SON 25 İLDƏ İLK DƏFƏ: -ərəb əmirliyinin İsraillə yaxınlaşmasında udan tərəf kimdir?
Marianna Belenkaya
“Kommersant”, 14.06.2020
25 ildə ilk dəfə İsrail bir ərəb ölkəsi – BƏƏ ilə münasibətlərin hərtərəfli normallaşdırılması barədə razılığa gəlib. Saziş danışıqları ABŞ-ın vasitəçiliyi ilə aparılıb, buna görə də, prezident Donald Tramp bunu öz aktivinə yaza bilər. Sənədlər paketinin imzalanmasının qarşılığı İsrail baş naziri Benyamin Netanyahunun Qərbİ Şəriyədə suverenliyini elan etməsini təxirə salma qərarıdır.
Yenixeber.org: ABŞ prezidenti Donald Tramp, İsrail baş naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi (ölkənin de-fakto hökmdarı) Məhəmməd bin Zaid Ali-Nəhəyan İsrail və BƏƏ arasında münasibətlərin tam normallaşdırılması barədə razılaşıblar. Bu, üç siyasətçinin telefon danışığından sonra verilən birgə açıqlamada bildirilir. “Bu tarixi diplomatik irəliləyiş Yaxın Şərq regionunda barışığa kömək edəcək”.
1994-cü ildən bəri İsraillə bir ərəb ölkəsi arasında münasibətlərin normallaşması ilə bağlı bu, ilk hadisədir – o zaman İordaniya idi. “Bu gün böyük sıçrayış olub! İki böyük dostumuz – İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi sülh sazişi!” – deyə Sazişin mətni ortaya çıxandan bir neçə saniyə əvvəl prezident Tramp öz “Twitter” səhifəsində yazıb.
Sənədə əsasən, yaxın günlərdə iki ölkənin nümayəndə heyətləri müxtəlif sahələrdə – təhlükəsizlik və iqtisadiyyatdan tutmuş turizmə qədər – ikitərəfli müqavilələrin imzalanması üçün bir araya gələcəklər.
Üç ölkənin bölgədəki təhlükəsizlik təhdidləri ilə bağlı oxşar fikirlərinin olduğu vurğulanır. Birgə sənəd Benyamin Netanyahu və Məhəmməd bin Zaidin prezident Trampa “bölgədə sülh” və bu məqsədə çatmaq üçün “praqmatik və bənzərsiz” yanaşmasına görə minnətdarlıq ifadəsi ilə başa çatır.
Üstəlik, İsrail prezidenti Reuven Rivlin vəliəhd şahzadəni Qüdsə dəvət edib.
Razılaşmanın əsas məqamlarından biri İsrailin “Əsrin sövdələşməsi” olaraq bilinən Fələstin-İsrail münaqişəsinin həlli üçün ABŞ-ın “Rifah Naminə Sülh Planı”nda göstərilən ərazilər üzərində suverenlik elanının dayandırılması barədə qərardır. Bu, ilk növbədə, İordan çayının qərb sahilinə aiddir. Birgə bəyanata görə, İsrail səylərini ərəb ölkələri və bütövlükdə müsəlman dünyası ilə “əlaqələrin genişləndirilməsinə yönəldəcək”.
Xatırladaq ki, yanvar ayında Donald Tramp, prezidentliyinin əvvəlində vəd edilmiş, bölgə ölkələrinin siyasi güzəşt edəcəyi təqdirdə, iqtisadi üstünlüklər müqabilində Fələstin-İsrail münaqişəsinin həlli planını təqdim edib. Fələstinlilər sazişdən boyun qaçırıblar. Benyamin Netanyahu İordan çayının qərb sahilinin bir hissəsini ilhaq etmə proseduruna başlamaq niyyətində olduğunu açıqlayıb. Ancaq bunun üçün təyin olunmuş tarixdə (1 iyul) heç nə baş verməyib. İlhaq mövzusu İsrail siyasətçilərinin söhbətlərindən praktik olaraq yoxa çıxıb.
Qeyd edək ki, bundan əvvəl də, iyun ayının ortalarında BƏƏ-nin ABŞ-dakı səfiri Yusif əl-Uteybə İsrailin “Yedioth Ahronoth” qəzetində bir məqalə dərc edərək misli görünməmiş addım atıb.
Son zamanlarda İsrail və Körfəz dövlətləri arasındakı münasibətlər yüksəliş dövrü yaşayır: ölkələr İrandan gələn təhdidlərə qarşı ümumi istək əsasında yaxınlaşıb. Təsadüfi deyil ki, ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk Əmirlik-İsrail razılaşmasını şərh edərək, bunu Tehran üçün “kabus” adlandırıb.
