"İnsanlar öz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər"
Bu gün Milli Məclisin plenar iclasında “Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
"Xeberinfo.com": Məlumata görə, qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, bu qanun Azərbaycan Respublikasının Konsitutsiyanın 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Vətəndaşların qəbul edilməsi qaydalarına əsasən, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidir. Bununla yanaşı, vətəndaşlar canlı yayım vasitəsi ilə də şifahi yolla subyektlərə müraciət edə bilərlər. Həmin subyektin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququna malikdir. “Vətəndaşların müraciətləri haqqında" qanun layihəsində pozuntu hallarına görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, burada boşluqlar var. Onun sözlərinə görə qanunun adı “Müraciətlərə baxılması haqqında” olması daha məqsədəuyğundur. Deputatın fikrincə, qanun layihəsində müraciətlərin ana dilində ünvanlanması ilə bağlı tələb də düzgün deyil. “Çünki ölkədə başqa ölkə vətəndaşları da var və onlar bizim dili bilmirlər. Bu baxından məsələnin diqqətə alınması gərəkdir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, sözügedən qanun layihəsində müraciətləri oxunaqlı dildə yazılması tələb edilməsi başa düşülən deyil: “Bu kitab deyil ki, hamı savadlı yazsın. Ona görə də sabah hansısa məmur qanunun maddəsini əsasa gətirərək deyəcək ki, müraciət oxunaqlı dildə yazılmayıb. Bundan başqa bəzi televiziya verilişlərində müraciətlər səslənir. Kimlərsə, kimisə evləndirir, kimisə axtarırlar və sair. Bu onların səlahiyyətinə daxil olan məsələ deyil”.
Deputat Aqil Abbas qeyd edib ki, insanlar nicatı televiziyadan yox, hüquq-mühafizə orqanlarından tapmalıdırlar:“Vəkillər, hüquqşünaslar insanları maarifləndirməlidir ki, insanlar öz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər. Bununla bağlı İctimai Televiziyada maarifləndirici verilişlər verilməlidir”.
Əli Hüseynli vurğulayıb ki, müraciətlər Azərbaycan dilində olmalıdır və bunun dəyişilməsi gözlənilmir. O, deputatların təkliflərini dinlədikdən sonra bildirib ki, bu qanun layihəsi Azərbaycan vətəndaşları üçündür: “Amma xarici vətəndaşlar da bundan yararlana bilərlər”. Qanun layihəsi müzakirə edildikdən sonra ikinci oxunuşda səsverməyə qoyulub və qəbul edilib.