Tərcümə müəlliflik hüququna əsas verirmi? -ŞƏRH
Tərcüməçilik fəaliyyətinin tarixi çox qədimdir. Onun tarixi Qədim Misir dövrünədək gedib çıxır. Məlumdur ki, insanlar arasında əlaqələrin genişlənməsi yazılı tərcüməyə olan tələbatın da yaranmasını labüd etmişdir. İlk yazılı tərcümələr əsasən papirus kağazları üzərindəki heroqliflər olmuşdur. Həmin vaxtlardan bu günədək tərcümə prosesi davam etməkdədir.
Yenixeber.org: Dünyada tərcüməçilik fəaliyyəti ilə məşğul olan çoxsaylı insanlar olub və bu gün də vardır. Buraya peşəsi tərcüməçi olanlarla bərabər, hobbi kimi bu işlə məşğul olanları da göstərmək olar. Bunlar içərisində hətta məşhur yazıçıları da görmək mümkündür. Məsələn, tərcümə prosesi ilə məşğul olan məşhurlara alman şair-dramaturqu Yohann Volfqanq Göteni, ingilis şairi və yazıçısı Vilyam Şekspiri, amerikan pedaqoqu və yazıçısı Qlenn Vilyam Şounu, Azərbaycan şairləri Əhməd Cavadı, Abbas Səhhəti, Səməd Vurğunu, Azərbaycan yazıçısı və alimi Abbasqulu ağa Bakıxanovu, Saxa yazıçısı Leonid Popovu və digərlərini nümunə göstərmək olar.
Hüquq elminə, daha dəqiq desək, mülki hüquq elminə gəldikdə isə, tərcümə hüququ iqtisadi dəyərə malik olduğundan bu hüquq müəllifin əmlak hüquqularına daxil edilir. Sözügedən hüquq müəlliflik hüquqlarından biridir və ölkəmizin mülki qanunvericiliyində hələ sovet dövründə belə mövcud olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan SSR-in 1964-cü il tarixli qüvvədən düşmüş Mülki Məcəlləsinin 487-489-cu maddələri tərcümə hüququ ilə bağlı mülki hüquq münasibətlərini tənzimləyirdi. Qeyd edək ki, tərcümə hüququ ilə bağlı müddəalar Azərbaycan SSR-in 27 may 1973-cü il tarixdə “Ümumdünya Müəlliflik hüquqları” Konvensiyasına (Cenevrə, 6 sentyabr 1952-ci il) qoşulması ilə əlaqədar mülki qanunvericiliyimizə daxil edilmişdir. Adı çəkilən konvensiyanın 5-ci maddəsində təfərrüatlı şəkildə tərcümə hüququ ilə bağlı məsələlər nizama salınır.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsindən isə aydın olur ki, “tərcümələr” törəmə əsər hesab edilir. Həmin qanuna görə digər törəmə əsərlərinə həmçinin aşağıdakılar daxildir: dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi.
Adı çəkilən qanunun 15-ci maddəsi isə birbaşa şəkildə əsəri tərcümə etmək hüququnu əmlak (iqtisadi) hüquqları sırasına aid edir.
Qanunun 6-cı maddəsinə görə törəmə əsərlər müəlliflik hüququnun obyekti sayıldığından, deməli, tərcümə əsərləri də ölkəmizdə hüquq-mühafizənin təminatı altındadır. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, haqqında bəhs etdiyimiz qanunun 7-ci maddəsi rəsmi sənədləri (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər) və onların rəsmi tərcümələrini müəlliflik hüququ ilə qorunmayan obyektlər sırasına aid etdiyindən rəsmi sənədlərin rəsmi tərcümələri hüquq-mühafizənin təminatı altına düşmür.
Qanunun 11-ci maddəsinə əsasən tərcüməçinin və digər törəmə əsər müəlliflərinin etdikləri tərcüməyə, dəyişməyə, aranjemana və digər yenidən işlənmələrə müəlliflik hüququ tanınır. Tərcümə edilən, dəyişilən, aranjeman edilən, yaxud başqa cür yenidən işlənən əsərlərin müəlliflərinin hüquqları saxlanılmaqla, tərcüməçi və digər törəmə əsər müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir.
Tərcüməçilərin və digər törəmə əsər müəlliflərinin müəlliflik hüququ həmin əsərlərin başqa şəxslər tərəfindən tərcüməsinə və yenidən işlənməsinə mane olmur.
