Nağıl üzərindən gerçəkləşdirilən TERROR:
Gecə yuxusundan öncə söylənən sirli-sehirli nağıllar uşaqların hərtərəfli inkişafı üçün ən azı ana qayğısı qədər önəmlidir. Bu vaxtadək nağılların uşaq orqanizmi üzərində müsbət təsiri elmi cəhətdən tam araşdırılmamışdı.
Yenixeber.org: Son günlərdə “Psychological Science” jurnalında dərc olunan araşdırma tibb dünyası üçün əsl sıçrayış oldu. Belə ki, pediatr, psixoloq və psixoterapvtlərdən ibarət mütəxəssislərin iştirak etdikləri bu araşdırmada nağılların uşaq şüuruna, bütövlükdə vücuduna faydaları sadalandı.
Məlum olub ki, gecələr uşaqların dinlədikləri nağıllar onların yaddaşını gücləndirməklə yanaşı, yaradıcılıq bacarıqlarını formalaşdırır. Eləcə də valideynlərlə övladları arasındakı bağları möhkəmləndirir. Bundan əlavə, nağıl dinləyərkən balacaların söz bazası zənginləşir. Belə ki, pedoqoqların bir qrup azyaşlı ilə apardıqları təcrübədən bəlli olub ki, onlar nağıl kitablarındakı bir çox yeni kəliməni valideynlərilə gündəlik ünsiyyət zamanı istifadə etmirlər. Odur ki, hər gecə yatmazdan əvvəl eşitdiyi bu sözlər yaddaşlarına hopur və söz ehtiyatları genişlənir.
Amerikalı alimlər həmçinin iddia edirlər ki, hər gecə nağıl dinləyən 3-5 yaşlı uşaqların sol beyin yarımkürəsi daha fəal inkişaf edir. Tibbdən də məlum olduğu kimi, sol beyin yarımkürəsi, nitq, təsəvvür, qavrayış kimi xüsusiyyətləri formalaşdırır və onun sürətli inkişafı birbaşa bu faktorlara müsbət təsir göstərir. Nağıllar həmçinin övladlarımızın əsəblərini sakitləşdirir, sinir sisteminə müsbət təsir göstərir. Valideynlərilə ünsiyyət isə birbaşa təhlükəsizlik hissini daddırır, cəsarətlərini gücləndirir.
Ən maraqlı sual da burdan doğur. Bəs azyaşlı uşaqlarımızın hərtərəfli inkişafı üçün onlara hansı nağılları oxumayılıq? Alimlər düşünürlər ki, körpə yaşlarında valideyn seçimi özü edə bilər. Lakin 3 yaşdan böyük uşaqlar dinləmək istədikləri nağılla bağlı özləri qərar vermək iqtidarındadırlar.
Bəs bu gün Azərbaycan folklorunun önəmli tərkibi olan nağıllarımız kifayət qədər təbliğ olunurmu? Yeni nağıl kitabları nəşr edilirmi? Ümumiyyətlə xalq nağıllarımız haqda nələri bilirik? Bütün suallarımızı AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Şakir Albalıyevə ünvanladıq.
- Şakir bəy, bu gün Folklor İnstitutu nağılarımızın təbliği yolunda hansı işlər görür?
- İnstitutumuz 2003-cü ildən bəri fəaliyyət göstərir. Folklorşünaslarımız bölgələrimizə səfər edir, xalqın dilindən, yazılı mənbələrdən nağılları toplayırlar. Sonra mərkəzimizdə yazıya köçürüb, kitab şəkilində dərc edirik.
- Bəs Folklor İnstitutu 2003-cü ildən fəaliyyət göstərirsə, Qarabağ ərazisinə xas olan nağıllarımız itmir?
