İkiqat veteran, kosmos fatehi, senator –77 yaşında ikinci dəfə kosmonavtlıq edən Con Qlennin uzun həyatı
Üçüncü-Birinci, onu çox vaxt belə təqdim ediblər, dünyada kosmosu fəth edən üçüncü, Amerika Birləşmiş Ştatlarında isə birinci şəxs. Sovet kosmonavtları Yuri Qaqarin və German Titovdan sonra kosmosa məhz o “səfər” edib, Con Qlenn...
Yenixeber.org: Con Qlenn sovet vətəndaşı olsaydı, yəqin ki, kosmosu fəth etmək arzusunu gerçəkləşdirə bilməyəcəkdi. Amerikadan fərqli olaraq SSRİ-də kosmosa uçuşa namizədlərə mütləq sayılacaq şərtlər tətbiq olunub: yaş 35-dən yuxarı olmamalıdır, kosmonavtın boyu 175 sm-dən hündür olmalıdır, çəki 75 kq-ı keçməməlidir, sağlamlıq və fiziki hazırlıq isə ən yüksək göstəricilərlə əks olunmalıdır.
Con Qlenn bu göstəricilərin hamısına sahib olmayıb, Yuri Qaqarindən 13 yaş böyük olan kosmonavt birinci dəfə 20 fefral 1962-ci ildə kosmosa uçanda onun 41 yaşı olub. Con Qlenn 4 saat 55 dəqiqə ərzində orbitdə 3 dəfə dövrə vuraraq uçuşunu uğurla sona çatdırıb. Amerika qəhrəmanı titulunu qazanan kosmonavt dünyanın ən tanınmış simalarından birinə çevrilib.
Con Qlenn 1921-ci ildə ABŞ-ın Ohayo ştatında anadan olub. Orta təhsilini başa vurduqdan sonra əvvəlcə kollecdə, daha sonra isə Merilend universitetində ali təhsil alıb. Eyni zamanda o, hərbi-dəniz aviasiyası kurslarını da bitirib. Sonralar Con Qlenn öz xatirələrində təhsili ilə bağlı fikirlərini belə bölüşüb:
“Uşaqlıqdan təhsilə böyük marağım olub. Kitablar məni məhəllə uşaqları ilə oynamaqdan, gəzməkdən məhrum etmişdi. Daha çox hərbi və tarixi kitablar oxuyurdum. Hərb sahəsinə marağım hədsiz dərəcədə idi. Hərbi təyyarəçi olmaq istəyirdim. Universitetdə təhsil aldığım illərdə əsas vaxtım hərbi aviasiya kurslarına gedirdi. Həmin illərdə bir neçə kursda oxudum. Gələcəyimi məhz bu sahədə görürdüm. İndi düşünürəm ki, seçimimdə yanılmamışam...”
Con Qlenn İI dünya və Koreya müharibələrinin iştirakçısı olub. Hər iki müharibədə o, ABŞ hərbi hava qüvvələrinin heyətində xidmət edib, qüsursuz xidmətlərinə və döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Con Qlenn Amerikanın ən yüksək dövlət mükafatları ilə təltif olunub.
ABŞ hərbi hava qüvvələrində peşəkar mütəxəssis kimi tanınan Con Qlenn 1959-cu ildə ABŞ-ın ilk kosmonavtlar dəstəsinə daxil edilib. Bu, həmin dövr olub ki, ABŞ-la SSRİ arasında kosmosu fəth etmək uğrunda böyük rəqabət aparılıb. Bu rəqabətdə Amerika geri qalsa da, Yuri Qaqarinin kosmosu fəth etməsindən doqquz ay sonra Con Qlenn öz ölkəsini bu sahədə irəli çəkməyə nail olub.