Qeyd edək ki, tərcümə hüququ ilə bağlı münasibətlər xarici ölkələrin qanunvericiliyi ilə də nizama salınır. Məsələn, ABŞ-da 1976-cı il tarixli “Müəllif hüquqları Qanunu”na (“Copyright Act”) görə tərcümə hüququ müəllifin “törəmə əsər yaratma” hüququnun bir hissəsi kimi tanınır və törəmə əsər, o cümlədən tərcümə müəllifin orijinal əsərinin dəyişdirilmiş və ya yeni bir formada təqdim olunmasıdır. Qanuna görə əgər müəllif tərcümə hüququnu lisenziyalaşdırmazsa, əsərin icazəsiz tərcüməsi müəllif hüquqlarının pozulması kimi qəbul edilir.
Böyük Britaniyada 1988-ci il tarixli “Müəlliflik hüququ, Dizayn və Patent Aktı”na (“Copyright, Designs and Patents Act”) görə əsərin tərcüməsi “adaptasiya” hesab edilir və müəllifin icazəsi olmadan tərcümə qadağandır.
Almaniyada 1965-ci il tarixli “Müəllif Hüquqları Qanunu”na (“Urheberrechtsgesetz”) görə tərcümə hüququ müəllifin əsəri dəyişdirmə hüququnun bir hissəsi kimi qəbul edilir və tərcümə yalnız müəllifin yazılı icazəsi ilə mümkündür. Almaniya müəlliflik hüquqları sahəsində çox sərt tələblər müəyyən edən ölkələrdəndir və əsərin tərcüməsi müəllifin iqtisadi və mənəvi hüquqlarını pozursa, bu ciddi hüquqi məsuliyyət yaradır.
Tərcümə hüququ ilə bağlı məsələləri tənizmləyən analoji qaydalar digər ölkələrdə (Rusiya, Çin və s.) də mövcuddur.
Ümumilikdə götürdükdə, deyə bilərik ki, tərcümə etmək əsərdən istifadə olunmanın üsullarından biridir. Bu üsulun mahiyyəti isə ondan ibarətdir ki, orijinal, yəni əsas əsər yarandığı dildən doğru, dəqiq, dürüst və təhrifə yol verilmədən başqa dilə çevrilir. Buradan isə o nəticəyə gəlmək olar ki, tərcümə hüququ dedikdə, orijinal (əsas) əsəri öz yarandığı dildən səhih, olduğu kimi, düzgün və yanlışlığa yol vermədən başqa dilə çevirmək imkanı başa düşülməlidir. Deməli, tərcüməyə əsərin dil formasını dəyişdirmək demək olar. Çünki bu zaman əsərin forması həm məzmun baxımından, həm də stil baxımında orijinal dildən fərqli dildə ifadə edilmiş olur.
Tərcümə hüququ özündə aşağıdakı imkanları ehtiva edir:
1. Müəllif yaratdığı əsəri özü tərcümə etmək səlahiyyətinə malikdir – Bu zaman müəllifin özü subyekt olmaq imkanı əldə etmiş olur.
2. Müəllif öz əsərinin tərcüməsindən istifadə etmək, ondan faydalanmaq səlahiyyətinə malikdir – Bu zaman müəllif tərcümə əsərinin surətini çıxarmaq, yaymaq, təbliğ etmək və s. kimi imkanlar əldə etmiş olur.
3. Müəllif öz əsərini başqa şəxsin tərcümə etməsinə icazə vermək səlahiyyətinə malikdir – Əsərin qorunmadığı hallar istisna olmaqla, hər bir halda əsərin başqa dilə tərcümə olunmasına yalnız müəllifin razılığı ilə yol verilir. Təbii ki, bu zaman razılıq alan tərcüməçi də subyekt olur. Lakin dünya təcrübəsinə nəzər salsaq görərik ki, məsələn, ABŞ-da tərcümə hüququ ilə bağlı müəyyən hallarda “ədalətli istifadə” (“fair use”) prinsipi tətbiq edilir. Bu prinsipə görə tərcümə hüququ müəyyən ictimai maraq güdən qeyri-kommersiya məqsədli istifadə üçün (təhsil, tədqiqat və s.) icazə verilmədən də həyata keçirilə bilər. Lakin bu prinsip ABŞ-da çox məhdud hallarda tətbiq olunur və müəllifin hüquqularını ciddi şəkildə məhdudlaşdırmır. Oxşar institut “ədalətli mübadilə” (“Fair Dealing”) adı ilə Böyük Britaniyada da mövcuddur.
4. Müəllif tərcümədən başqa şəxslərin istifadə etmələrinə razılıq vermək səlahiyyətinə malikdir – Bu zaman müəllif tərcümənin surətinin çıxarılmasına, yayılmasına, başqa dilə tərcümə edilməsinə icazə vermiş olur.