- Xeyr. Biz Tərtər, Ağcəbədi və Bərdə rayonlarında oluruq. Həmçinin məcburi köçkünlərimizin kütləvi yaşadığı ərazilərə gedirik. Xüsusən də yaşlı nəslin nümayəndələrilə söhbət edir, lazımi məlumatları toplayırıq. Bu yaxınlarda 10 cildlik "Azərbaycan nağılları" kitabını nəşr etmişik.
- Maraqlıdır, bölgələrimizə xas nağıllar hansı özəlliklərinə görə bir-birindən fərqlənir?
- Məsələn, Şəki zonasına aid nağıllar daha şən əhvalda, lətifəyə yaxın tərzdə olur. Tovuz-Qazax bölgəsinin nağıllarında ozan, aşıq personajlarına daha çox rast gəlirik. Yadıma düşmüşkən sizə sırf Qarabağ nağıllarında rastlaşdığım bir hissəni danışım: “Tanrı insan yaratmaq fikrinə düşür və torpağın yanına gəlir. Səndən bir hissə qoparıb, insan yaradacam, deyir. Torpaqsa buna etiraz olaraq nərə çəkib etiraz edir. Yalvarıram, məni belə incitmə, ətimdən qoparsan bu ağrıya dözməyib, öləcəm. Bu hadisə iki dəfə təkrarlanır. Üçüncü səfər Tanrı torpağa söz verir ki, ondan yaradacağı insanı elə özünə də qaytaracaq. Belə də olur. İnsan doğulur, yaşayır və yenidən ölüb torpağa qarışır". Məhz bu ibrətamiz əhvalat yalnız Qarabağ nağıllarına xasdır. Bundan əlavə dialekt, şivə fərqi də önəmli yer tutur.
- Azərbaycan nağılları hər zaman “Biri vardı, biri yoxdu” ifadəsilə başlayır, amma fərqli şəkildə sonlanır. Məsələn, “Onlar yedi, içdi, yerə keçdi, siz yeyin, için dövrə keçin”, “40 gün, 40 gecə toy edib, şənləndilər”, “Göydən 3 alma düşdü, biri mənim, biri sənin, biri dinləyənin” “Göydən 3 alma düşdü, biri mənim, biri özümün, biri də nağıl söyləyənin” və s.
Azərbaycan nağıllarının öz formulu var: giriş, hadisələrin gedişatı və sonluq. Bu bütün xalqların nağıllarına aiddir. Haqlısınız, giriş hissə adətən “Biri vardı, biri yoxdu” ifadəsindən ibarət olur. Sonluqsa müxtəlif ola bilər. Alma adətən sevgi, vüsal rəmzi sayılır. Bir növ qəhrəmanların sevgisinə qovuşub, vüsala yetişməsinə işarə olur. Lakin bu sonluqda böyük hikmət axtarmağa ehtiyac yoxdur. Çox vaxt uşaq nağılın sonunu heç eşitmədən yuxuya dalır.
- Şakir bəy, fikrimcə, nağıllar tək uşaqlar üçün nəzərdə tutulmayıb. Çünki folklorumuzda bir sıra qorxulu, mifik personajlar, açıq-saçıq fikirlər, qəddarlıqla mübarizə olsa belə, qanlı savaş səhnələr var ki, bunları danışıb övladımın yuxudan öncə sinir sisteminə mənfi təsir etmək istəməzdim. Xüsusən indiki azyaşlılar daha həssas və düşüncəlidirlər. Bəs nağılları sistemləşdirəndə bu faktora önəm verirsiniz?
- Mən də bir folklorşünas kimi nağıllarımızın yalnız uşaqlar üçün olduğunu düşünmürəm. Bu bizim keçmişimiz, əcdadlarımızın güzəranıdır. Nağıllar kütlə üçün nəzərdə tutulub. Bizim vəzifəmiz onları araşdırmaq, tapıb, kitab halında cəm etməkdir.
- Mən isə sıravi vətəndaş kimi təklif edirəm ki, nağıl kitabları satışa buraxılmadan öncə psixoloqlar, pedoqoqlar sizinlə əməkdaşlıq etsinlər. Yaş həddi mütləq nəzərə alınsın...
