Krımın işğalı: Azərbaycan üçün dərslər
Anti-Qərb demokratiyasının sonu
"xeberinfo.com": "Martın 16-da Rusiya Federasiyasına mənsub əsgərlərin nəzarəti altında Krımda keçirilən referendum bu yarımadanın de-fakto Ukraynadan qoparılması ilə postsovet məkanında yeni soyuq müharibənin müjdəçisi oldu. Krımın işğalı təkcə suverenlik və demokratiya uğrunda mübarizə aparan postsovet ölkələri üçün deyil, həmçinin Avropa Birliyinin Şərqə doğru genişləndirilməsi planına Rusiyanın (Putinin) ciddi maneə olduğunu göstərdi. Hazırda Rusiyanın qonşuları və dünyanın super gücləri Krımın işğalına sərt təpkilər və ya ehtiyatlı yanaşma sərgiləsə də, bu hadisənin gələcək perspektivləri maraq doğurur. Bununla belə etiraf etməliyik ki, 2008-ci ildə Gürcüstan paytaxtına yol alan rus tankları və təyyarələrini xatırlayanlar üçün Ukraynada baş verənlər heç də gözlənilməz olmadı.
Rusdilli avtoritarizm, yoxsa ingilisdilli demokratiya
Keçmiş SSRİ-nin milli ucqarları olan ölkələrdə, o cümlədən Cənubi Qafqazda demokratik hərəkatın yüksəlişi sovet imperiyası dağıldıqdan sonraya təsadüf etmiş, ancaq Moskvada baş verən siyasi dəyişikliklər bu ölkələrə təsirsiz qalmamışdı. Məsələn, nisbətən demokratik dünyagörüşünə malik Boris Yeltsinin dönəmində Rusiyada olduğu kimi bəzi postsovet ölkələrində də demokratik institutlar indiki qədər məhv edilməmişdi. Təbii ki, Baltik ölkələrində Moskvanın təsiri SSRİ-nin süqutundan sonra yetərincə zəif idi. Ancaq Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Orta Asiya ölkələri barədə bunu söyləmək çətindir.
İkinci minilliyin gəlişi Putinin yeni rus imperatoru qismində Moskvada peyda olması ilə nəticələndi. Rusiyanın yeni prezidenti antidemokratik, anti-Qərb və postsovet vətənpərvərliyinə dair baxışları ilə keçmiş sovet ucqarlarındakı “ədalət liderlərinə” örnək olmağa başladı. Məsələn, Rusiya Dövlət Dumasının sərbəst toplaşmaq, birləşmək və ifadə azadlığı sahəsində mürtəce qanunvericilik aktları, bu ölkədə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin təqib olunması 2000-ci illərdən başlayaraq Belarus, Azərbaycan, Ermənistan və Orta Asiya ölkələrində rusdilli avtoritarizm kimi qəbul edildi. Düzdür, ingilisdilli demokratiyanın əsas nailiyyətlərindən olan hakimiyyət bölgüsünə, parlament və seçkilərə Rusiya və onun ardıcılı olan ölkələrdə rast gəlmək mümkündür, ancaq bu yalnız imitasiyadır. Maraqlıdır ki, 2000-ci illərdə Azərbaycan hakimiyyət orqanları və parlamentində ingilisdilli kadrlar və xadimlərin sayı artsa da, bu, ötən 10 ildən artıq dönəmdə rusdilli avtoritarizmi aradan qaldıra bilməyib.
Avropaya inteqrasiyaya qarşı postsovet vətənpərvərliyi
Hələ 2003-cü ilin noyabrında Gürcüstanda, bundan 1 il sonra isə Ukraynada bu ölkələrdə keçirilmiş seçkilərin qeyri-demokratik qaydada baş tutması ciddi etirazlarla müşayiət olunanda rusiyalı rəsmilər baş verənləri Qərbin kəşfiyyat əməliyyatları adlandıraraq gürcü və ukraynalı demokratların qələbəsini gözdən salmağa başladılar. Çox keçmədi bu təbliğat Moldova və Azərbaycanda da başladı. Ancaq həm Gürcüstan, həm də Ukrayna nümunəsi göstərdi ki, Rusiyadan qaynaqlanan postsovet vətənpərvərliyi xalqların Avropa dəyərləri və siyasi sisteminə inteqrasiyasını dayandıra bilməz. Bununla belə inkar etmək olmaz ki, hələ bir çox postsovet ölkəsində insan haqları, demokratiya və Avropaya inteqrasiya meyllərinə qarşı postsovet vətənpərvərliyi mühüm təbliğat vasitəsi kimi istifadə olunacaq. Məsələn, Azərbaycan hakimiyyəti 2005-ci ildən başlayaraq siyasi fəalları, nüfuzlu müxalif hərəkatları, müstəqil jurnalistlər və hüquq müdafiəçilərini xaricdən maliyyələşən antimilli qüvvələr kimi səciyyələndirir. Əslində isə hakimiyyətə opponentlik edən minlərlə insanın ictimai dünyagörüşünün formalaşmasında daha çox Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə kimi klassik milli aydınların baxışları rol alıb. Adı çəkilən şəxslər isə Avropanın aydınlatma və milli kimlik ideyalarından bəhrələnən ictimai-siyasi xadimlər olub.
