Bakı metropolitenində daha bir dəyişiklik
Zaur Hüseynov metro da indi də reklam lövhələrini və pullu tualetləri yığışdırır
"xeberinfo.com": "Bakı Metropoliten"in stansiyalarında ticarət köşklərinin ləğv edilməsi və satıcıların bir neçə ay öncə təmir üçün verdikləri 1000-1500 manatın qaytarılmaması etirazlara səbəb olub. Bir neçə dəfə Metropolitenin binası önündə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında, o cümlədən “Neftçilər” metrostansiyasında aksiya edən zərərçəkənlər ödədikləri məbləğləri tələb ediblər. Üstəlik, hökumətdən banklara olan borclarının bir müddətliyə dondurulmasını, eləcə də ticarət mərkəzlərində yerlər istəyirlər. Di gəl, rəsmilər onların tələblərini bu günə qədər yerinə yetirməyiblər.
Satıcılar deyirlər ki, mart ayının yer haqqsını ayın əvvəlində ödəsələr də, dükanlarında 20 gün işləyə bilməyiblər. Baxmayaraq ki, BŞİH-in başçısı Hacıbala Abutalıbov satıcılara martın 27-dək işləyə biləcəklərini vəd vermişdi. Ancaq bu görüşdən 3-4 gün sonra mağazaların sökülməsi başlanıldı. Çarəsiz qalan satıcılar çox ziyana düşməmək üçün mallarını dəyər-dəyməzə satmağa məcbur oldular. Tağı Əhmədovun xiffətini çəkən ticarətçilər onlara höklumətin güzəşt edilməsini istəyirlər.
“Bizə çox böyük zərbə vurdular. Ziyana düşdük. Hər yerdən əlimiz üzülüb. Mallarımızı ucuz qiymətə satdıq. Üstəlik, işləməyimiz üçün normal yer verilmir. “Keşlə” bazarında pal-paltar satmaq mümkdün deyil, A.M.A.Y.-da alıcı yoxdur. Hara gedək? “Binə”, “Sədərək”də işləyə bilmərik. Oradakı sahibkarla ayaqlaşmağımız çətindir. Bundan başqa orada yer haqqı da yüksəkdir. Heç olmasa 2-3 ay yer haqqına güzəşt edilsəydi, bizə dəymiş ziyan ödənilsəydi, təmir üçün verdiyimiz pullar geri qaytarılsaydı ora gedərdik. Ancaq bunların heç biri yoxdur. Müflis olmuşuq. Hacıbala Abutalıbov bizə vəd verdi, ancaq onun sözünü eşitmədilər və bizi tez köçürdülər. Köçürülmə üçün ən azı bir ay öncədən vaxt verilsəydi, mallarımızı yerbəyer edərdik. Ya mal almazdıq, ya da geri qaytarmaq şərtilə götürərdik. Ən azı 3-4 min manat ziyana düşmüşük”, - deyə satıcılar narazılıqlarını ifadə edirlər.
Metropolitenin yeni rəisi Zaur Hüseynov növbəti əmrə imza atıb. O, tabeliyindəki işçilərə metro vaqonlarındakı reklam və elanların tezliklə yığışdırılmasını tapşırıb. Göstərişə əsasən vaqonlardakı səsli reklam monitorları, reklam, elan və afişaların vurulduğu bütün şitlər qısa müddətdə ləğv olunacaq. Bir sözlə, tezliklə vaqonlarda heç bir reklama rast gəlinməməlidir.
Zaur Hüseynovun bu qərarının metro stansiyalarında yerləşdirilmiş reklamlara da aid edilib-edilməyəcəyinin hələ məlum olmadığı bildirilib.
Virtualaz.org saytının verdiyi xəbərə görə, metro stansiyalarında fəaliyyət göstərən tualetlər də artıq bir neçə gündür ki, bağlanıb.
Metro işçiləri bu qadağanın metro stansiyalarında ticarətin qadağan olunmasından və ticarət obyektlərinin sökülməsindən sonra tətbiq edildiyini deyiblər.
Qeyd edək ki, bütün metro stansiyalarında pullu tualetlər var. Həmin tualetlər əsasən metro işçiləri üçün nəzərdə tutulsa da sərnişinlər də onlardan istifadə edirdilər. Bu tualetlər 20 qəpik idi. Nəzarət işini isə hər stansiyanın xadimələri həyata keçirirdi. Yəni, bu tualetlərin də günlük planı var idi.
Bu arada o da məlum oldu ki, Metropolitenin keçmiş rəisi Tağı Əhmədov bayramla əlaqədar ailəsiylə birlikdə Dubaya istirahətə gedib. Düzdür, mediada öncə Tağı Əhmədovun ölkənin birdəfəlik tərk edildiyi haqda məlumatlar yayıldı. Sonra isə bu xəbərlər təkzib edildi. Tağı Əhmədov Dubaya getdiyini təsdiqləsə də, yaxın günlərdə qayıdacağını söylədi.
Mətbuatda hətta belə xəbər də yayıldı ki, hakimiyyət orqanları metropolitendə korrupsiya faktları ilə bağlı xüsusi araşdırma aparılması zərurəti ilə əlaqədar T.Əhmədova ölkəni tərk etmək yasağı qoyub.
Virtualaz.org saytının məlumatına görə, T.Əhmədov Azərbaycanı doğrudan da tərk edib. Bakı metrosunun keçmiş şefi ailə üzvləri ilə birlikdə hazırda Dubayda günəş vannası qəbul edir. Keçmiş məmur və ailə üzvləri dəbdəbəli “Atlantis” otelində yerləşiblər.
Xeber.az saytına danışan Tağı Əhmədov ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib.
“Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burada istirahət edirik. Burada ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin... Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”, - deyə Tağı Əhmədov bildirib.
Onu da bildirək ki, ərəb səhrasına səyahət edənlər arasında populyar olan beşulduz “Atlantis” lüks otellərdən sayılır. Burada qalmaq orta dərəcəli azərbaycanlı məmurun cibinə, daha doğrusu, maaşına uyğun deyil, yəni çox bahalıdır. Amma vəzifəsini itirmiş azərbaycanlı məmur və ailə üzvləri bu dəbdəbəli otelin apartamentlərində korluq çəkmədən yaşayırlar.