali rejissorluq və ssenari kursunda oxumağa göndərir.  

Təhsilini başa vurub qayıdan rejissor diplom işi ilə uşaqlıq arzusunu həyata keçirir, Abşeron həyatından film çəkir. 

1974-cü ildə yazıçı Elçinin ssenarisi əsasında “Baladadaşın ilk məhəbbəti” filmini ekranlaşdırarkən uşaq vaxtı qeydlər apardığı həyat hekayələrini də ssenariyə daxil edib: “Mən hər yay Pirşağıdakı bağımızda çox hadisələrin şahidi olurdum. Yaddan çıxmasın deyə gördüyüm və eşitdiyim əhvalatları özüm üçün qeyd edirdim. Amma heç düşünməmişdim ki, bu yazdığım cızma-qaralar “Baladadaşın ilk məhəbbəti” adlanan diplom işimdə karıma gələ bilər”.

70-ci illər Fikrət Əliyevin yaradıcılığında məhsuldar il oldu. Bir-birinin ardınca rejissor T.İsmayılovun iki filmində - “Çarvadarların izi ilə” (1974) və “Vulkana doğru” (1976 - 1977), rejissor E.Quliyevin “Ürək, ürək” (1976) filmlərində, rejissor C.Fərəcovun “Arvadım mənim, uşaqlarım mənim” novellasında ikinci rejissor kimi çalışır. “Mozalan” satirik kinojurnalı üçün müxtəlif vaxtlarda və janrlarda 10 kinosüjet çəkir.

Diplom işindən sonra ikinci, həm də böyük filmini, İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında Mirzağa Mirmövsümovun senarisi ilə, “Qızıl uçurum”u çəkməyə başlayır. Melodram janrında yazılmış ssenarini Fikrət Əliyev, demək olar, yenidən işləməli olur. Çünki rejissor özü dəfələrlə deyib, mövzunu hiss etməsə, onu çəkə bilməzdi. 

1981-ci ildə Vilnüsdə keçirilən XIV Ümumittifaq kinofestivalında quruluşçu rejissor Fikrət Əliyev “Uğurlu debütə görə” prizinə və diploma layiq görülür.

Sonra… çox uzun və üzücü bir fasilə… Fikrət Əliyev artıq öləziməkdə olan böyük bir tonqalın – “Azərbaycanfilm” kinostudiyasının ağuşunda müxtəlif işlərdə çalışıb. Ömür boyu divarları arasında nəfəs aldığı kinostudiya onun evinə çevrilmişdi, orda hər iş onun üçün kinoya nəfəs verə biləcəyi ümid olurdu. 

Bu minvalla, 1994-cü il gəlib çıxır. Kinostudiyanın qaranlıq dəhlizləri birdən-birə onun üçün işıqlanır - Fikrət Əliyevə “Yuxu” komediyasını çəkmək tapşırılır. Özünün də iştirakı ilə Qasım Səfəroğlunun yazdığı ssenari üzrə çəkdiyi filmdə hadisələr yenə Bakı kəndlərinin birində baş verir. 

Yadıma rejissor Rasim Ocaqovun fikri düşür. Deyirdi, yaşamadığım hadisəni çəkə bilmirəm, gərək yaşayam ki, mənə doğma gəlsin. 

Fikrət Əliyev də əsasən yaşadıqlarını ekranlaşdırıb. Yəni öz mühitini, həyatını. Həyatını demiş, çəkdiyi  “Ölüm növbəsi” və “Axırıncı dayanacaq” da həyatının son illərini əhatə edir… Bu barədə sonra, hələlik qarşıda 2000-ci illərdir. 

Həmin illər Fikrət Əliyev dayanmadan çalışıb. 2003-2008-ci illərdə Lider TV-nin dublyaj şöbəsində rejissor işləyib. Müxtəlif xarici filmlərin ana dilimizə peşəkarcasına dublyaj edilməsində iştirak edib. 

Elə həmin illər yazıçı İlqar Fəhmi ilə birlikdə iki “Ölüm növbəsi” və “Axırıncı dayanacaq” filmlərinin ssenarisini yazıb, çəkilişə başlayır. 

Hadisələrin Bakı ətrafında Abşeron kəndlərində baş verdiyi “Ölüm növbəsi” filmi reallıqla irreallığın, həyatla ölümün, yuxuyla ölümün kəsişməsini və bu məfhumlar arasındakı sərhədlərin itməsini təsvir edir. Tamaşaçı izlədiyi hadisələrin nə zaman, harada baş verdiyini, ya da heç baş verməyib, bunun hansısa yuxu, sayıqlama olduğunu sona qədər də dəqiqləşdirə bilmir. Elə filmin əsas qayəsi də budur ki, insanların reallıq kimi qəbul etdiyi aləmin əslində mütləq olmadığını, tamaşaçını zamanın və məkanın nisbiliyi, həyatla ölüm, yuxuyla həyat arasındakı sərhədin nə qədər anlaşılmaz olduğu barədə düşündürsün.

