5 aprel görüşünün pərdələnmiş HƏDƏFLƏRİ
Sabah, aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında keçiriləcək üçtərəfli konfransın əsl mahiyyəti, məqsədi və pərdələnmiş hədəfləri haqqında bəzi qənaətimi bölüşmək istərdim.
Yenixeber.org: Birinci məqsəd, torpaqlarının işğalına birdəfəlik son qoyan Azərbaycanın öz şərtləri ilə sülh müqaviləsinin imzalanmasına təkid etməsi fonunda Avropa İttifaqının (Fransanın) və ABŞ-ın Ermənistana açıq dəstəyini nümayiş etdirməkdir. Təsadüfi deyil ki, görüşün ilk anonsu 6 ay öncə, keçən ilin oktyabrın 5-də Azərbaycanın haqlı olaraq iştirakdan imtina etdiyi Qranadada verilmişdir. Brüssel görüşünə müxtəlif “don geyindirməyə” çalışsalar da, biz yaxşı başa düşürük ki, burada pərdələnmiş hədəflərdən biri Azərbaycana təzyiqi artırmaq, ölkəmizə qarşı Ermənistanı gücləndirmək, rəsmi İrəvana iqtisadi və hərbi dəstəyi hiss olunacaq dərəcədə artırmaq üçün real mexanizmlər yaratmaq, müxtəlif proqram və layihələri təsdiqləməkdən ibarətdir.
İkinci məqsəd, bu görüşü təşkil etməklə ABŞ və Aİ-nin Ermənstan hakimiyyətinə, şəxsən Nikol Paşinyana dəstəyini artırmaq, onun mövqeyini və fiziki təhlükəsizliyni ölkə daxilində daha da gücləndirmək istəyi də ortadadır. Təsadüfi deyil ki, açıqlanan görüşün formal mövzusu iqtisadi və demokratik islahatlara dəstək kimi təqdim olunur. İndiki vaxtda reytinqi 17 faizə düşən Paşinyanın bu dəstəyə çox ehtiyacı var.
Üçüncü məqsəd, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün bir tərəfdən nəbz yoxlanılması, yəni, Rusiyanın hara qədər müqavimət göstərə biləcəyinin dairəsini dəqiqləşdirmək, digər tərəfdən, Rusiya ilə strateji əlaqələrin kəsilməsi istiqamətində praktiki addımlar atmaq üçün Paşinyanı daha da cəsarətləndirmək, daha irəli gedəcəyi təqdirdə Rusiyanın siyasi, iqtisadi və hərbi basqısından Ermənistanı müdafiə edə biləcəklərini açıq nümayiş etdirməkdir. Başqa sözlə, əgər, Ermənistan KTMT-dən çıxarsa, ona təhlükəsizlik zəmanəti, Avrasiya iqtisadi birliyinidən çıxarsa, iqtisadi itkiləri kompensasiya etmək yollarını müəyyən etmək.
Dördüncü məqsəd, şərti sərhəddə hərbi təxribat törədiləcəyi təqdirdə Azərbaycanın cavab tədbirlərini Ermənistana hücum kimi qiymətləndirələn zaman Fransa və ABŞ-ın məsələyə necə müdaxilə edəcəyi ssenarilərini müzakirə etmək, beləliklə, onların rəsmi İrəvanın kömək üçün göndərdiyi dəvətlə Ermənistanda hərbi cəhətdən yerləşməsinə, Rusiya hərbi bazasını və sərhəd qüvvələrini Ermənistandan çıxarılmasına nail olmaq. Aİ-nın “mülki missiyası”na (əslində hərbi missiya) Kanadanın ardınca ABŞ-ın qoşulma niyyətinin olması haqqında məlumatlar da bu planın tərkib hissəsidir. Əgər, ABŞ və Aİ hərbi qüvvələri Ermənistanda yerləşərsə, o zaman, Azərbaycanla güc balansının və tarazlığın yaranmasını, “çəkindirici güc” kimi çıxış etməsini təmin etmək əsas hədəflər sırasındadır. Aİ-nın “mülki missiyası”nın Ermənistanı Azərbaycandan “qoruyan müdafiə qalxanı” kimi fəaliyyət göstərməsi, hətta, son günlər Ermənistanın şərti sərhəddə qoşun cəmləşdirməsini “ört-basdır” edən bəyanatla çıxış etməsi, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistan XİN-in mətbuat xidmətinin sözçüsü rolunu oynamsı bu qurumun əsl mahiyyətini bir daha ortaya qoymuş oldu. Bu baxımdan, Aİ-nın yaxın gələcəkdə Ermənistanın Azərbaycana qarşı törədə biləcəyi hərbi təxribata verəcəyimiz cavabı aqressiya kimi qiymətləndirəcəyicşübhə doğurmur. Ona görə də qərb Qranada görüşündən sonra bu planın həyata keçirilməsi məqsədilə ölkəmizə qarşı yeni informasiya müharibəsinə, Azərbaycanı Ermənistana hücum edəcəyi haqqında yalan kampaniya başladı. Paşinyanın “əgər, 4 qeyri-anklav kəndi qaytarmasaq, Azərbaycan bir həftəyə hücuma keçəcək” bəyanatı da bu kampaniyanın tərkib hissəsidir. Bu bəyanatdan təxminən üç həftə keçir, nə Paşinyan 4 kəndi qaytarır, nə də Azərbaycan Ermənistana hücum edir.
Beşinci məqsəd, sülh danışıqlarında və Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyini zəiflətmək, kommunikasiya və nəqliyyat xəttlərinə, xüsusilə, orta dəhlizə nəzarəti ələ keçirmək, Ermənistanı sözün əsl mənasında ABŞ və Fransanın alətinə, forpostuna və geosiyasi maraqların toqquşduğu “plasdarma” çevirmək, Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyəti də görüşün pərdələnmiş hədəfləri və məqsədləri sırasındadır. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O`Brayn ABŞ Konqresinin keçən ilin noyabr ayında Qarabağda vəziyyətə dair keçirdiyi dinləmələrdə Zəngəzur dəhlizinin yalnız Ermənistanın istəyi və şərtləri çərçivəsində açıla biləcəyi haqqında verdiyi bədnam bəyanatını xatırılamaq yerinə düşər. Bundan başqa, ABŞ kəşfiyyatının martın 4-də yaydığı açıqlamada “Zəngəzur dəhlizi uğrunda müharibə ola bilər” ifadəsinin işlətməsi də Azərbaycana qarşı nəzərdə tutulan planın hazırlıq mərhələsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bütün bu “informasiya artilleriyası hazırlığı”ndan sonra Ermənistan ordusunun son günlər məhz, Naxçıvanla sərhəddə, yəni, Qarakilsə istiqamətində fəallaşması hərbi təxribatın Zəngəzur dəhlizi ətrafında baş verə biləcəyi ehtimalını artırır.
Maraqlıdır ki, qərbin bu dağıdıcı fəallığına və regiona tam nəzarət etmək istəyinə İrandan heç bir reaksiya yoxdu. İran bir il öncə regiona üçüncü tərəfin müdaxiləsini onun “qırmızı xətti” adlandırmasına və Azərbaycana hədə-qorxu gəlməsinə baxmayaraq, bu prosesə səssiz qalmaqda davam edir.
Bunun səbəbləri barədə bəzi məqamlara diqqəti cəlb etmək istərdim.
Birinci, Fransa ilə İranın “arxa qapıdan” sıx təmasda olmaları hamıya bəllidir və bu təmaslar zamanı qərbin Ermənistanda möhkəmlənməsini Tehranın “bazarlıq” mövzusuna çevirməsi ehtimalı çox yüksəkdir.
İkinci, AI-nın xarici siyasi məsələlər üzrə ali nümayəndəsi Cozef Borelin İranın XİN başçısına bu günlərdə zəng vurub İrana qarşı sanksiyaların qaldırılmasının mümkünlüyünü bildirməsi susqunluğun səbəbləri sırasında qeyd etmək mümükündür.
Üçüncü, qərbin Azərbaycana və Zəngəzur dəhlizinə qarşı planlarının İranın maraqlarına xidmət etməsi və rəsmi Tehranın ölkəmizə qarşı yumşaq desək, qeyri-dost siyasəti ilə üst-üstə düşməsini ayrıca vurğulamaq lazımdır.
Ancaq hamı bilməlidir ki, Azərbaycan heç bir halda bu məkrli planın baş tutmasına imkan verməyəcək. ABŞ, Fransa və Aİ tərəfindən ölkəmizin təhlükəsizliyini açıq təhdid edəcək praktiki addımlara yol verilərsə, o zaman, tez-tez deyildiyi kimi, Ermənistanın Suriyaya çevrilməsi, regionda ciddi təlatümların və yeni müharibənin baş verməsi qaçılmaz olacaq. Bütün bunların məsuliyyəti isə ilk növbədə, ABŞ-ın, Fransanın, Avroppa İttifaqının və əlbəttə ki, Ermənistanın üzərində qalacaq. Nəticədə, ən çox qərbin bölgədəki strateji maraqları zərər görəcək.
Ona görə də, əgər, ABŞ və Aİ Ermənistanı Rusiyanın orbitindən, iqtisadi və hərbi asılılığından qoparmaq istəyirsə və bunu etməyi bacarırsa, etsin, lakin bunun Azərbaycanın milli maraqları bahasına edilməsi qətiyyən yol verilməzdir. Azərbaycanı bu oyuna çəkməsinlər, ABŞ və Avropa Azərbaycanla əməkdaşlılğını, özəlliklə, enerji, nəqliyyat və logistika planlarını risk altına atmasınlar.
Həm də unutmasınlar ki, Türkiyə-Azərbaycan birliyi və ittifaqı bu planın qarşısını almaq üçün hərbi, siyasi, iqtisadi və diplomatik rıçaqlardan tam şəkildə istifadə etmək iqtidarında və əzmindədir. Qərbin istənilən pozucu hərəkəti Ermənistanla sülh müqaviləsini, Türkiyə ilə normallaşma prosesini qeyri-müəyyən vaxta təxirə salacaq, bu vəziyyətdən isə ən çox faydalanan İran və Rusiya olacaq.
Görünür, ABŞ-ın Dövlət katibi cənab Blinken bunu yaxşı başa düşdüyündən Azərbaycanın Prezidenti cənab İlham Əliyevə aprelin 3-də zəng vurması 5 aprel görüşünün ölkəmizin əleyhinə olmadığını əsaslandırmağa və mövcud narahatçılığı azaltmağa hesablanıb. Lakin əminəm ki, söhbət zamanı Blinken Azərbaycanın “qırmızı xəttinin nədən ibarət olduğunu və milli maraqlarımıza qarşı edilən istənilən həmlənin cavabsız qalmayacağını da tam olaraq anlamışdır.
Baş verən olaylara Türkiyə hələ ki, rəsmi münasibət bildirməsə də, inanıram ki, iki qardaş ölkə arasında mövzuya dair sıx məsləhətləşmə və məlumat mübadiləsi ən yüksək səviyyədə həyata keçirilir.