Metro ticarətçiləri yeni yerlərindən narazıdır
"xeberinfo.com": Bakı Metropolitenin stansiyalarında ticarət köşkləri söküləndən sonra ticarətçilər metro rəhbərliyindən təmir üçün verdikləri 1000-1500 manatı tələb etməklə yanaşı, onlara ticarət mərkəzlərində dükanların verilməsini tələb etmişdilər.
“Metroda işləyənlərə belə yerlər sərf etmir”
Bakı Şəhər İcra hakimiyyəti və Metropolitenin rəhbərliyi satıcıları yaxın günlərdə yerlə təmin edəcəyi vədini vermişdi. Onlara “AMAY”, “Keşlə”, “Şərq” və bir neçə ticarətmərkəzini təklif etmişdilər. Ticarətçilər edilən təkliflərlə razılaşmadıqlarını deyirdilər. Onların sözlərinə görə, həmin ünvanlarda işləmək sərfəli deyil. Yer haqqının baha olduğunu deyən satıcılar bildirirdilər ki, təklif olunan yerlərdə alıcılar azdır.
Ötən gün metronun “28 May” stansiyasının yaxınlığından yerləşən yeraltı ticarət mərkəzinə üz tutduq. Satıcıların bir neçəsi ilə söhbət zamanı bəlli oldu ki, ümumiyyətlə sözügedən ticarət məkanında metro ticarətçilərindən heç kim gəlməyib: “Əgər kimsə gəlibsə o arxa sırada ola bilər. Çünki mərkəz hissə çoxdan tutulub və əksəriyyətini də tanıyırıq. Yaxın günlərdə isə mağazalarda “arenda”ya yer götürən adam yoxdur”.
Hüseyn Vəliyev adlı satıcı yaxın qohumunun metroda ticarətlə məşğul olduğunu bildirdi. Sözlərinə görə, indi yaxını onun işlədiyi ünvana gəlməyib. Səbəb isə yer haqqının baha olmasıdır: “Burada yer haqqı 1500-2000 manatdır. Metroda işləyənlərə belə yerlər sərf etmir. Üstəlik, təzə yerə köçənlər bir müddət ziyana işləyirlər. Həm də burada işləmək üçün gərək yaxşı pulun olsun”.
Dostu ilə şərikə yer götürən metroda ticarətlə məşğul olmuş Hikmət 4 gündür bura köçüb. Hələlik ciddi irəliləyiş olmadığını deyən satıcı iki ay işləyəndən sonra son qərarını verəcək: “Metro mənim üçün əlverişli idi. Rahat işləyirdim. Yer haqqı çox da baha deyildi. Burada isə dostumla şərikə işləyirəm. 2 min manat yer haqqıdır. Bu mənim üçün böyük rəqəmdir. Müflis olmamaq üçün iki nəfərə işləyirik”.
Qadın ayaqqabıları satan Hikmət onu da bildirdi ki, metrodakı ticarət dükanları söküləndə xeyli ziyana düşüblər: “Banklara 3 min manatdan çox borcum var. Biz dəfələrlə aidiyyəti qurumlardan xahiş etdik ki, banklara olan borcumuz dondurulsun, bir neçə ay yer haqqı alınmasın, təmir üçün verdiyimiz pullar geri qaytarılsın. Ancaq bunların heç biri olmadı. Məcburuq ki, haradasa iş tapıb borclarımızı ödəyək”.
“Sadəcə şərait metrodakına nisbətən yaxşı olacaq”
“AMAY” Ticarət Mərkəzində isə metro satıcılarından heç kim yoxdur.Məlumata görə, son günlər bura vaxtilə metroda ticarətlə məşğul olmuş sahibkarlardan keç kim müraciət etməyib.
Paytaxtın 8-ci kilometr qəsəbəsində, 8-ci kilometr bazarı yaxınlığında yerləşən “Lotos” Ticarət Mərkəzində isə metrodan çıxarılmış sahibkarlar üçün ayrıca yer qurulur. Hətta adını da qoyublar: “Metro Ticarət Mərkəzi”. Bu mərkəz “Lotos”un zirzəmisində açılır. Vaxtilə bura avtomobil dayanacağı olub. İndi dayanacağı təmir edib “Metro Ticarət Mərkəzi”nə çevirirlər.
“Lotos”un direktoru Bəhruz Həsənov bildirdi ki, metroda obyekti sökülənlər burada aprelin 10-dan fəaliyyətə başlaya biləcəklər. Bəhruz Həsənov qeyd etdi ki, onlar metrodan çıxarılan sahibkarlardan 180 nəfərinə yer verə biləcəklər. Burada əsasən metronun “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu”, “Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində ticarət aparmış sahibkarlar yerləşdiriləcək.
Bəhruz Həsənov həmin sahibkarlarla müqavilə bağlanacağını və icarə qiymətlərində onlara bəzi güzəştlərin ediləcəyini söylədi.
“Lotos”da metrodan çıxarılan sahibkarların bəzisi ilə qarşılaşdıq. Onlar hələ fəaliyyətə başlamayıblar, yeni qurulan yerlərin hazırlanıb başa çatdırılmasını gözləyirlər. Sahibkarlar burada ticarətin yaxşı gedəcəyinə ümidlidirlər. Amma onlar yeni yerlərin hansı qiymətə təklif olunduğu barədə məlumat vermədilər, hələ ödəniş etmədiklərini dedilər.
“Koroğlu” metro stansiyasındakı obyektlərdən birində işləmiş Sabir Əhmədovla söhbətləşdik. Deyir metrodan çıxarılandan sonra özləri yer axtarıblar və “Lotos”u da hökumət, metropoliten vasitəsilə yox, özləri tapıblar: “Fərdi şəkildə müraciət etdik. Yer pulu metrodakından çox da fərqlənmir. Mən razıyam, metronun darısqal, havası ağır şəraitindənsə kondisioner olan yerdə işləmək daha yaxşıdır”.
Natiq Qurbanov “Neftçilər” metrosunun keçidindəki obyektlərin birində işləyib. O da deyir ki, buranı özü tapıb, onu burada heç kim yerləşdirməyib. Amma bildirir ki, burada satış metrodakı qədər çox olmayacaq: “Sadəcə şərait metrodakına nisbətən yaxşı olacaq”.
Natiq Qurbanov bir müddət icarə haqqını qabaqcadan ödəməyəcək, dediyinə görə, belə razılaşıb ki, müəyyən müddət işləsin, icarə haqqını sonra ödəsin.
Natiq Qurbanov metroda icarə haqqının buradakından artıq olduğunu da söylədi.
Söhbətləşdiyimiz adamlar metrodan çıxarılmış sahibkarların paytaxtın bir sıra digər ticarət mərkəzlərində yerləşməyə başladıqlarını da bildirdilər.