Əsərin başqa dilə tərcümə olunmasına dair öz razılığını müəllif əksər vaxt tərcüməçi ilə müqavilə bağlamaq yolu ilə ifadə edir. Təbii ki, bu zaman müəllif, bir qayda olaraq, öz əsərinin eyni ilə tərcümə olunmasına başqa şəxslərə icazə vermək hüququnu da özündə saxlayır. Lakin dərhal qeyd edək ki, bunun tərsi də ola bilər. Məsələn, tutaq ki, o müqavilə ilə öz üzərinə belə bir öhdəlik götürə bilər ki, müəyyən müddət ərzində tərcümə hüququnu başqa şəxslərə verə bilməz. Həmçinin müqavilə müəllifi belə bir hüquqla təmin edə bilər ki, o, tərcümə olunmuş əsərə dəyişikliklər və ya əlavələr etsin, yaxud da əsərdən ayrı-ayrı hissələri ixtisas etsin və s.
Maraqlı məsələlərdən biri müəllifin vəfat etməsindən sonra tərcümə hüququnun onun vərəsələrinə keçib-keçməməsi sualıdır. Əlbəttə, bu cür hallarda əsərin başqa dilə tərcümə edilməsinə yalnız vərəsələrin razılığı ilə yol verilir. Vərəsələr isə bu məsələdə yalnız orijinal əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddət ərzində razılıq verə bilərlər. Həmin müddət keçdikdən sonra əsərin başqa dilə tərcümə olunmasına vərəsələrin razılıq verməsi tələb olunmur, çünki qüvvədə olma müddəti keçmiş əsər müəlliflik hüququ ilə qorunmur.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində isə müəlliflik hüququnun qüvvədə olma müddəti nəzərdə tutulmuşdur. Həmin maddəyə görə müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.
Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Adı çəkilən qanunun “müəlliflik hüququnun xüsusi müddətləri”ni nizama salan 26-cı maddəsində isə təsbit edilir ki, Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır.
Əgər göstərilən müddətdə anonim və təxəllüslə dərc edilmiş əsərin müəllifi öz şəxsiyyətini açarsa və ya onun şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona 25-ci maddənin 1-ci hissəsinin müddəaları tətbiq edilir.
Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır.
Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 70 il müddətində qüvvədə qalır.
Kollektiv əsərə sözü edən Qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqlar belə əsərin dərc edildiyi, əgər dərc edilməmişdirsə, yaradıldığı tarixdən 70 il müddətində qüvvədə qalır.
Bəs, əgər qanun müəlliflik hüququnun qüvvədə olma müddətini konkret təzimləyirsə, bu müddət ötdükdən sonra məsələ necə həll olunacaqdır? Tutaq ki, uzun zaman əvvəl vəfat etmiş yazıçıların (məsələn, Nizami Gəncəvi) və digər şəxslərin əsərlərinin tərcüməsi üçün kimdən razılıq alınmalıdır?
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidat sayılır.
Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).
Azərbaycan folkloru nümunələri “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunur.
İctimai varidata keçmiş əsərlərdən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin adı çəkilən Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları gözlənilməlidir.
Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə görə əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahsı aşağıdakı kimidir: Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Aşıq Qurbani, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Aşıq Abbas Tufarqanlı, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Aşıq Ələsgər, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əhməd Cavad, Mikayıl Müşfiq, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əzim Əzimzadə, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Əliağa Vahid.
Görəsən, tərcüməçi tərcümə etdiyi əsərə müəlliflik hüququ əldə edirmi? Qeyd edək ki, orijinal (əsas) əsərin başqa dilə tərcümə edilməsi müəyyən hüquqi nəticələr doğurur . Bu nəticə isə yeni – törəmə və ya asılı əsər yaradılmasından ibarətdir. Yuxarıda da qeyd etdiyimiz kimi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu törəmə əsəri müəlliflik hüququnun obyekti olan əsərlər sırasına aid etdiyindən bu hüquq qanunla qorunur və hüquq mühafizə ilə təmin edilir. Belə olan halda isə törəmə əsər müəllifi, yəni tərcüməçi yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir. Bu isə o deməkdir ki, tərcüməçi onun etdiyi tərcüməyə müəlliflik hüququna malikdir. Onu da qeyd edək ki, tərcüməyə