Bu film üzərində iş tamamlanıb, ilk yayımı olandan sonra rejissor Fikrət Əliyev özündə-sözündə olmur. Pessimizmə qapılır, tez-tez ölüm barədə, öləcəyi barədə fərziyyələr danışır, vəsiyyət edirdi. 

Ondan sonra çəkdiyi film - “Axırıncı dayanacaq” kinokomediya olsa da, onu faciə kimi çəkir. Deyir, bu, mənim də axırıncı dayanacağımdır. 

Filmdə “Qocalar evi”ndə yaşamalı olan keçmiş gəmi kapitanının həyatından bəhs olunur. Filmi işləyərkən rejissor 2000-ci ilin əvvəllərində bir ay Buzovnadakı “Qocalar evi”ndə qalır. Onların həyatı ilə yaşayandan sonra deyir ki, burdakı insanların taleyinə biganə qalmaq mümkün deyil. Hətta onlardan hər biri haqqında ayrıca film çəkmək də olar. “Axırıncı dayanacaq” filmində onları göstərib. Filmdə  rejissor tamaşaçını gülərək düşünməyə, düşünərək insan olmağa təşviq edir. “Axırıncı dayanacaq” cəmiyyətin diqqətini bəşəri mövzuya yönəltmək məqsədi daşıyır.

Komediya olsa da, yenə düşündürücü və sarsıdıcıdır. Fikrət Əliyevin ruh dünyasında bu da izsiz ötüşməyib. Filmdə özü də epizodik rolda çəkilən Fikrət Əliyev “bu da son rolum olacaq” - deyib. Hətta dostu, Xalq artisti Şamil Seleymanovu da çağırıb ki, gəl son rolumun çəkilişində iştirak et. O da gəlməyib…

Film festivallara gedir, Fikrət Əliyev isə yatağa düşür. Ailəsi həkimə aparır, bütün analizlərdən, yoxlamalardan sağlam çıxır. Həkim ona “heç nəyin yoxdur, tam sağlamsan” - deyir, rejissor isə vəsiyyətini edir, özünə məzar yeri müəyyənləşdirir.

Bir qızı, üç oğlu, xanımı onun əlindən tutub həyata qaytarmaqda çətinlik çəkirlər, adam üzünü çevirib getmək meylində olur. Nəhayət, bu bədbinlik onu amansız xəstəliyə-xərçəngə aparır. 

2016-cı ilin fevralında mətbuatda xəbər yayılır ki, Fikrət Əliyevin İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü oğlu Rəşad Əliyev itkin düşüb. Bir neçə gündən sonra onun meyiti Xəzər dənizində aşkarlanır. 

Bu vaqeədən Fikrət Əliyevin xəbəri olmur. Həmin vaxt o, özü ölümlə həyat arasında çarpışırdı. Düz 2016-cı ilin 8 martına qədər. O gün Fikrət Əliyev ölümə təslim olur. Ondan cəmi bir neçə gün əvvəl, fevral ayında həyata əlvida deyən oğlunun ölümündən xəbərsiz... 

Amerikalı kinorejissor Stenli Kubrik deyir: “Cinayətkarlara və sənət adamlarına qarşı məndə qəribə bir həssaslıq var. Heç biri həyatı olduğu kimi qəbul etmir. Hər bir həzin hekayə real həyatdakı hadisələrlə təzad təşkil etməlidir”.

Bəs, həyat bu qədərmi filmə bənzəyər...?

Filmoqrafiyasında 16 film var, irili-xırdalı, Rejissor, assistent, ikinci rejissor, həmçinin aktyor kimi rol aldığı filmlər də az deyil. Potensialı isə daha çox idi. Təhsili, üstəlik, peşəkarlığı içində asılı qaldı, həyatda əksini tapa bilmədi. Fikrət Əliyev çox həssas adam olub, həmkarları onun öləcəyi barədə verdiyi xəbərdarlığı bununla bağlayırlar ki, həssas idi, ürəyinə dammışdı. Məncə, elə deyil, insan həyatdan küsüb və getməsi üçün kainata mesaj göndərib. Kainat onu götürüb. Götürüb ki, biz itirək,, bizi cəzalandırıb.  

Andrey Tarkovskiyə görə, sənətin məqsədi ən çox insanı ölümə hazırlamaqdır, onu daxili dünyasının ən gizli yerindən vurmaqdır. Bizim hekayədə sənət onu yaradanı-rejissoru ən gizli yerindən vurur.

Bu sonluq dürüst, vicdanlı, saf adamların - sənətkarların alın yazısıdır…

Hamımız sadəcə “Yuxu” kimi yaşamaqla “Ölüm növbəsi”nə dayanırıq, “Axırncı dayanacaq”da son rolumuzu oynayırıq. Həyat belə kodlaşdırlıb, heç vaxt dəyişmir…(pressklub)

Ramilə Qurbanlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam