Qarabağdakı xunta rejimi Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə qarşı təxribatçı-terrorçu əməllərə əl atsa, Bakı öz vətəndaşlarını xilas üçün hərəkətə keçə bilər
Yenixeber.org: Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları ilə yanaşı, Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərdəki erməni əhali ilə bağlı dialoq, reinteqrasiya prosesi də gündəmdədir. Azərbaycan bu yöndə əlindən gələn hər şeyi edir.
Bir vacib məqamı vurğulayaq ki, erməni əhali ilə danışıqlar Azərbaycanın daxili işi kimi qiymətləndirilir. Çünki söhbət Azərbaycanın ərazisində yaşayan ermənilərdən gedir, hansı ki, onlar ya vətəndaş kimi yaşamağa razı olmalı, ya da ölkəni tərk etməlidirlər. Ermənistan rəhbərliyi də qeyri-rəsmi və rəsmi açıqlamalarında buna dair radikal mövqedə deyil, hətta ermənilərə mesaj da verilir ki, Qarabağda yaşayışla bağlı gedin Azərbaycanla danışın! Düzdür, bu prosesin açıqlanmayan tərəfləri də var idi, hətta bir neçə ay öncə ermənilərlə sülhməramlıların iştirakı ilə Xocalıda görüş də olmuşdu. Lakin ortaya çıxan həqiqət ondan ibarətdir ki, reinteqrasiya məsələsində maraqlı olmayan güclər var və bu yöndə danışıqlarda vasitəçilər olduqca, nəticə də olmayacaq. Çünki onlar bölgədə reinteqrasiyada heç də maraqlı deyillər. Deyəsən, ermənilər artıq reallıqları dərk və qəbul edərək, Bakı ilə danışıqlara razılaşıblar.
Məlumata görə, hazırda Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır. Caliber.az bu barədə məlumat yayıb ki, görüş təklifi heç bir üçüncü ölkədən gəlmir, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək. Siyasi ekspert Asif Nərimanlı bildirib ki, Qarabağdakı ermənilərin nümayəndələri ilə görüşün Yevlaxda keçiriləcəyi haqda yayılan məlumatlar maraqlı detaldır: “Ermənistanın I Qarabağ müharibəsində Yevlaxa qədər əraziləri işğal etməyi planlaşdırırdı. Hətta ”biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik" çağırışları edilirdi. 44 günlük müharibənin ilk günlərində də erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” iddiaları irəli sürürdü. İndi ermənilər Bakının onlara hansı taleyi yazacağını görmək üçün Yevlaxa gəlir". Ekspertin fikrincə, erməni nümayəndələrin qəbul yerinin Yevlax seçilməsi bu kontekstdə təsadüfə bənzəmir.
Fakt budur ki, Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər. Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin məkrli davranışları da erməni separatizmini stimullaşdırır və reinteqrasiya prosesinə xələl gətirir. Prezident İlham Əliyev Komitənin Xankəndi ofisi ilə bağlı prinsipial mövqeyini “Euronews” televiziyasına müsahibəsində ifadə edib. “Əfsuslar olsun ki, bu günə kimi Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə ”Qarabağ Azərbaycandır" söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir", - deyə dövlətimizin başçısı bildirib.
Bu, artıq BQXK-nin öz fəaliyyətinə düzən verməsi üçün kifayət edəcək qədər mesajdır. Ölkə rəhbəri xatırladıb ki, Komitə öz missiyasına uyğun olmayan fəaliyyətlə də məşğul olub, məsələn, mobil telefonların, siqaretin qaçaqmalçılığını həyata keçirib Laçın yolu vasitəsilə. Təbii ki, bu, utanc gətirən faktlardır. Bu gün İrəvan və Xankəndidəki BQXK ofislərinin qarşısında Meşəli sakinlərinin cəlladı Vaqif Xaçaturyanı müdafiə aksiyaları keçirilir, həmçinin komitədən tələb olunur ki, saxlanan cani ilə video əlaqəni dərhal təmin etsin. Hansı ki, BQXK-nin Azərbaycan hakimiyyətinin icazəsi və razılığı olmadan Xankəndidə ofis açması, burada fəaliyyəti qanunsuzdur. Yəni Xankəndi ofisi ya bağlanmalı, ya da Bakıya tabe etdirilməlidir! Əks halda, Qarabağdakı ermənilər özlərini bir az da güvənli hesab edib, Azərbaycanın təkliflərini görməzdən gəlməyə çalışacaqlar.
Deputat Sahib Alıyev xatırladıb ki, Prezident İlham Əliyevin hətta Ermənistanın baş nazirinin dəfələrlə “Qarabağ Azərbaycandır” söylədiyi halda Qırmızı Xaç Komitəsinin Xankəndidəki təmsilçiliyinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabeçiliyinin yolverilməz olduğunu bildirməsi sözügedən quruma və ondan geosiyasi alət kimi faydalananlara son xəbardarlıqdır: “Yəni diqqətlərinə çatdırılır ki, Azərbaycan bu vəziyyətlə barışmaq niyyətində deyil”.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti sözügedən müsahibəsində həm Ermənistandakı, həm də Azərbaycan ərazilərindəki ermənilərə mövqeyini növbəti dəfə çatdırıb. “Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik”-deyən ölkə rəhbəri onlara ünvanlı vacib xatırlatmalar edib: “Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqlarını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.
Göründüyü kimi, sülhün və əmin-amanlığın bərqərar olunması üçün olduqca vacib mövqedir və həm Ermənistan əhalisinə, həm də 30 ildən artıqdır separatçı-terrorçuların, xunta rejiminin girovluğundakı Qarabağ ermənilərinə xilas yolu təklifidir.
İndi Qarabağ erməniləri üçün gerisayım başlayıb, ya Azərbaycanın təklif etdiyi xilas düsturunu qəbul etməli, ya da Laçın yolundan sonuncu dəfə istifadə etmək şansını əldən verməməlidirlər. Görüş təşəbbüsünə qarşı məkrli mövqelər də var, hətta görüşün üçüncü tərəfin moderatorluğu ilə, Qarabağ rejiminin “tərəf” kimi təqdimatı əsasında keçirilməsi iştahında olanlar da var, amma bu, alınan məsələ deyil. Bəs, nəzərdə tutulan görüş baş tutarsa, hansı nəticələr verə bilər? Buna əngəl törətmək istəyən güclər əlbəttə ki, yenə də olacaq - hətta Qarabağdakı radikalların əli ilə müxtəlif təxribatlar da ola bilər. Prosesi necə aparmaq olar ki, zədələnməsin və real, müsbət nəticələr əldə olunsun?
Tural İsmayılov: “Qarabağ ermənilərindən siyasi alət kimi istifadə cəhdlərinin artıq sonu çatıb”
“Qarabağda yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir. Bu günə qədər Azərbaycan hansısa başqa ölkənin vətəndaşları ilə bağlı məsələlərə qarışmayaraq siyasi etikanın ən dürüst və mükəmməl örnəyini yaradıb”. Bu fikirləri isə politoloq Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilərin taleyini yalnız Azərbaycan müəyyənləşdirə bilər: “Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq multikultural dəyərlərə önəm verən, bir çox kimliyin rahat formada yaşadığı ölkədir. Bu gün Azərbaycanda erməni əsilli vətəndaşlarımız sülh və sabitlik şəraitində yaşayırlar. Ona görə Paşinyan və Arayik kimi terrorçunun Qarabağ ermənilərini manipulyasiya etməyinə artıq son qoyulur. Əvvəl-axır Qarabağda yaşayan və cinayət etməyən ermənilər Azərbaycan vətəndaşlığı alacaqlar. Praqada cənab Prezident bir daha vurğuladı ki, Qarabağda yaşayan ermənilərin bütün hüquqları digər vətəndaşlarımız kimi təmin ediləcək. Qarabağ ermənilərindən siyasi alət kimi istifadə cəhdlərinin artıq sonu çatıb. Kütləvi şəkildə səfalətə düçar edilmiş Xankəndi ermənilərinin Azərbaycana müraciətləri artıb”.
Elxan Şahinoğlu: “50 və ya 100 erməni Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onlara təzyiq edilərsə...”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Qarabağ ermənilərindən 100 və ya 50 nəfəri Azərbaycan vətəndaşlığına keçmək istədiyini bəyan edərsə, bu yolla da qısa müddətdə separatizmin kökünü kəsmək mümkündür. “Prosesi necə tənzimləmək olar?”-sualına ekspertin cavabı belədir: “Laçın sərhəd keçid-məntəqəsinin yaxınlığında və ya Şuşada Asan Xidmət Mərkəzi fəaliyyətə başladıqdan sonra Xankəndi və ətrafda yaşayan erməniləri Azərbaycan pasportu almaq üçün bu ünvanlara iqtiqamətləndirmək mümkündür. Eyni zamanda Azərbaycan pasportu və vətəndaşlığını qəbul edən ermənilərin hansı üstünlüklər qazanacağı təbliğatını gücləndirmək lazımdır. Qarabağ ermənilərinə o da izah edilməlidir ki, Azərbaycan vətəndaşlığı və pasportu onların bu bölgədə rahat yaşamalarının yeganə alternatividir, əks halda, Qarabağı tərk etməkdən başqa seçimləri qalmayacaq. Digər tərəfdən, 50 və ya 100 erməni Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra onlara təzyiq edilərsə, bunun özü onları radikallardan qorumaq üçün Azərbaycan hərbi qüvvələrinə Xankəndinə daxil olmasına şərait yaradacaq”.
Əslində Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq üçün qərar verməyə ehtiyatlanması Xankəndidəki qanunsuz silahlılarla bağlıdır. Onlar əvvəlki illərdə bu sayaq cəhdlərin qarşısının terrorla alındığını unutmayıblar. Amma ekspertimizin dediyi kimi, Qarabağdakı xunta rejimi Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə qarşı təxribatçı-terrorçu əməllərə əl atsa, Bakı öz vətəndaşlarını xilas üçün hərəkətə keçə bilər. Bunu həm beynəlxalq hüquq, həm də Azərbaycan qanunları tələb edir.(musavat)
E.PAŞASOY