Ərdoğan-Putin razılaşmasının birinci mərhələsi yekunlaşdı
Oktyabrın 15-dək silahlılar İdlibdə neytral zona yaradacaq, ancaq Türkiyə və Rusiyanın anlaşması üçün risk qalır
Yenixeber.org: Türkiyə Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq Suriyanın İdlib vilayətindəki ağır silahların çəkilməsi prosesinin tamamlandığını bildirib. Açıqlamada qeyd olunur ki, “İdlibdə gərginliyin başa çatdırılması və qarşıdurma riskinin ortadan qaldırılması məqsədilə ağır silahların silahsızlaşdırılmış bölgədən çəkilməsi prosesi 10 oktyabr 2018-ci il tarixində başa çatıb”.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentlərinin sentyabrın 18-də Soçidə baş tutan görüşündə İdlib mövzusunda anlaşma əldə olunub. Anlaşmaya əsasən, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları bölgədən çəkəcəklər. Oktyabrın 15-dək isə İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılacaq. “Ən-Nusra”, ya da yeni adı ilə “Heyət Tahrir əş-Şam” qruplaşması terror təşkilatı kimi tanındığı üçün silahsızlaşdırılmış bölgədən çıxaracaq. Silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusu patrulları birgə hərəkət edəcək. Bu anlaşmaya əsasən, hər iki tərəfin terrorçu kimi tanıdığı silahlılar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaq. Anlaşmanın ən mühüm detallarından biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan M-5 magistralının hökumət qüvvələrinin nəzarətinə keçməsidir.
Türkiyə Müdafiə Nazirliyinin məlumatından belə aydın olur ki, Soçi anlaşmasının birinci mərhələsi uğurla yekunlaşıb. Ağır silahlar çıxarılıb. İndi isə sırada 15 oktyabrda tamamlanması nəzərdə tutulan ikinci, yəni silahsızlaşdırılmış bölgənin yaradılmasıdır.
Ancaq bəzi media orqanları ağır silahların çıxarılmasına rəğmən hökumət qüvvələri ilə hər an qarşılaşma üçün yetəcək silah və sursatın qaldığını qeyd edir. Bu isə İdlib ətrafında riskin hələ də qaldığını göstərir.
Rusiya XİN isə silahsızlaşdırılmış bölgədən 1000 nəfərdən çox silahlı, 100-ə yaxın hərbi texnikanın çıxarıldığını bəyan edib. Ağır silahların çıxarılması prosesini isə müşahidə etdiklərini bildirib. Qeyd edək ki, anlaşmada qeyd olunan “ağır silahlar” kateqoriyasına raket atan qurğular, minaatanlar, tanklar, 23 mm-lik zenit-atəş qurğuları, 57 mm-lik tank əleyhinə toplar, o cümlədən 12.7 mm və 14.5 mm-lik pulemyotlar daxildir.
Qərb mediası isə İdlibdəki radikal qrupların, o cümlədən terrorçu olaraq tanınan ən-Nusra-HTŞ, Harras əd-Din, Türkistan İslam Partiyası (Uyğur silahlıları - K.R.) kimi qrupların silahlarını təhvil verib-vermədiyinə dair məlumatların ziddiyyətli olduğuna, xüsusən də HTŞ-nin bəzi bölgələrdən çəkilmədiyin dair xəbər yayıb.
Ötən gün isə terrorçular Hələb şəhərini artilleriya atəşinə tutub. Bu isə o deməkdir ki, bəzi qüvvələr İdlib anlaşmasını provokasiya etməyə, planı pozmağa çalışır. Üstəlik, bəzi silahlı qrupların 15 oktyabrda silahsızlaşdırılmış bölgədən çəkilməyəcəyinə dair xəbərlər yayılıb. Silahlılar Soçi anlaşmasına əsasən yaradılacaq 15-20 kilometr enində və 200 kilometr uzunluğunda olan təhlükəsizlik zolağının hazırda müxaliflərin əlindəki bölgədən keçməsi, dolayısı ilə bu anlaşmanın onların itkisi sayılması faktına etiraz edir. HTŞ kimi nəhəng qruplaşmalar isə açıq şəkildə Soçi anlaşmasını dəstəkləməsələr də, son gedişata əsasən razılaşmaya riayət edirlər. Ya da başqa mənada onlara alternativ yol qalmayıb. Məsələ ondadır ki, faktiki olaraq İdlib ərazisinin 60 faizə qədərinə HTŞ nəzarət edir. Yəni qruplaşmanın açıq şəkildə Türkiyənin imzaladığı anlaşmaya qarşı çıxması onların Türkiyə ordusu və dəstəklədiyi müxalif qrupları qarşısına alması deməkdir. Hələ burada Rusiya və Suriya ordusu da var. Bu səbəbdən də HTŞ Türkiyəyə qarşı açıq müxaliflik etməyərək anlaşmaya riayət etməyə başlayıb. Ancaq həm də hər addımda narazı olduğunu, istənilən bir kiçik problem yaranacağı təqdirdə bundan istifadə edib anlaşmaya tabe olmayacağının işarəsini verir. Çünki Soçi anlaşmasından ən çox itirən qrup məhz HTŞ olacaq.
Maraqlıdır ki, iki gün əvvəl HTŞ-nin bölgə komandiri snayper tərəfindən vurularaq öldürülüb. Ümumilikdə son günlərdə İdlibdə silahlı qruplar arasında toqquşmalar dayanmır. HTŞ və digər qruplar, əsasən də Türkiyənin dəstək verdiyi silahlı qrupların savaşması onu göstərir ki, İdlibdə həm də nüfuz müharibəsi var. Çünki Putin və Ərdoğanın 17 sentyabrda Soçidə əldə etdiyi anlaşma həm də Suriyanın şimalında, müxaliflərin, eləcə də Türkiyə ordusunun nəzarət etdiyi bölgənin taleyini bir qədər müəyyən edir. Çünki Türkiyə ordusu 2016-cı ildə həyata keçirilən “Fırat Kalkanı” və 2017-ci ildə keçirilən “Zeytin Dalı” əməliyyatları nəticəsində Suriyada 4 min kv.km ərazini terrorçulardan azad edib. Hazırda həmin ərazilərə Türkiyə ordusu və müttəfiq qüvvələr nəzarət edir. Bundan başqa, iyun ayında ABŞ və Türkiyə arasında əldə olunmuş anlaşmaya əsasən dekabra qədər Menbic rayonunun nəzarəti də Türkiyə və ABŞ ordusuna keçəcək. Bütün bu bölgənin gələcək taleyi isə Türkiyə və Rusiyanın anlaşmasından asılı olacaq. Bu mənada Türkiyə Rusiya ilə danışıqlar masasına oturmaqla yalnız İdlibin deyil, bütövlükdə Suriyanın gələcək taleyinin müəyyən olunmasında iştirak edir. Bunun ilk və əsas mərhələsi isə İdlibdəki anlaşmadır. Bu mənada İdlib prosesi həm də Suriyada münaqişənin həllində mühüm rol oynayacaq həssas bir mərhələdir.(müsavat)
Kənan RÖVŞƏNOĞLU