Cəbhədəki döyüşlərin gerçək səbəbləri
Rusiya-Qərb qarşıdrumasının sərhədlərindən biri Ukraynadan, digəri Cənubi Qafqazdan keçir
"Xeberinfo.com": İlin birinci yarsında cəbhədə itkilərin sayı atəşkəs dövründə ən pik həddədir. 20-ə yaxın hərbi qulluqçumuz düşmən gülləsi ilə öldürülüb, təxminən o sayda hərbçi yaralanıb. Təmas xəttinə yaxın kəndlərin 12 sakini də düşmən gülləsinin hədəfi olub-2 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Ermənistanın itkiləri barədə verilmiş müxtəlif rəqəmlərə görə atışmalarda ölən və yaralanan hərbçilərinin sayı 50 nəfərə yaxındır.
1994-cü ilin may ayının 12-də atəşkəslə bağlı əldə olunmuş razılaşmadan 20 il keçib. Beynəlxalq vasitəçilər tərəfləri atəşkəsin qorunub saxlanılması üçün siyasi bəyanatlar verməyə çağırıb. Amma hərbi ritorika güclənməkdə davam edir, prezidentlərin Parisdə planlaşdırılan görüşü baş tutmadı. Azərbaycan və Ermənistan təmas xəttində hərbi manevrlərin sayını artırıb, qarşılıqlı diversiya hücumları barədə ziddiyətli xəbərlər yayılır.
20 illik atəşkəs rejiminin intensiv pouzlması Cənubi Qafqazda rəqabət aparan geosiyası güclərin arasındakı «atəşkəsin» pozulduğu dövrə təsadüf edir. Ukranya böhranına görə «soyuq müharibə» rejiminə keçmiş Qərb və Rusiyanın münaqişə bölgələrində birgə sülhyaratma missiyası iflasa uğrayıb. İndi onların öz arasında sülhə ciddi ehtiyac var. Hər iki tərəf əvvəlki əməkdaşlıq dövrünə qayıtmaqdan çox uzaq görünür.
Bu gündən etibarən Rusiya iqtisadiyyatının lokomotivlərinə qarşı tətbiq edilmiş sanksiyalar qüvvəyə minir. Rusiyanın ən böyük 5 bankının Avropa bazarlarına girişi əngəllənib, eyni zamanda silah, enerji sektoru üçün yeni texnologiya satışı məhdudlaşdırılıb. «Böyük yeddilər», Norveç hökuməti də sanksiyaları dəstəkləyib. Qərbin Kremldən əsas tələbi Ukrayanın şərqində rəsmi Kiyevə qarşı müharibə aparan separatçıların təchizatını dayandırmaq, Ukraynanın ərazi bütövlüyünə hörmət etməklə bağlıdır. Amma Rusiya hökuməti sanksiyalardan yayınmaq yollarını arayır, paralel olaraq Qərb ölkələrindən qida məhsullarının ixracını qadağan edən məhdudiyyətlər qoymaqla cavab verib.
Belə görünür ki, «soyuq müharibə» davam edəcək. Qərb Putin hakimiyyətini yola gətirmək üçün Rusiyada sosial-siyasi sabitliyi təmin edən neft-qaz gəlirlərinə sanksiyalara doğru gedir. Rusiya Avropanın enerji bazarında 40 faizlik payla təmsil olunur, eyni zamanda Qərbin başqa mənbələr hesabına təmin olunan enerji təhlükəsizliyinə ciddi zərbələr vurmaq iqtidarındadır. Azərbaycanın Qərb sərhədlərində-Bakı-Tiflis-Ceyhan neft kəmərinin keçdiyi ərazidə şiddətli döyüşlərin bərpa olunması buna işarə sayıla bilər. Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti həm də Rusiya və Qərbin üz-üzə durduğu sərhəd xəttidir. Bu xətt MDB-ölkələri ilə Rusiyanın sərhədləri boyunca uzanır. Ukraynadakı döyüşlər əslində ziddiyətlərin kluminasiya nöqtəsi olan silahlı təxribatlar mərhələsini keçərək müharibəyə çevrilib.
Azərbaycan və Ermənistan təmas xəttində baş verənlər göstərir ki, bu bölgədə qarşıdurma hələ ki, silahlı təxribatlar mərhələsindədir. Amma Qərb-Rusiya qarşıdurması qızışdıqca akitiv mərhələyə keçə bilər.
Rusiya Qərbin müttəfiqi olar Gürcüstanın tamamilə ram etmək, Azərbaycanı iqtisadi-siyasi blokadaya salmaq və neft-qaz ixracını nəzarət altına almaq iddiasında olması mümkün görünür. Cəbhə xəttində gərginliyin artmasının geosiyasi səbəbləri əslində bununla bağlıdır. Beynəlxalq güclər arasında konflikt daha da şiddətlənsə, Cənubi Qafqazda silahlı təxribatların qanlı müharibəyə çevrilməsi, bölgənin iri dövlətlərinin prosesə qoşulması qaçılmaz görünür.