Metroda ticarət obyektləri bərpa edilir
Metro stansiyalarında ticarət köşkləri bəpra oluna bilər.
"Xeberinfo.com": Məlumata görə, artıq “Koroğlu” stansiyasında bir ticarət köşkütikilib. O, yaxın günlərdə istifadəyə veriləcək.
“Bakı Metropoliteni” QSC-də ticarət köşklərinin ləğv edilməsindən sonra ilk dəfə olaraq “Koroğlu” metrosunda ticarət obyekti açılır. Əldə etdiyimiz məlumata görə, obyekt gül salonu kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 27 fevral, 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC yaradıldı. Zaur Hüseynov onun sədri təyin edildi.
Z.Hüseynovun ilk səs-küylü qərarı isə bütün metro keçidlərində ticarət obyektlərinin sökülməsi oldu. “20 yanvar” metrosundakı ticarət obyektləri istisna olmaqla bütün metro keçidlərindəki obyektlər söküldü.
Həmin vaxt “Koroğlu” metrosu yenidən təmir olunmuşdu və ticarət obyektləri də yeni tikilmişdi. Söküntü işləri zamanı da “Koroğlu”da bir dənə də olsun obyekt qalmadı. İndi isə həmin obyektlərin boş qalan yerləri istifadəyə verilir.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə ticarət obyektlərinin bağlanması qərarı vermişdi. Qarşıya qoyulan məqsəd metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi idi.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev virtualaz.org-a açıqlamasında “Koroğlu” metrosunda ticarət obyektinin tikilməsi faktını təsdiqlədi.
N.Paşayev metropoliten ərazisində sərnişinlərin hərəkətinə mane olmayan, təhlükəsizlik baxımından heç bir problem yaratmayan obyektlərin tikilə biləcəyini dedi: “Metropoliten ərazisində əvvəllər olduğu kimi heç bir keçiddə ticarət obyekti olmayacaq. Ancaq sərnişinlərin hərəkətinə, təhlükəsizliyinə problem yaratmayan keçidlərdə ticarət obyektləri ola bilər. Amma bununla bağlı hələ heç bir qərar verilməyib. Qeyd edilən obyektin tikintisindən xəbərim var. Bu obyekt sərnişinlərin hərəkətinə heç bir maneə törətmir”.