Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Türkiyənin mətbuat təcrübəsi Azərbaycana nə qazandıracaq?-ŞƏRH

          “Medianın müstəqilliyini təmin etmədən bu sahədə ciddi inkişafdan danışmağa dəyməz”

 

Yenixeber.org: 2018-ci ildə baş tutan son prezident seçkilərinin qalibi İlham Əliyev inauqurasiya çıxışı zamanı bəyan etdi ki, Azərbaycan çoxvektorlu islahatlar mərhələsinə qədəm qoyur. Və ötən üç il ərzində demək olar bütün istiqamətlərdə islahatlar həyata keçirildi. Bu islahatlar hakimiyyətin bütün qollarını əhatə etdi. İcraedici, qanunverici və məhkəmə sahələrini əhatə edən islahatlar prosesi dördüncü hakimiyyət qanadı olan mətbuatdan da yan ötməməli idi.

 

Bu məqamda haşiyəyə çıxaraq bildirək ki, ölkədə baş tutan islahatlar prosesi ilə bağlı cəmiyyətdə yekdil yanaşma mövcud deyil. İqtidar düşərgəsi bu islahatları təqdir etsə də, əks düşərgə hesab edir ki, atılan addımlar yetərli deyil və daha çox kosmetik xarakter daşıyır. Bütün hallarda ortaya siyasi iradə qoyulub və islahatların real nəticələrini qiymətləndirmək üçün zamana ehtiyac var.

 

Xatırladaq ki, uzun illər Azərbaycanda mətbuat siyasətini həyata keçirən məmurlar faktiki olaraq bu sahəni iflic vəziyyətinə gətirdilər və məhz elə bunun nəticəsidir ki, onların gedişindən xeyli zaman ötsə də, bu sahədə olan hərc-mərcliyi aradan qaldırmaq mümkün olmur. Baş verənlərin fonunda mətbuatın fəaliyyətcə yeni mərhələyə keçid etməsi, məmurların iradəsindən kənar fəaliyyət göstərməsi ilə bağlı müzakirələr gündəmə gəldi. Əksər ekspertlər hesab edir ki, məhz bu yolla medianın inkişafına nail olmaq, onu irəli aparmaq mümkündür. “Media haqqında” yeni qanun layihəsinin hazırlanması və parlamentin müzakirəsinə çıxarılması da bu xüsusda təsadüfi sayıla bilməz.

 

Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, yeni qanun layihəsində Türkiyənin təcrübəsindən geniş istifadə edilib. Konkret hansı yeniliklərin olacağı media cameəsinə bəlli olmasa da, jurnalistlərə vahid media kartının verilməsi, reklam bazarının formalaşdırılması istiqamətində məqamların qanun layihəsində yer alacağı gözlənilir. Ötən ilin dekabrında Azərbaycan ilə Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun imzalanması, bu sazişin ratifikasiya edilməsi Türkiyə təcrübəsinin tətbiq olunacağına şübhə yeri qoymur.

 

Bəs, görəsən Türkiyə təcrübəsi Azərbaycan mətbuatına hansı töhfələr verəcək? Türkiyədə çalışmış və təhsil almış mətbuat mənsublarına bu sualla müraciət etmişik.

 

Türkiyənin Mərmərə Universitetinin Media iqtisadiyyatı və idarəedilməsi bölümünün magistr məzunu, “azxeber.com” portalının direktoru Əfsələddin Ağalarov deyib ki, Azərbaycanla Türkiyə arasında mətbuat sahəsində əməkdaşlığın tarixi uzun zamana dayanır: “Bizim media qardaşlığımızın ən bariz nümunələrindən Əhməd bəy Ağoğlunun fəaliyyətinə diqqət edək. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Dövlət İnformasiya Agentliyinin qurulmasında böyük rolu olan Əhməd bəyin sonralar Türkiyədəki fəaliyyəti Atatürkün diqqətini cəlb edir. Məhz onun tapşırığı ilə Əhməd bəy bu gün dünyanın ən nüfuzlu agentliklərindən olan “Anadolu” agentliyinin qurucularından biri olur, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün bütün varlığı ilə çalışır. Bu, tarixdir”.

 

“Tarix bizə Türkiyə və Azərbaycan mediasının qardaşlıq bağlarını bir çox proseslərdə göstərir, gənc jurnalistlərə təlqin edir. Əlbəttə, Türk media birliyinin əsası iki qardaş ölkənin səyləri ilə formalaşa bilər və bunun dünyada nümunəsi olmayan bir birlik olacağı şübhəsizdir. Türkiyə ilə Azərbaycan arasında nəzərdə tutulan media əməkdaşlığının qarşısında görülməli olan çox ciddi işlərin olduğunu da diqqətdə saxlamalıyıq. Türkiyə mediasının təcrübəsindən yararlanmaqda fayda var”, - deyə həmsöhbətimiz bildirib.