- (Gülür) Fikrinizlə razıyam...
- Tarix boyu din, hakimiyyət xalq nağıllarımıza təsir edibmi?
- Əlbəttə, edib. Nağıllarımızda daha çox atəşpərəstliyin təsiri var. Buna misal olaraq bir çox nümunələrdə əsas personajların Günəş və Ay olduğunu qeyd edə bilərəm. İslam dini ölkəmizdə yayılandan sonra isə molla və qazilər nağıllarımzın əsas qanun keşikçiləri olub. Şah obrazı isə bütün dövrlərdə müqəddəs şəxs, Tanrının yerdə kölgəsi kimi təsvir edilib. Lakin Sovet dövründə nağıllarımız təhrifə uğrayaraq, molla və qazilər rişxənd obyektinə çevrilib, şahlar isə qəddar və amasız obraz kimi tanıdılıb. Bu isə birbaşa ateizmin təbliği, xalqın dövlətçilik ruhunun öldürülməsi idi. Lakin mədəniyyəti, folkloru güclü olan millətin şüurunu uyutmaq mümkün deyil.
- Yəqin ki, nağıllarımızın dəqiq sayı bilinmir.
- Mən statistikaya qarşıyam. Hazırda institutumuzda araşdırmalar davam edir, hər gün yeni mənbə tapıb, qeyd edirik. Odur ki, bizim işimiz rəqəmlərlə deyil, milli dəyərlərimizlədir.
***
Bu mövzuya toxunduqsa, müasir nağıl yazarlarının fikrini də mütləq öyrənməli idik. Növbəti həmsöhbətimiz müasir nağılların yazarı Sevinc Nuruqızıdır.
- Sevinc xanım, müasir nağılların qəhrəmanları hansı personajlardır?
- Digər ölkələrin nümunəsində baxsaq, belə personajlar saysız-hesabsızdır. Hər ölkə ədəbiyyatının özünəxas qəhrəmanları var. Sedrikdən, Karlsondan, Maşadan tutmuş, Mikki Mausa,Vinni Puxa kimi... O ki qaldı bizim uşaqlara, elə bizim uşaqların da nağıl və cizgi film qəhrəmanları yuxarıda sadaladıqlarımdır. Belə çıxır ki, Azərbaycan uşağı üçün nağıl yazan yoxdur?! Tam ""yoxdur" demək olmaz. Azdır, amma var. Sadəcə, bizdə bir problem var. Cəmiyyət öz uşağına yazar axtarmır, uşaq da öz yazarını tapa bilmir. Onu hər gün məktəblərdə görüşlərdə, televiziya və radio verilişlərində, onlayn TV-lərdə, qəzet və jurnallarda görmür. Kitablar çox az tirajlarda nəşr olunur, satışı təşkil edilmir. Kimin mənim və yaxud digər uşaq yazarının kompüterində yazılıb üst-üstə qalaqlanmış şeir və hekayələrdən xəbəri var? Kitabları 500 nüsxə ilə çap olunmuş uşaq yazarını cəmi 500 nəfər tanıya bilər... Və yaxud pulu və nüfuzu hesabına tanınan bir yazarın bir neçə kitabından sonra kimsə belə nəticəyə gəlir ki, bizdə yazan yoxdur.
O ki qaldı dünya uşaq ədəbiyyatı nümunələrinə, onlarda təqdir ediləsi çox əsər var. Axı dünya böyükdür. Onun şərqi, qərbi, cənubu, şimalı var. Skandinaviya ölkələri, ABŞ, Yaponiya, Türkiyə, Rusiya... Təbiidir ki, bütün bu ölkələrdə birlikdə götürəndə bizdən çox yazar və əsər olar...
Mən özüm də dünya uşaq ədəbiyyatını çox oxuyur, tərcümə edib uşaqlara çatdırıram. Gözəl əsərlər çoxdur. Amma uşaqlara təqdim etmək üçün bu əsərlər diqqətlə araşdırılmalıdır. Məsələn, Amerika yazıçısı Sem Makbratninin “Mən səni çox, lap çox sevirəm” adlı bir hekayəsi var. O bala dovşanın anasına sevgi etrafıdır. Kiçik bir hekayədə uşaqlara böyük sevgi haqqında inanılmaz səmimiyyətlə danışılır. Amma dünya ədəbiyyatında elə əsərlər və elə yazıçılar var ki, onları bizim cəmiyyətdə böyüyən uşağa vermək olmaz. Məsələn, Pernilla Stalfelt. Baxmayaraq ki, bu İsveç yazıçısı uşaq ədəbiyyatı sahəsində ən ünlü hesab edilən Astrid Linqrid mükafatına layiq görülüb, onun yazdıqları bizim uşaqlar üçün yolverilməzdir. Onun ən müxtəlif hisslər haqqında ən iyrənc təsvirləri hansı cəmiyyətdəsə mükafata layiq görülə bilər, amma bizdə oxunmağı belə qadağan edilməlidir. Belə nümunələri yenə gətirə bilərəm. Amma düşünürəm ki, bu bəs edər...
- Niyə nağıllarımıza maraqlı cizgi fimləri çəkilmir? Uşaqlarımızın sevib, həvəslə baxa biləcəyi müasir nağıl personajları yoxdur...
- Cizgi filminin çəkilişi olduqca çətin, istedad, zəhmət və vəsait, yeni texnoloji avadanlıq tələb edən bir işdir. Bütün bunların əksəriyyəti ya yoxdur, ya da yetərincə deyil. Ortaya zəif nümunə qoymaq hər bir halda təqdir olunmur. Çünki bu günün uşağını zəif məhsul ilə cəlb etmək absurddur. Amma bu arzu həmişə bizimlədir. Ötən il Mədəniyyət və Turizm Nazirliyi ilə "Azanfilm"in birgə müsabiqəsi təşkil edilmişdi. Müsabiqə “Mənim ideyam var” adlanırdı. Məqsəd çoxseriyalı cizgi filminin çəkilməsi üçün süjet axtarışı idi. Həmin müsabiqənin qalibi mənim 23 bölümdən ibarət “Qaz balası Qaqa” adlı nağıl-povestim oldu. Amma hələ serialın çəkilişi haqqında söhbət getmir. Yəqin arzularla imkanlar üst-üstə düşmür. Uşaqlarımızı böyük məmnuniyyətlə buraxmışıq aqressiya ilə dolu cizgi filmlərinin ixtiyarına. Deyirik, nəyə istirlər, qoy baxsınlar. Sonra fəsadını cəmiyyət yaşayacaq. Bir nəsil rus, ingilis kimi düşünən azərbaycanlı böyüyəcək. Çünki göz açıb onların canlandırdığı qəhramanları izləyiblər. yaxşı bir deyim var: “Bu gün uşaq, sabah – xalq”.
- Nağıl yazarkən uşaqların yaş həddini nəzərə alırsınızmı?!
- Təbii ki... Amma deyim ki, maraqlı nağıl bütün yaşlarda diqqət cəlb edir. Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulmuş nağıllar müəyyən mənada giriş rolunu oynayır. Ədəbiyyata giriş, elə cəmiyyət həyatına giriş deməkdir. Bu da uşağın ilk oxuduğu kitabla başlayır. Böyük oxucu ilə kiçik oxucunun fərqi də ondadır ki, ikinciyə kitabı kimsə, məsələn, valideyn, seçib alır. Yəni kiçik oxucunun zövqü böyüklərin hesabına formalaşır. Pis kitab uşağın dilini, zövqünü, hadisələrə baxışını, həyata münasibətini korlayır. Uşaq ədəbiyyatında naşı ədəbiyyat naşı həkimin müalicəsinin təsirinə bənzəyir. Böyüməkdə olan nəsil, hansısa yazarın əsərini oxuyub həmin mövzuya köklənir, o istiqamətdə inkişaf edir. Ona görə bu problemin həlli valideynlərin üzərinə düşür. Ona görə uşaq ədəbiyyatı mətbuatda, televiziyada təbliğ olunmalıdır və heç olmasa, valideyn hansı uşaq yazarının, hansı nəşriyyatın onun uşağı üçün çalışdığını bilsin. Elə nəşriyyatlar var ki, nəşr etdiyi hər bir kitaba məsuliyyətlə yanaşır, yəni "bizdə çap olunursa, yaxşı olmalıdır" prinsipinə üstünlük verir. Bu nəşriyyatlar uşaq ədəbiyyatının qoruyucularıdır.