orijinal (əsas) əsər müəllifi də müəlliflik hüququna malikdir. Belə halda törəmə əsər hesab edilən tərcüməyə eyni vaxtda həm orijinal (əsas) əsər müəllifinin, həm də tərcümə müəllifinin, daha dəqiq desək, tərcüməçinin müəllifliyi yaranır ki, bu hüquq ədəbiyyatında ikiqat müəlliflik hüququ termini ilə ifadə olunur. İkiqat müəlliflik hüququ iki şəxsin onların birgə əməyi ilə yaradılmayan eyni bir əsərə eyni anda əldə etdiyi müəlliflik hüququ olduğunu ehtiva edir. Amma unudulmamalıdır ki ikiqat müəlliflik hüququ şərikli müəlliflik hüququ yaratmır. Çünki tərcümə orijinal əsərin müəllifi ilə tərcüməçinin birgə səyləri nəticəsində ərsəyə gəlmir. Tərcümə ikiqat müəlliflik hüququnu meydana çıxardığına görə tərcümədən istifadə olunması məsələsi hər iki müəllif – orijinal əsər müəllifi ilə törəmə əsərin (tərcümənin) müəllifi, yəni tərcüməçi tərəfindən həll olunur. Buna görə də tərcümə əsərindən yalnız orijinal əsərin müəllifinin icazəsi ilə faydalanıla bilər. Eyni zamanda tərcüməçi orijinal əsərə müəlliflik hüququ əldə etmir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, törəmə əsər olsa da, tərcümə əsəri tərcüməçinin yaradıcılıq əməyinin nəticəsində yaradılmalıdır. Başqa sözlə, tərcüməçi əsəri kreativ fəaliyyəti nəticəsində ərsəyə gətirməlidir. Ona görə də tərcümə əsəri yalnız yaradıcılıq xüsusiyyətlərinə sahib olarsa, o, müəlliflik hüququnun obyekti hesab edilir və qanunvericliklə qorunur. Məhz bu səbəbə görədir ki, hərfi tərcümə yaradıcılıq əlamətlərindən məhrum olduğuna görə onlar hüquqi müdafiə vasitələri ilə mühafizə olunmurlar. Çünki hərfi tərcümələr sadəcə əsərin sətir-sətir tərcüməsi edilməsi prosesidir və bu zaman heç bir yaradıcılıqdan söhbət gedə bilməz. Hərfi tərcümə zamanı tərcümə olunan mətn orijinal mətnə demək olar ki, çox yaxın olur.
Tərcümə hüququ ilə bağlı hüquq pozuntusuna gəldikdə, hər şeydən əvvəl deməliyik ki, bu hüquq müəlliflik hüququnun bir növüdur. Məsələyə bu prizmadan yanaşdıqda müəlliflik hüququnun pozulmasına görə inzibati xətalar və cinayət qanunvericiliklərinin məsuliyyət nəzərdə tutduğunu görürük. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə görə müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Burada “az miqdarda ziyan vurduqda” dedikdə, qanunvericiliyə görə min manatadək olan məbləğ anlaşılır. Düzdür, bu inzibati xətanın sanksiyasından aydın görünür ki, həmin maddə pirat əsərlərlə bağlı olan müəlliflik hüququnu və ya əlaqəli hüquqları pozma zamanı tətbiq oluna bilir. Lakin dolayısilə tərcümə hüququnun pozuntusundan qaynaqlanan piratçılıq fəaliyyəti də yarana bilər ki, bu zaman sözügedən inzibati xəta pozuntusu meydana çıxa bilər.
Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci maddəsinə görə müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
Maddədə “xeyli miqdar” dedikdə isə min manatdan artıq olan məbləğ başa düşülür.
Qeyd edək ki, sözügedən cinayət əməli təkrar törədildikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər tərcümə hüququndan yaranan mübahisələr mülki hüquqi xarakterli (keyifiyyətsiz tərcümə və s.) olarsa, o zaman birbaşa məhkəmədə iddia qaldırmaq yolu ilə hüquqi problemin həllinə çalışmaq olar.
Sonda bir məsələyə də toxunmaq maraqlı olardı. Məlum olduğu kimi cəmiyyətin sürətli inkişaf edir və artıq rəqamsal informasiya dövrünü yaşayırıq. Belə bir dövrdə tərcüməçilik fəaliyyəti ilə təkcə insanlar məşğul olmur. Müxtəlif proqramlar (“Dilmanc”, “Microsoft Translator”, “Polyglot” və s.), saytlar (translate.google.az, “Amazon translate”, “Papago” və s.), eləcə də süni intellekt (“chat gpt”, “DeepL” və s.) də tərcümə işi ilə məşğul ola bilər. Özü də belə tərcümələr insan fəaliyyəti nəticəsində ərsəyə gələn tərcümə işlərindən heç də geri qalmır, hətta bəzən onlardan daha mükəmməl belə ola bilir.
Hazırkı dövrdə insan fəaliyyəti nəticəsində deyil, texnoloji avadanlıqların vasitəsilə həyata keçirilən tərcüməçilik fəaliyyətinin hüquqi tənzimləməsi artıq zərurətdən qaynaqlanır. Təəssüf ki, bu proses indiki dövrdə hələ ki, ləng gedir. Amma yaxın gələcəkdə sözügedən proseslərin hüquqi baxımdan təfsilatlı nizama salınmasının gerçəkləşməsi mümkün olacaqdır.