 

Ağalarovun fikrincə, Azərbaycanda tədris olunan jurnalistika təhsilinin keyfiyyəti bir çox hallarda müasir şərtlərə cavab vermir: “Peşəkarlıqdan şikayət ediriksə, əsas diqqət məhz təhsilə yönəlməlidir. Bunun üçün bizim də jurnalistika fakültələrində inqilabi dəyişikliklər həyata keçirilməli, kommunikasiya adı altında çoxşaxəli ixtisaslar formalaşdırılmalıdır. Düşünün ki, bizdə media marketinqi, yeni media, media iqtisadiyyatı, medianın idarəedilməsi ixtisasları Türkiyə təcrübəsi ilə tədris olunur. Bu, o deməkdir ki, biz 10 il sonra mətbuatda fərqli dəsti-xətti, fərqli fikirləri görəcəyik. Və nəticədə bizim peşəkar jurnalist axtarışımızın böyük hissəsini universitetlərin məzunları təmin edəcək”.

 

Müsahibimiz hesab edir ki, iki ölkə arasındakı media əməkdaşlığı redaksiyalar arasında da körpülərin qurulmasını zəruri edir: “Düşünürəm ki, fərqləndirici media kartlarının verilməsi hər iki ölkədəki jurnalistlərin fəaliyyətlərində ciddi dəyişikliyə səbəb olacaq. Hər halda bizim jurnalistikamız üçün Türkiyə mediası ilə əməkdaşlıq və təcrübə mübadiləsi böyük yenilik deməkdir və bu, keyfiyyətcə növbəti mərhələnin başğlanğıcı olacaq”.

No description available.

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan siyasi icmalçı, “AssA-İradə” agentliyində şöbə müdiri və Türkiyədə köşə yazarı olaraq çalışmış Zaur Bayramlının sözlərinə görə, mətbuatı inkişaf etdirməyin yeganə yolu onun müstəqil fəaliyyət göstərməsinə şərait yaratmaqdan keçir: “Medianın müstəqilliyini təmin etmədən bu sahədə ciddi inkişafdan danışmağa dəyməz. Bu, baş verməzsə, mətbuat güclü ola bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan kifayət qədər həssas regionda yerləşir. Ərazilərimizi uzun illər işğal altında saxlayan və bu gün də bu siyasətindən birmənalı imtina etməyən düşmən bir dövlətlə üz-üzəyik. Müharibə hərbi fazada bitsə də, digər cəbhələrdə, informasiya və diaspor sahəsində davam edir”.

 

“Məhz belə bir şəraitdə müstəqil KİV-ləri formalaşdırmaq, beynəlxalq müstəvidə işlər aparmaq bizim birinci vəzifəmiz olmalıdır. Bunun üçün isə mütləqdir ki, müstəqil və peşəkar KİV-lər formalaşdırılsın. Bu, həm də cəmiyyətin inkişafına böyük töhfələr verə bilər. Uzun müddət bu sahədə çalışmış biri olaraq hökumətin bu sahəyə müdaxilə etməsindən yana deyiləm. Əksinə, dövlət özü maraqlı olmalıdır ki, mətbuat asılılığına son qoyulsun”, - deyə o vurğulayıb.

 

Mütəxəssis düşünür ki, əgər mətbuat öz gücünə ayaqda durmağı bacararsa, belə halda bu sahənin ümumi inkişafından danışmaq olar: “Düzdür, bu, bir-iki günün işi deyil, buna zaman lazımdır. Kənar təsirlərin, o cümlədən xarici təsirlərin mətbuatın fəaliyyətinə ayaq açmaması üçün dövlət medianın inkişafına maddi və texniki dəstək verə bilər. Lakin bunu bəlli bir zaman çərçivəsində və reklam bazarını formalaşdırmağa yönəlik addımlara fokuslanaraq həyata keçirmək lazımdır”.

 

Türkiyə təcrübəsinin Azərbaycan mətbuatında tətbiqindən danışan Bayramlı hesab edir ki, bu əməkdaşlığa çox ciddi ehtiyac var: “Açıq etiraf etmək lazımdır ki, Türkiyə daha inkişaf etmiş və demokratik dəyərləri oturuşmuş bir ölkədir. Bu mənada bizim Türkiyədən əxz edəcəyimiz məqamlar çoxdur. Digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də bu əməkdaşlığa ciddi ehtiyac var. Azərbaycan KİV-lərindən xəbər tuturuq ki, mətbuat nümayəndələrinə vahid kartların verilməsi məsələsi gündəmdədir. Biz Türkiyədə çalışdığımız dövrdə bunun müsbət tərəflərini müşahidə etmişik”.

 

“İlkin dövrlərdə bu, Azərbaycan mətbuatında müəyyən narazılıqlar yaratsa da, zamanla öz həllini tapacaq. Hər kəs bu reallıqla barışaraq, özünü yeni dövrün şərtlərinə uyğunlaşdıracaq. Bu gün Azərbaycanda kifayət qədər reket nəşrlər və saytlar fəaliyyət göstərir. Onlar ümumilikdə ölkə mətbuatının nüfuzuna ciddi xələl gətirir. Bəzən isə heç jurnalist olmayanlar mənasız və arxaik üsullara əl ataraq, özlərini jurnalist kimi təqdim edirlər. Bunu imtiyaz sayır və müxtəlif məqamlarda istifadə edirlər. Hazırda qanun layihəsi hazır deyil və bu səbəbdən daha təfsilatlı fikirlər yürütmək çətindir. Hesab edirəm ki, bütün hallarda mətbuatın inkişafı prioritet istiqamətlərdən olmalıdır və yaxın gələcəyə hədəflənmiş yol xəritələri, inkişaf strategiyaları hazırlanmalıdır”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam