PUTİN-ƏRDOĞAN GÖRÜŞÜNDƏN NƏ GÖZLƏNİR? -İdliblə bağlı razılaşma əldə olunacaqmı?
Suriyada müharibə davam edir. Azad Suriya Ordusunu dəstəkləyən Türkiyə Silahlı Qüvvələri (TSK) Bəşər Əsədə bağlı hərbi qüvvələrin İdlib şəhəri ətrafındakı mövqelərini vurmaqda davam edir. Son məlumatlara görə, Əsəd ordusunun itkiləri 9 ildə ən böyük həddə çatıb – minlərlə əsgər, yüzlərlə hərbi texnika, kimyəvi anbarlar sıradan çıxarılıb.
Yenixeber.org: Rusiya Əsəd rejiminə hər cür hərbi, siyasi dəstək verir. Suriyanın hava sahəsi rus ordusu tərəfindən Türkiyə üzərinə bağlanıb, bu səbəbdən TSK-ya məxsus qırıcı təyyarələr döyüş aparan quru qoşunlarına havadan dəstək verə bilmir. Amma TSK əlində olan müasir pilotsuz aparatlarla düşmənə sarsıdıcı zərbə vuraraq yüksək döyüş qabiliyyəti nümayiş etdirir.
Ötən həftə Rusiya qırıcılarının həyata keçirdiyi zərbələr nəticəsində 34 Türkiyə əsgəri şəhid olub. Bu hadisə Suriyada əməkdaşlıq içində olan Rusiya və Türkiyə arasındakı münasibətləri son dərəcə gərginləşdirib. Ankara bu hadisəyə görə Moskvadan izahat tələb etsə də qaneedici cavab ala bilməyib.
Bundan sonra TSK İdlibdə “Bahar qalxanı” adlı hərbi əməliyyata start verib. Qısa müddətdə Suriya ordusunun böyük itkilər verməsi, habelə Rusiyanın Əsəd ordusuna verdiyi ağır hərbi texnikanın, təyyarə və helikopterlərin sıradan çıxması, İdlib şəhəri ətrafında strateji məntəqələrin Azad Suriya Ordusunun nəzarətinə keçməsi Kremli geri çəkilməyə vadar edib. Bir həftə əvvəl Ankaranın görüş təklifindən yayınan Rusiya prezidenti Putin əvvəl telefon xəttinə çıxıb Ərdoğanla danışdı, daha sonra onu Moskvaya dəvət etdi.
Bu gün Ankardan məlumat verildi ki, Türkiyə prezidenti martın 5-də Rusiyada Putinlə görüşəcək. Bu görüşün Suriyada vəziyyətə necə təsir göstərəcəyi maraq doğurur.
Politoloq qeyd edir ki, Rusiyanın özünün mövqeyi də kifayət qədər ziddiyətlidir: “Gah Türkiyəni tərəfdaş adlandırırlar, gah da onun maraqlarına zidd addımlar atırlar. Ona görə də liderlər arasında əldə olunacaq anlaşmanın uzunmüddətli olacağına şübhə ilə yanaşıram”.
Ekspertin qənaətinə görə, bunları nəzərə aldıqda martın 5-də Putin və Ərdoğan İdlibdəki vəziyyətlə bağlı razılığa gələ bilər: “Hazırda Moskva da, Ankara da, 2018-ci ildə iki ölkə prezidenti arasında Soçidə imzalanmış razılaşmağa istinad edir, amma fərqli şəkildə. Rusiya hesab edir ki, Türkiyə həmin razılaşma ilə üzərinə götürdüyü öhdədlikləri yerinə yetirməyib. Bu öhdəliklər ondan ibarət idi ki, Türkiyə terorrçu və müxalif qüvvələri bir-birindən ayırmalı, onları və onların hərbi texnikasını cəbhə xəttindən 20 km geri çəkməli, Əsəd qüvvələri ilə müxalifər arasında demilitarizasiya zonası yaratmalı, M4 (Hələb-Lazkiye) və M5 (Hələb-Şam) şose yollarını açmalı idi. Türkiyə isə bildirir ki, Əsəd Soçi anlaşmasına zidd olaraq İdlibdə hücuma keçib və müəyyən ərazilər ələ keçirib. İndi Ərdoğan tələb edir ki, Əsəd ya özü könüllü şəkildə həmin ərazilərdən çıxmalı, ya da Türkiyə onu zorla çıxaracaq. Son günlər Türkiyə ikinci ssenarini həyata keçirməyə və rejimin silahlı dəstələrini sıxışdırmağa başlayıb”.
Şahin Cəfərli vurğulayır ki, indi hansısa ciddi razılıq əldə etmək üçün Putin və Ərdoğan gərək bu ziddiyyətli mövqelərini uzlaşdıra bilsinlər. Ekspert hesab edir ki, bu, çox çətin məsələdir, çünki tərəflərdən birinin digərinə ciddi güzəştini tələb edir: “Amma düşünürəm ki, görüş tam nəticəsiz də bitməyəcək. Çünki əvvəla, tərəflər böhranın dərinləşməsində maraqlı deyil. Digər tərəfdən, Avropa Birliyi ciddi şəkildə maraqlıdır ki, Rusiya və Türkiyə ortaq məxrəcə gəlsinlər və İdlibdə humanitar fəlakət yaşanmasın, yeni qaçqın dalğası əmələ gəlməsin. Məncə, prezidentlər atəşkəs barədə razılığa gələrək Suriyada dəstəklədikləri, hazırda İdlibdə döyüşən qüvvələrə bunu qəbul etdirə bilər. Atəşkəs əlbəttə ki, çözüm olmayacaq, sadəcə, İdlib məsələsinin növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salınması mənasına gələcək”.(azpolitika)