MEYVƏ-TƏRƏVƏZ MƏHSULLARININ QİYMƏTi NİYƏ ENMİR?-Ekspert səbəbləri açıqladı
“Rusiyaya məhsul ixracının artması da qiymətlərə təsir göstərib”
Yenixeber.org: Bu il Azərbaycanda meyvə-tərəvəz məhsullarının qiymətində kəskin bahalaşma müşahidə edilir. Belə ki, bir sıra məhsulların qiyməti ötən ilin eyni dövri ilə müqayisədə 70-80 faiz bahalaşıb.
Məsələn, hazırda paytaxt mağazalarında 1 manat 50 qəpikdən satılan kartof, ötən il 80-90 qəpiyə təklif olunurdu. Eynilə hazırda 3 manat 20 qəpik olan pomidor, ötən il 2,10-2,40 manata satılırdı.Hazırda 1,50-2 manata təklif olunan xiyarın qiyməti isə ötən il 70 qəpiklə 1 manat arasında dəyişirdi.
Qeyd edək ki, soğan, badımcan, bibər, çiyələk kimi məhsulların qiyməti də ötən illə müqayisədə xeyli bahadır.
Bəzi satıcılar iddia edirlər ki, meyvə-tərəvəz məhsullarının qiymətinin yüksək olmasının səbəbi, Azərbaycandan Rusiyaya ixracın artması və İrandan ixrac olunan bir sıra məhsullara qadağa tətbiq olunmasıdır.
Qeyd edək ki, ötən illə müqayisədə 2022-ci ildə Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz məhsullarının miqdarı xeyli artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayına olan ixrac icmalına əsasən, bu il meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq, 162,6 milyon ABŞ dolları təşkil edib.
Xaricə ixrac olunan meyvə-tərəvəz məhsullarının böyük bir hissəsi isə Rusiyanın payına düşür. Ekspertlər sanksiyalardan sonra Rusiyanın Avropa ölkələrindən meyvə-tərəvəz məhsulları idxal edə bilmədiyini bildirirlər.
Bu səbəbdən də Rusiya meyvə-tərəvəz idxalında fərqli bazarlara yönəlməyə məcbur olub. Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov da bildirib ki, Rusiya 2022-ci ildə Azərbaycandan meyvə-tərəvəz idxalını artırmağı düşünür.
Xatırladaq ki, İran hökuməti yerli bazarda qiymətləri tənzimləmək məqsədilə, aprelin 4-dən etibarən kartof və soğan ixracına qadağa qoyub. Bu səbəbdən də iki aya yaxındır ki, İrandan Azərbaycana kartof və soğan ixracı dayanıb.
Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, meyvə-tərəvəz məhsullarının qiymətinin baha olmasının bir neçə səbəbi var: “İlk öncə onu qeyd edək ki, bu ilki qiymətlər ötən illə müqayisədə ucuz ola bilməz. Çünki ötən illə müqayisədə bu il ümumi yaşam xərci, enerji, yanacaq və gübrənin qiyməti xeyli bahalaşıb. Hökumət ötən ilin əvvəlində demək olar ki, hər şeyin qiymətini qaldırdı. Nəticədə əvvəlki illərlə müqayisədə cari ildə istehsal xərci baha başa gəlir.
Eyni zamanda burada sezon faktoruda böyük rol oynayır. Bildiyiniz kimi yeni sezon başlayanda nübar məhsullarının qiyməti bir qədər baha olur. Müəyyən vaxt keçdikdən sonra isə bazarda qiymətlər enməyə başlayır”.
Ekspert qeyd edir ki, müxtəlif ölkələrin tətbiq etdiyi sanksiyalar da meyvə-tərəvəz məhsularının qiymətinin bahalaşmasına səbəb olur: “Məsələn, İranın kartof ixracına qadağa qoyması, Azərbaycan bazarında kartofun qiymətinin bahalaşmasına səbəb olur. Azərbaycana idxal olunan kartofun 95 faizi İranın payına düşür. Bu olduqca əhəmiyyətli bir rəqəmdir. İran kartofu ucuz və keyfiyyətli olduğundan, ölkənin ümumi bazarında qiymətlərin stabilləşməsinə səbəb olurdu.
Eyni zamanda Azərbaycandan Rusiyaya məhsul ixracının artması da qiymətlərə təsir göstərən faktordur. Hazırda digər ölkələrdən məhsul idxal edə bilməyən Rusiya Azərbaycan bazarına yönəlib. Sadaladığımız faktorların hər biri meyvə-tərəvəz məhsullarının qiymətinin bahalaşmasına səbəb olur”.
Qeyd edək ki, ölkədə may ayından etibarən açıq sahələrdən tərəvəz məhsullarının yığımına başlanılıb. Bu səbəbdən də yaz və yay aylarında meyvə-tərəvəz qiymətlərində mövsümi amillərin təsiri ilə ucuzlaşmanın baş verəcəyi gözlənilir.
Lakin ekspertlər cari ildə qiymətlərin ötən ilin eyni dövrü ilə müqayisədə aşağı olmayacağını proqnozlaşdırırlar. Bir sözlə bu yay mövsümündə Azərbaycan əhalisi meyvə-tərəvəz məhsullarına ötən illə müqayisədə əlavə xərc çəkməli olacaq... “Azpolitika”