İsrail və ərəb ölkələri arasındakı əlaqələrin inkişafında dönüş nöqtəsi İsrail baş nazirinin 22 ildə ilk dəfə, 2018-ci ilin oktyabrında Omana etdiyi ilk ziyarət olub. Bunun ardınca bölgə ölkələrinin nümayəndələri ilə bir sıra ictimai təmaslar davam edib. 2019-cu ildə İsrail Körfəz ölkələrində “virtual səfirlik” açıb. İsrail idmançıları bu bölgədəki yarışlarda iştirak etməyə başlayıblar. Bu yaxınlarda ərəb onlayn mediasında Dubayda sinaqoqun açılması ilə bağlı görüntülər yayılıb. İsrail xüsusi xidmət orqanı “Mossad”ın şefi Yossi Koenin Qətərə səfərləri adi hal alıb.
Cümə axşamı İsrail və BƏƏ arasında əldə edilən razılaşmalar nəticəsində səfirliklər mübadiləsi və birbaşa uçuşlar yaradılması planlaşdırılır.
“Haaretz” qəzeti ilhaq məsələsinin hələ də gündəmdə olduğunu söyləyən yüksək səviyyəli bir mənbəyə istinad edib. Benyamin Netanyahunun özü də Cümə axşamı eyni sözləri dilə gətirib. Digər bir “Haaretz” mənbəyi – baş nazirin rəhbərlik etdiyi Likud Partiyasının adı açıqlanmayan üzvü BƏƏ ilə sövdələşmənin “tarixdə ilk dəfə baş nazir Netanyahunun torpaq əvəzinə sülh paradiqmasını pozduğunu” qeyd edib. “Həm də Fələstin məsələsini və BMT qətnamələrində tələb edildiyi kimi, İsrailin 1967-ci il sərhədlərinə çəkilməsini həll etmədən bir ərəb ölkəsi ilə barışığın mümkün olduğunu düşünərək”.
Eyni zamanda, BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş israillilərin fələstinlilərlə barışıq sazişi imzalamayana qədər Əbu-Dabinin Qüdsdə səfirlik açmayacağını vurğulayıb. Onun sözlərinə görə, İsraillə barışdıqdan sonra BƏƏ “iki dövlətin birlikdə mövcudluğu barədə qərarı təhdid edən zaman bombasını zərərsizləşdirib”.
İsraillilər və ərəblər razılaşmaya qarışıq təpki veriblər. Qərb sahilində yaşayan İsrail sakinləri öz maraqlarına xəyanəti vurğulayıblar. “Fəth” və “Həmas” hərəkatlarının nümayəndələri Əmirlik-İsrail anlaşmasının Fələstin və ərəb birliyinə xəyanət olduğunu bildiriblər. Eyni zamanda, Misir prezidenti Sisi razılaşmanı məmnuniyyətlə qəbul edən ilk ərəb olub.
“Həm İsrail, həm də fələstinlilərdən tənqid gözlənilir. Şübhəsiz ki, İran da razılaşmanı tənqid edəcək. Ancaq bir çox ərəb ölkələrinin vətəndaşları kimi, israillilərin əksəriyyəti bu addımı irəliləyiş sayacaq”, – deyə ekspert Kseniya Svetlova “Kommersant”a bildirib. O, İsrail və BƏƏ-nin on illərlə bu razılaşmaya doğru getdiyini xatırladıb, lakin regional gündəm razılaşmaya mane olub. “İndi Körfəz ölkələri İsraililə münasibətləri, o cümlədən İranla üzləşməmək üçün fayda sayır. Ərəbləri birləşdirmək üçün istifadə edilən Fələstin mövzusu arxa plana keçib, baxmayaraq ki, əlbəttə, həm Əmirlik, həm də digər ərəb siyasətçiləri fələstinlilərə qarşı həssasdır”.
Svetlova əlavə edib ki, BƏƏ ilə razılaşma Benyamin Netanyahu üçün qələbədir, bu, hakimiyyət uğrunda mübarizəsində, o cümlədən növbəti erkən seçkilərdə də əhəmiyyətli bir mükafat olacaq.
Prezident Tramp da seçki bonusu alıb. İsraillə fələstinlilər arasında barışıq, demək olar ki, seçkiqabağı yerinə yetirilməmiş vədi olaraq qalıb. MQİMO-nun böyük elmi işçisi Maksim Suçkov bununla əlaqədar “Kommersant”a deyib: ”Əsrin sövdələşməsi”’ndə ciddi bir irəliləyiş olmasa da, Tramp, şübhəsiz ki, Yaxın Şərq siyasətini tərəfdarlarına və donorlarına uğurlu iş kimi təqdim edəcək. İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərin normallaşdırılması vədinə ekvivalent olmasa da, seçicini təsirləndirə bilər. Bu, daha vacibdir, çünki demokratlar indi Kamala Harrisi Amerika-İsrail tərəfdarı olaraq təbliğ edirlər. Bu mənada Trampın ondan daha böyük İsrail dostunun olmadığını göstərməsi vacibdir”.
Tərcümə: Strateq.az