Trampın Yaxın Şərq planı və ondan irəli gələn nəticələr...
ABŞ prezidenti Donald Trampın artıq “Əsrin sövdələşməsi” adını alan Yaxın Şərq planı əslində ötən ilin yayında elan olunmalı idi. Ona görə də onu D.Trampın seçki kampaniyasının və ya şəxsi piarının bir hissəsi kimi qəbul etmək nəinki ədalətsizlik, həm də bir səhv olardı. Belədə isə Tramp özü bir neçə dəfə etiraf edib ki, ABŞ -ın tarixində ən israilpərəst bir prezident kimi yadda qalacaqdır.
Qeyd etmək lazımdır ki, o, prinsipcə, haqlıdır. Tramp Qüdsü İsrailin vahid və bölünməz paytaxtı kimi tanıyanda növbəti prezident seçkiləri haqda hətta söz belə yox idi, çünki qalmaqallı, səs-küylü Tramp hakimiyyətinin hələ ilk illəri idi.
Üstəlik məlum olduğu kimi Konqress Yerusəlim haqqında hələ prezident Bill Klintonun vaxtında qərar vemişdi, amma bu məsələdə özünün dediyi kimi, tarixi addıma atmaq yalnız Tramp cənablarına nəsib olmuşdu.
Qeyd edək ki, siyasi-diplomatik planda bu, yetərincə riskli və cəsarətli bir addım idi, belə ki, onun BMT-də müzakirəsi zamanı ABŞ-ı bir neçə dövlət dəstəkləmiş, aparıcı dövlətlər, xüsusən də Avropa dövlətləri onun əleyhinə səs vermişdi.
Amma bunlar Trampı dayandırmadı və onun növbəti addımı Qolan yüksəkliklərinin bir hissəsini İsrail ərazisi kimi tanımaq oldu. Bunun da ardınca da xəbərləndi ki, ABŞ prezidenti tezliklə özünün Yaxın Şərqlə bağlı möhtəşəm planını açıqlayacaq.
Qeyd edək ki, planın hələ bütün detalları açıqlanmayıb. Məsələn, bir tərəfdən qeyd edilir ki, Yerusəlim İsrailin vahid və bölünməz paytaxtıdır, digər bir tərəfdən bildirilir ki, şəhərin ərəblər yaşayan ərazisi fələstinlilərin nəzarətinə veriləcəkdir.
Belədə isə, planın xeyli cəlbedici və maraqlı məqamları var. Məsələn, vəd olunur ki, Fələstinin indiki ərazisi iki dəfə artırılacaq və onun iqtisadiyyatının inkişafına bpyük invüstisiya – düz 50 milyard dollarlıq vəsait yönəldiləcəkdir.
Amma Fələstin Administrasiyası dərhal plana qarşı çıxdı və bəyan elədi ki, onlar Yerusəlimlə alver etmək fikrində deyillər.
Digər ərəb ölkələrinin reaksiyası nisbətən mülayimliyilə seçildi və onlar Fələstin Administrasiyasına məsləhət bildilər ki, planı rədd etməmişdən onu yaxşıca öyrənsinlər.
Hələlik ən kəskin mövqedən İran və Türkiyə çıxış edirlər. Amma burada da bir məqam var.
Tehranın reaksiyasını başa düşmək olar: İranın ABŞ-la münasibətləri elədir ki, əgər Vaşinqtonda desələr ki, məsələn, qar ağ rəngdədir, Tehran bunu da rədd edəcək və bildirəcək ki, Vaşinqton liderləri daltonizmdən əziyyət çəkirlər.
Qardaş Türkiyəyə gəldikdə isə, düşünürük ki, Ankara kəskin bəyanatlarla çıxış etməyə tələsməməlidir. Həm də Vaşinqtonu ittiham etməmiş unutmaq lazım deyil ki, Fələstin Administrasiyası faktiki olaraq ABŞ-ın maliyyə inyeksiyaları sayəsində mövcuddur: bəli, Administrasiyanın bütün xərcləri, o cümlədən də BMT ilə bağlı xərclər ABŞ tərəfindən ödənilir.
Bəzən belə təəssürat yaranır ki, fələstinlilər münaqişənin həllində, ümumiyyətlə, maraqlı deyillər, çünki münaqişə faktiki olaraq təkcə Fələstin Administrasiyasının deyil, həm də bütünlüklə Fələstin xalqının mövcudluq və yaşam formasına çevrilibdir. Məsələn, çox qəribədir ki, fələstinlilərin böyük əksəriyyəti İsrail ərazilərində çalışır və bəzi siyasi təhlilçilər və politoloqlar iddia edirlər ki, Fəsləstin hətta müstəqil dövlət kimi mövcud olmaq iqtidarında deyil. Elə bəzi fələstinlilrin və Fələstin tşəkilatlarının İranın təsiri altında olması onun nəticəsidir ki, Tehran bu məqsədlə pul xərcləyir.
Əlbəttə, biz belə kəskin mövqeləri bölüşmürük, çünki bütün dövlətlər gec və ya tez mövcudluq yolunu tapırlar. Müstəqilliyin ilk illərində elə İsrail üçün də asan deyildi; kəskin iqlim şəraiti, inkişaf etmiş iqtisadi infrastrukturdan uzaqlıq, təbii resursların azlığı və s. Amma demək lazımdır ki, gənc İsrail dövləti bu çətinlikləri dəf edə bildi və buradan da nəticə çıxarmaq olar ki, Fələstin də bunu bacaracaqdır.
Burada başqa məqamlar da var. Zaman resursları da düşünüldüyü kimi sonsuz deyil və daim fikirləşmək ki, gələcəkdə daha yaxışı olacaq – çox təəssüf, digər münaqişələrin təcrübəsi bunu təsdiq etmir.
Ona görə də bir suala hətta indinin özündə belə birmənalı cavab vermək çox çətindir: yəni doğrudanmı on və ya iyirmi ildən sonra Fələstinə daha yaxşı şərtlər təklif ediləcək?
Yox, bunu böyük dövlətlər inkar edir və ABŞ da bəyan edir ki, 1967-ci ilin sərhədlərinə qayıtmaq artıq real deyil. Üstəlik, adi insani və ya birqiymətli Aristotel məntiqi də izah edir ki, yalnız zaman amillərinə istinad etmək heç də ən düzgün yanaşma deyil; axı, zaman, necə deyər, yaraları sağaldır və onları unutdurur...