- Adətən hansı sonluqlarla bitir nağıllarınız?
- Nağıllar xoşbəxt sonluqla bitməlidir. Bəs nəyə görə adına nağıl deyilir? Nağıllar insanın arzularıdır. Özünə, yaxınlarına, dostlarına. Arzular nağıllara xoşbəxt sonluq gətirməlidir. Kim pis son arzu edər ki?.. Gecə yuxusu nağılları ələxüsus. Sevgi ilə, sevinclə, səadətlə sona yetməlidir ki, bu nağılın davamı onun yuxularını rahat, xoşbəxt edə bilsin. Fin yazıçısı və illüstratoru Markis Mayaluomanın məsləhətini xatırlatmaq istəyirəm: “Onu yanınızda oturdun, onun saçlarının ətrini çəkin sinənizə (körpənizin saçlarının ətrinin necə şirin olduğunu siz məndən daha yaxşı bilirsiniz), onun ürək döyüntülərini eşidin, dayanmadan hərəkət edən balaca barmaqlarına baxın, onu necə sevdiyinizi hiss edin və yalnız bundan sonra ona oxuyacağınız kitabı açın”.
- Bəs göydən düşən almalar mövzusunun bir hikməti varmı?
- Alma insanın arzusudur. Hər nağıl onun uşaq arzusu üçün göydən tokülən almalarla bitir. Hətta o zaman uşaq hiss etmir ki, bu almalardan onun payına heç nə düşmür. Nağılçı onu elə ustalıqla bölür ki, nəticə haqqında düşünülmür. Hətta diqqətlə dinləyən uşaq belə bu almaların üçünün də bəzən nağılçının payına düşdüyünün fərqinə varmır. Çünki uşaq o alma yağışının təsiri altındadır. Necə ki, nənələr deyərdi:"Yatmayın, yatmayın, indi durub səhəngdəki qarpızı kəsəcəm". Bu deyildiyi anda heç bir uşaq düşünmür ki, qarpız səhəngin o dar boynundan necə girib, çıxacaq. Uşaq ilk eşidəndə bunu sehrli bir proses kimi qəbul edir. Uzun qış gecəsi, səhəngdəki qarpız və yaxud, az getdi, üz getdi, iynə yarım yol getdi... İlk anda uşaq iynə yarım söz birləşməsinə əhəmiyyət vermir. Yolun uzunluğu haqqında düşünür. Ona iynə yarım yol illərlə gedilən bir yol kimi gəlir. Bütün bunlar uşaq təfəkkürünü inkişaf etdirən üsullardır.
Nağıllarımız Azərbaycan şifahi xalq ədəbiyyatının önəmli qoludur. Əsrlər boyu fitri yaddaşa sahib olan şəxslər müxtəlif məclislərdə toplaşan kütləni əyləndirmək üçün də nağıl söyləyərmişlər. Ümumiyyətlə uşaqdan böyüyə xalqımızn təfəkkürünün formalaşmasında nağılların böyük rolu var. Odur ki, texxnologiya dövründə yaşasaq da, azyaşlıları nağıl dinləmək zövqündən məhrum etməməliyik.