Con Qlenn öz fəaliyyəti sahəsində olduğu kimi, şəxsi həyatında da prinspial, öz mövqeyini müdafiə etməyi bacaran, öz elminə, məntiqinə güvənən bir şəxsiyyət olub. Kosmosu fəth etdikdən sonra ona “Amerikanın Qaqarini” deyəndə, Con Qlenn bu cür təqdimata qarşı çox sərt və əsəbi reaksiya verib:
- Bizim fəaliyyət xəttimiz tam fərqlidir və dinamik inkişafa doğrudur. Buna görə də heç bir bənzətmədən söhbət gedə bilməz. Əsas rekordlar hələ qarşıdadır...
Həqiqətən də sonralar Con Qlenn kocmonavtika sahəsində rekorda imza atıb. O, 1998-ci ildə 77 yaşında “Diskaveri” kosmik gəmisində 213 saat 44 dəqiqə kosmosda qalaraq dünyanın göylərdəki ən yaşlı “qonağı” kimi yeni rekord əldə edib.
Con Qlenn Amerikanın siyasi həyatında da kifayət qədər ciddi fiqurlardan biri sayılıb. Həmin dövrdə prezident olan Con Kennedi ilə kosmonavtın arasında dostluq münasibətləri olub. Kennedi 1962-ci ildə ona siyasi fəaliyyətə başlamasını tövsiyə edib. Con Qlenn prezidentin təklifini qəbul edib və senata seçilmək üçün seçki kampaniyasına başlayıb. Ancaq səhhətində yaranan problem onun bu yoldakı fəaliyyətini yarımçıq qoyub.
Bir müddət müalicə aldıqdan sonra Qlenn bizneslə məşğul olub. 1974-cü ildə isə yenidən ABŞ Konqresinə seçilmək üçün seçkilərə qatılıb. Kosmonavt Ohayo ştatından senator seçilib. Onun senatorluq fəaliyyəti düz 25 il davam edib. Məhz 77 yaşında kosmosa ikinci uçuşu da senator olduğu dövrə təsadüf edib. Həmin ərəfədə onunla bağlı lətifəyə çevrilən söhbətlər də meydana çıxıb. Konqres iclaslarında səsvermə ilə bağlı müzakirə və mübahisələr yarananda deyiblər ki, Con Qlenn göydə bizə səs verib.
Con Qlenn 1976-cı ildə ABŞ-ın vitse-prezidentliyinə, 1984-cü ildə isə prezidentliyə namizəd kimi irəli sürülüb. Kosmonavt bu siyasi mübarizədən imtina edərək öz yerini partiyadaşına, Uolter Mondeylə verib.
Müasirləri Con Qlenn haqqında danışarkən, onu son dərəcə dəqiq bir adam kimi xarakterizə ediblər. O, tədbirlərdə, görüşlərdə saniyələri belə nəzərə alıb.
Kosmonavtı fərqləndirən digər cəhətlərdən biri isə onun istənilən başladığı bir işə ciddi hazırlaşması olub. Məsələn, uçuşdan əvvəl Qlenn tərcüməçilərdən xahiş edib ki, “məni başçınızın yanına aparın” ifadəsini 6 dildə tərcümə edib ona versinlər. Kosmonavt həmin tərcümə olunmuş yazıları özü ilə kosmosa aparıb. Düşünüb ki, əgər yerə qayıdarkən nəzərdə tutulmuş nöqtəyə yox, başqa yerə düşsə, özünü tanıtmaq üçün ilk növbədə həmin yerdə birinci şəxslə görüşmək lazımdır.
İki dəfə müharibədə olmasına, bütün ömrü boyu istər öz sahəsində, istərsə də siyasi fəaliyyətində gərgin işləməsinə baxmayaraq Con Qlenn uzun bir ömür yaşayıb. 2014-cü ildə Klivlenddə 93 yaşında ürək əməliyyatı keçidikdən sonra o, memuarlarını yazmağa davam edib.
Con Qlenn 2016-cı ildə 95 yaşında ürək tutmasından vəfat edib.(musavat)
İlham Cəmiloğlu