Krımı itirmək bahasına demokratiya
Gürcüstan Abxaziya və Cənubi Osetiyanı rus tanklarının hücumu qarşısında itirməklə rəsmi Moskva ilə iki yüz ilə yaxın əlaqələrini tarixə çevirdi. İndi Gürcüstanda demokratik institutların durumu keçmiş sovet ölkələri ilə müqayisədə yalnız Baltik respublikalarından geri qalır. Ukraynanı da eyni aqibət gözləyirmi? Bu suala mayın 25-dək cavab vermək çətindir. Ancaq aydın məsələdir ki, Ukrayna xalqı nə suverenliyini, nə demokratiyaya keçid prosesini, nə də Krımı Rusiyaya güzəştə getmək istəyəcək. Hələlik isə Ukraynanın müvəqqəti hökumətinin üzərinə düşən məsələ ölkədə sabitliyi qorumaq və növbədənkənar prezident seçkisinədək Rusiyanın təxribatlarına imkan verməməkdir.
Yeni soyuq müharibənin Azərbaycana təsiri: Türkiyə təcrübəsi
Nə qədər susqun, ehtiyatlı mövqe sərgiləsə də, Krımda keçirilmiş referendumun nəticələrini tanımayaraq, Ukraynanın ərazi bütövlüyünü şübhə altına almayan Azərbaycan hakimiyyəti bu dəfə beynəlxalq hüquqa sadiqliyini göstərdi. Bundan sonrakı dönəmdə də rəsmi Bakı Krım mövzusuna Dağlıq Qarabağ münaqişəsi kontekstindən yanaşmalı olacaq. Şübhəsiz ki, bu, Rusiyanın qəzəbi, Qərbin təqdiri ilə müşayiət olunacaq. Hələlik Rusiyadan sərt münasibət açıqlanmasa da, gələcəkdə Moskvanın dünya birliyindən təcrid olunması və iqtisadi sanksiyalara məruz qalması müqabilində Azərbaycandan Qərb-Rusiya qarşıdurmasında seçim etməsi tələb oluna bilər. Bununla da rəsmi Bakının uzun illər sevərək yürütdüyü “balanslaşdırma” siyasəti üçün geopolitik məkan məhdudlaşa bilər. Əgər nəzərə alsaq ki, Avropa Birliyi Türkiyə və Balkan ölkələrini də anti-Rusiya koalisiyasına cəlb etmək niyyətindədir, o zaman Azərbaycan üçün durum daha da mürəkkəbləşə bilər. İkincisi isə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Qərblə maliyyə-iqtisadi münasibətləri rəsmi Bakını Rusiyadan xeyli uzaqlaşdıra bilər.
Düzdür, rəsmi Bakını Rusiyaya qarşı hər hansı koalisiyada təsəvvür etmək çətindir, ancaq Moskvanın təzyiq və təhrikləri gözlənilən və real sayıla bilər. Belə bir şəraitdə rəsmi Bakı ABŞ və Avropa Birliyinin hərbi-siyasi dəstəyinə arxalanması üçün həm Rusiyanın təzyiqləri, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demaqogiyasından imtina etməli olacaq. Maraqlıdır ki, bu günlərdə millət vəkili Elxan Süleymanov bir çox Avropa institutlarına müraciət edərək, yetərincə həssas bir dönəmdə acıqlı və üstüörtülü bir formada Qərbi Ukrayna hadisələri fonunda ikili standartlarda ittiham edib. Doğrusu, bu məktubun ölkənin xarici siyasət üzrə başbilənləri ilə məsləhətləşərək yazıldığına inanmıram. Ən azı ona görə ki, Ukraynanın ərazi bütövlüyü üzrə qətnamə qəbul edə bilməyən BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair xeyli qətnamələri var.
İkincisi, həm AŞPA, həm də Avropa Parlamenti öz sənədlərində heç vaxt Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıblar. Əgər hazırda Qərbin Ukraynaya göstərdiyi doğmalıq qısqanclıq yaradırsa, unutmayaq ki, 2009-cu ildən irəli sürülən Şərq tərəfdaşlığı proqramına ögey yanaşan 3 ölkədən biri Azərbaycandır. Digər 2 ölkə isə hazırda Rusiyanın forpostu sayılan Ermənistan və Belarusdur. Əgər Azərbaycan hakimiyyəti insan hüquqları, demokratiya, qanunun aliliyi və yaxşı idarəetmə sahəsində ABŞ və Avropa Birliyi ölkələri ilə hər hansı dialoq və müzakirəni rədd edirsə, bunu münasibətlərin sərin olması üçün təbii hadisə hesab etmək olar.
Nəhayət, unutmayaq ki, Ukrayna xalqı Avropaya inteqrasiya naminə 100-dən artıq insanı itirib və bu itkilərin sırasına indi Krım da daxil olub. Qeyd edək ki, indiki çətin geopolitik şəraitdə Azərbaycanın Qərbdən dəstək alan Gürcüstan, Moldova və Ukraynanın sırasına qoşulması üçün atacağı ən zəruri addım Türkiyə təcrübəsindən yararlanmaq ola bilər. Xatırladım ki, 1949-cu ildə soyuq müharibə başlayanda SSRİ-nin təhdidlərinə məruz qalan ölkələrdən biri kimi Türkiyə cəmi 3 ilin ərzində siyasi islahatlara başladı və NATO-nun üzvlüyünə qəbul edildi. 1950-ci illərdə Türkiyədə Atatürkdən miras qalmış təkpartiyalı sistem yerini çoxpartiyalı sistemə və azad seçkilərə verdi. Azərbaycan hakimiyyəti də qardaş ölkənin 60 il əvvəl sınaqdan çıxardığı təcrübəni mövcud iqtisadi-siyasi imkanlar çərçivəsində uğurla sınaqdan çıxara bilər. Yetər ki, buna siyasi iradə və milli təəssübkeşlik olsun...