İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən Azərbaycan Avtomobil Yolları Agentliyinin tabeliyindəki “9 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rəşad Kərimovun ölkədən çıxışına məhdudiyyət tətbiq olunub.
Yenixeber.org: Bu qərar onun rəhbərlik etdiyi MMC-nin Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olması ilə bağlıdır. Rəsmi məlumata əsasən, müəssisənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ümumilikdə 1 milyon 270 min 960 manat 76 qəpik məbləğində vergi borcu mövcuddur.
RegionXeberleri bildirir ki, nizamnamə kapitalı 2,5 milyon manat olan bu MMC 2018-ci ildən bəri Rəşad Kərimovun rəhbərliyi ilə fəaliyyət göstərir. O, bu müddət ərzində müəssisənin qanuni təmsilçisi kimi çıxış edir.
Vergi borcuna görə dövlətin belə məhdudlaşdırıcı addım atması həm qanunvericiliyin tələbi, həm də vergi intizamının təmin olunması baxımından atılmış zəruri tədbir kimi qiymətləndirilir.