Vəliəhd şahzadənin İsrailə gizli səfəri:Ərəb mediası fırtına qoparmış tapmacanı çözməyə çalışır - Təhlil
Yasser Akbi və Maariv Haşavua
“Jerusalem Post” (İsrail)
Yəhudi dövləti və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr olmasa da, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İsrailə gizli səfər etməsi ötən həftədən İsrail və ərəb kütləvi informasiya vasitələrinin müzakirə mövzusu olub və müxtəlif təxminlərə yol açıb.
Yenixeber.org: İsrail tərəfindən rəsmən təsdiqlənməmiş əhəmiyyətli səfər haqqında məlumatlar “İsrail Radiosu”nun ərəb dövlətləri üzrə müxbiri Saymon Aranın səfər bardə “Twitter”dəki qeydindən sonra peyda olmağa başlayıb. Aran “tvitt”ində yazıb ki, ötən həftə Körfəz bölgəsindən olan böyük bir ərəb siyasi xadimi Təl-Əvivə səfər edib. Bununla da o, ərəb mediasının böyük marağını doğurub.
“İsrail Radiosu”nun ərəb dilində yayımladığı xəbərdə, “böyük siyasi xadim”in "Səudiyyə şahzadəsi" olduğu, bölgədəki sülhü müzakirə etmək üçün israilli rəsmilərlə görüşdüyü bildirilib.
İsrail baş nazirinin katibliyi və Xarici İşlər Nazirliyi xəbərə şərh etməkdən imtina edib.
Bir ərəb KİV-i xəbər verib ki, sözügedən şəxs Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.
Qətər KİV-ləri və Londonda nəşr olunan “Əl-Ərəbi əl-Cədid” qəzeti digər əlaqəli xəbər və məlumatlardan Yəmən, Suriyaya və digər yerlərdə müdaxiləsi olan Səudiyyə kral ailəsinə hücum etmək üçün daha bir fürsət kimi yararlanıblar.
“Hizbullah” və Suriyaya bağlı olan Livan qəzeti “Əl-Əxbar” və Londonda nəşr olunan “Əl-Quds əl-Ərəbi” qəzetləri də “İsrail Radiosu”nun xəbərini dərc edib.
Səudiyyə Ərəbistanı da məlumata təpki göstərib və tezliklə “Elaph” saytında (bu veb-səhifədə tez-tez İsrail rəsmiləri ilə müsahibələr dərc olunur) bir yüksək səviyyəli ərəb rəsmisinin, lakin Səudiyyə Ərəbistanı deyil, qətərli məmurun İsrailə səfər etdiyi bildirilib.
“Elaph”ın yüksək mənsəbli mənbəyi xəbər verib ki, Qətərin bir rəsmisi xəlvətcə Təl-Əvivə səfər edib və İsrailin baş naziri Benyamin Netanyahu ilə təhlükəsizlik məsələləri müzakirə olunub. Mənbə bildirib ki, səfər, Küveyt əmiri Əhməd əl-Cabir əl-Sabah və ABŞ prezidenti Donald Trampın Qətər diplomatik böhranını müzakirə etmək üçün görüşündən iki gün öncə baş tutub.
Daha sonra “Elaph”da qeyd olunur: “Qətərin elçisi Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ-nin Qətər böhranını gücləndirəcək potensialı ucbatından rəsmi Dohanın, o cümlədən hərbi də olmaqla, atacağı addımları, təhlükəsizlik məsələlərini İsrail nümayəndələri ilə müzakirə edib. Qətərli məmur ölkəsinin İsraillə kövrək əlaqəsini vurğulayaraq ev sahibinin gərginliyi azaldacağına və hətta səhnə arxası səyləri ilə problemi həll edəcəyinə ümidini bildirib. Məlumatlara görə, İsrail bu məsələyə baxacaq. Rəsmi İsrail qaynaqları xəbəri nə təsdiq, nə də təkzib edib”.
Bundan sonra Misirdə, Bəhreyndə və BƏƏ-də nəşr olunan qəzetlər media fırtınasına qatılıb.
Gözlənildiyi kimi, səfər barədə xəbərlər ərəb ictimaiyyəti tərəfindən səmimi qarşılanmayıb.
"Ərəb mətbuatında dərc olunan hesabatlar İsraillə əlaqələrə görə mənfi rəylərə sahibdir, – deyən Aranın özü iddia edilən səfərlə bağlı medianın qəzəbinə tuş gəlmişdi. – Ancaq yadda saxlamaq vacibdir ki, uzaq keçmişdə İsraildə ərəb nümayəndələri, o cümlədən Mavritaniya səfiri, Qətər, Tunis, Mərakeş və Omanın maliyyə nümayəndələri vardı. Eyni zamanda, İsrailin Dohada, Qətərin paytaxtında təmsilçisi…"
Aran əlavə edib: "Hətta bu gün qeyri-rəsmi mənbələrə görə, İsrail ilə bəzi ərəb ölkələri arasında gizli iqtisadi və ticari əlaqələr var. Baş nazir və digər yüksək səviyyəli dövlət rəsmiləri bəzən bu əməkdaşlıqdan bəhs edir və İsraillə diplomatik bağları olmayan ölkələrlə əlaqələrə sahib olduqlarına eyham vururlar".
Tərcümə: (Strateq)