Qərbin Cənubi Qafqazda “demokratiya dalğası” altında apardığı proseslər zaman-zaman müzakirə mövzusu olub. Çünki burada məqsəd heç də gerçək demokratiya niyyəti deyil.
Yenixeber.org: Hətta Ermənistanda məlum proseslər zamanı beynəlxalq ekspertlər bildirirdilər ki, işğalçı ölkədə baş verənlər sadə xalq kütlələrinin hərbi xuntaya etirazı ilə yanaşı, həm də Qərbin gizli planının tərkib hissəsidir. Bildirilirdi ki, Qərbin siyasətinin əsas məqsədi Cənubi Qafqazda qarışıqlıq yaradaraq, bu ərazidə Rusiyanın təsirlərini azaltmaqdır. Ermənistanın və Gürcüstanın fonunda Qərbin istəklərinə nail olduğunu söyləmək olar.
Lakin regionda yeganə Azərbaycandır ki, Qərb dairələri burada məkrli planlarını icra edə bilmədilər. Politoloqlar bildirirlər ki, Azərbaycan hökuməti hələ bir neçə il bundan öncə Qərbin ölkədə fəaliyyət göstərən və müxtəlif missioner dairələrə xidmət edən institutlarını, QHT-lərini neytrallaşdıra bilib, faktiki olaraq Azərbaycanla bağlı onların planlarını de-şiftə edib.
“Yeni Müsavat”a mövzu ilə bağlı danışan politoloq Mübariz Əhmədoğlu söyləyib ki, hazırda Qərb siyasilərinin gözündə Azərbaycan kifayət qədər üstün görünür:
“Ermənistanda və zamanında Gürcüstanda baş verən hadisələr orada kifayət qədər böyük xaos yaradıb. Bu fonda Azərbaycanda sabitlikdir. Təbii ki, Qərb nümayəndələrinin Azərbaycanda investisiya, geosiyasi maraqları var. Qərb siyasiləri başa düşürlər ki, Azərbaycanda sabitliyin olması, bütövlükdə elə regionun özündə sabitliyin olması anlamındadır. Çünki onlar da görürlər ki, Gürcüstan və Ermənistanda hansı hadisələr baş verir. Azərbaycandakı sabitlik hazırda Qərb üçün çox önəmlidir, bu, böyük dəyərə, əhəmiyyətə malikdir. Bu kontekstə deyim ki, bizim rəsmilərimiz bu sahəyə diqqəti bir qədər də artırsalar, yaxşı olar. Təbii ki, Azərbaycanda sabitlikdir və ölkənin bu sabitliyinin müəllifi prezident İlham Əliyevdir. Biz hal-hazırda hansı məsələdə daha önə keçə biləcəyimizi düşünməliyik. Avropada da bilirlər ki, bilərlər ki, hansı anda, nə baş verəndə ölkə prezidentinin hazırladığı konsepsiyaya uyğun prezidentin köməkçiləri, ayrı-ayrı nazirlər və digərləri necə işləyirlər. Ona görə də hesab edirəm, məsələni mümkün qədər gündəliyə gətirməliyik. Həmçinin, bizim konsepsiyalarımızdan həm də Ermənistan və Gürcüstan da nəticə çıxarmalıdır. Fikir verin, Paşinyanın son dövrlərdəki bəyanatlarında Azərbaycanla əlaqəli kifayət qədər ikibaşlı ifadələr var. Paşinyan deyir ki, Dağlıq Qarabağ tənzimlənməsi elə olmalıdır ki, bu, gərək Azərbaycan xalqının da maraqlarına cavab versin. Yəni o, öz xalqına müəyyən şeyləri aşılayır. Hazırda əlverişli andır: Azərbaycanın sabitlik yaratma mexanizmlərini açıq təqdim etməsi Ermənistanın da kompromisə gəlməsi üçün bir vasitə ola bilər. Bizim təkcə iqtisadiyyatımız deyil, həm də idarəetmə mexanizmimiz Ermənistanın bir dövlət kimi məhv olmamasını düşünən ermənilər üçün də maraqlıdır. Ona görə də bu istiqamətdə xeyli işlər aparılmalıdır”.
Politoloq hesab edir ki, Azərbaycanda maarifləndirməyə deyil, başqa məqsədlərə xidmət edən, qanunları pozan az sayda QHT-lər hüquq çərçivəsində bağlanıb: “Azərbaycanda 2 mindən artıq QHT var. Hər il iki dəfə bu QHT-lərə dövlət tərəfindən qrant ayrılır. Yəni Azərbaycanda sağlam QHT-lər bağlanmayıb. O QHT-lər ki, cəmiyyətin inkişafı üçün normal yoldadır, onlara dövlət tərəfindən dəstək var. Amma bir də görürsən ki, məsələn, Gəncədə, Salyanda tanımadığımız, ictimai sektorda bir izi olmayan adam qəfildən ortaya çıxır. Araşdıranda bəlli olur ki, bu şəxs Avropa miqyasında QHT fəalı olub. Necə olur ki, biz tanımadığımız halda britaniyalı onu tapa, tanıya bilir. Bakıda xeyli sayda nüfuzlu, beynəlxalq miqyasda iş görə bilən QHT-lər var. QHT sferamızda güclü intellektlər az deyil. Azərbaycanda o QHT-lər bağlanır ki, onlar əvvəlcədən ölkədə siyasi hakimiyyətin gördüyü işlərə qarşı çıxmaq, fərqli ideologiyanı qabartmaq məqsədilə qurulub. Azərbaycandan xaricə gələndə saxta, qərəzli məlumatlar, neqativ hesabatlar da gedirdi və indi də bunu edənlər var. Hansı QHT-lər ki, açıq şəkildə Azərbaycan dövlətinin siyasətinə qarşı çıxır, dövlətə qarşı təxribatlar həyata keçirirdilərsə, onların fəaliyyəti dayandırıldı. Hesab edirəm ki, bu, doğru atılmış addım idi. Şəbəkələşmiş bu çevrələr vasitəsi ilə Ukrayna ssenarisindən, Gürcüstanda baş verənlərdən əvvəl o işləri Azərbaycanda görmək istəyirdilər. Lakin məhz Azərbaycanda elə sabitlik konsepsiyasına, bunun icra mexanizminin tam təşkil olunmasına görə həmin qüvvələrin niyyətləri baş tutmadı, sabitlik pozulmadı”.