AĞ EVİN SƏUD ŞAHZADƏSİNƏ VERDİYİ DƏSTƏK
Dov Zaxeym
“Foreign Policy” (ABŞ)
Yenixeber.org: Vaşinqtonda, deyəsən, Səudiyyə Ərəbistanı kralı Salmanın siyasi səhnədən enməsinə qədər vəliəhd-şahzadə Məhəmməd bin Salmanın şahzadələr və iş adamları, o cümlədən onlar arasında ən zəngin şəxs olan şahzadə Vəlid bin Təlalın “təmizlənmə”sini normal sayırlar. O, bu məsələdə, kral Davudun oğlu kimi, atasının sağlığında padşahlıq edən Süleymana bənzəyir. Amma Bibliya personajından fərqli olaraq, Məhəmməd bin Salman sözügedən prosesdə özünə çox güclü düşmənlər yaradıb. Atasının dəstəyini qazanaraq o, özünə təhlükə saydığı hər kəsi həbs edir.
ABŞ prezidenti Donald Trampın kürəkəni və böyük məsləhətçisi Cared Kuşner bu yaxınlarda Riyadda idi. Tramp vəzifəyə gələndən bəri bu, onun Səudiyyə Ərəbistanına üçüncü səfəri idi. Kuşner yenə də yaxın şəxsi əlaqələr qurduğuna görə məhz təzadlı şahzadə Məhəmməd bin Salmanla görüşüb. Buna görə də, gənc vəliəhdin İrana qarşı antipatiyasını paylaşan Tramp, Riyadda yaşanan son hadisələrə müsbət şərh verib.
Deyirlər ki, Donald Tramp müttəfiqlərin Amerikaya olan etibarını pozub. Bu, Avropada və bəlkə də Asiyanın bir hissəsində ola bilər, amma Yaponiya və ya Hindistan istisnadır. Ancaq Yaxın Şərqdə belə bir vəziyyət yoxdur. Türkiyə və Misirlə bağlı gərginlik, ilk növbədə, Pensilvaniya prospektinin digər tərəfindən deyil, ABŞ Konqresindən qaynaqlanır. İsrail ilə münasibətlər, sabiq prezident Barak Obama vəzifəsindən getdikdən bəri daha yaxşıdır. ABŞ-ın həm Səudiyyə Ərəbistanı, həm Birləşmiş Ərəb Əmirlikləri, hətta Bəhreyn və Mərakeşlə münasibətlərinə dair də eyni sözləri demək olar. Birləşdirici qüvvə – İrandır və regionda qeyri-sabitliyə dəstək verən onunla, yəni İranla nüvə razılaşmasından irəli gələn maliyyə öhdəlikləridir.
Vəliəhd-şahzadə Məhəmməd bin Salman əsl islahatçı ola da bilər, olmaya da. Onunla bağlı fikir birmənalı deyil. Ancaq o, həqiqətən, İordaniya kralı II Abdullahın on il bundan öncə xəbərdar etdiyi kimi, şiə hilalı tək özünü göstərən İran təsirinin genişlənməsini dayandırmağa qərarlıdır. Tacdar-şahzadə etiraf edir ki, ölkəsi üçün ən pis kabus yavaş-yavaş maddiləşir: İran cənubda husi üsyançıları silahla təmin edir, səltənətin şimalında, qonşu İraqda üstün mövqe tutur. Bu, Bəhreyndə qeyri-sabitliyə səbəb olur və Səudiyyə Ərəbistanının şiə əksəriyyətli şərq vilayətlərində də eyni nəticə doğura bilər. İranın Şam və Beyrutda təsiri var. Məhz buna görə Səudiyyə Ərəbistanı krallığına səfəri zamanı livanlı müttəfiqi, baş nazir Səad Həriri istefa verib.
Məhəmməd bin Salman bu yaxınlarda İsrailin Müdafiə Nazirliyinin yerləşdiyi Tel-Əvivə səfər edib, doğrudur, bu xəbər yalan da ola bilər. Amma o,Ha-Kirya kompleksinə heç ayaq basmayıbsa belə, İran təhdidini tam olaraq görən israillilərlə daha yaxın əlaqələrə malik olduğuna şübhə yoxdur.
Tacdar şahzadə Cared Kuşnerlə danışan yeganə şəxs deyil: Tramp kürəkəninə İsrail və ərəblər arasında sülh prosesində ümumi liderliyi həvalə edib. Kuşner bu məqsədlə İsrail baş naziri Binyamin Netanyahunun ofisinə də baş çəkib.
Kuşnerin rolunu nəzərə alaraq, onunla sonuncu görüşündə şahzadə Məhəmməd bin Salman planlarını ona açıqlaya bilərdimi? Əgər belədirsə, Vaşinqton, daha doğrusu, Ağ Ev İranla qarşıdurmanı istiləşdirəcək və Səudiyyəni dəstəkləyəcəkmi? Yoxsa İsrail Trampun vəkili kimi çıxış edəcək?
Bu prezident, bu tacdar şahzadə və İsrailin indiki baş naziri ilə hər şey mümkündür.