ERMƏNİSTAN–YENƏ RUSİYANIN “ARXA QAPISI” ROLUNDA -Ukrayna mətbuatı “demokratik” Paşinyan hakimiyyətini ifşa etdi
Yenixeber.org: Özünü regionda az qala “qərbpərəst demokratiya etalonu” kimi təqdim etməyə çalışan Ermənistan hakimiyyəti faktiki olaraq, Rusiyanın Ukraynaya qarşı işğala görə məruz qaldığı Qərb sanksiyalarından yayınması üçün hər cür çirkinliyə əl atır.
Ukrayna mətbuatında Ermənistanın Rusiya hərbi sənayesi üçün “arxa qapıya” çevrilməsinə dair maraqlı məlumatlar dərc olunub.
“Ukrainskaya Pravda” nəşrində dərc olunan yazıda göstərilir ki, məhz balaca Ermənistan Rusiyanın elektron avadanlıqlarına olan tələbatını ödəməkdə ən aparıcı mövqeləri tutur. Əlbəttə ki, söhbət geridə qalmış kənd təsərrüfatı ölkəsi olan qonşumuzun elektronika sənayesinin məhsullarından getmir. Çünki Ermənistanda belə şey ümumiyyətlə yoxdur.
Söhbət Qərb ölkələrində istehsal olunan elektrotexnikanın, avadanlıqların Ermənistan vasitəsilə sanksiyalardan yayındırılaraq, Rusiyaya ötürülməsindən gedir ki, həmin avadanlıqlar da sonradan Rusiya hərbi sənayesində istifadə olunur, Ukraynanı bombalayan raketlərə, təyyarələrə, gəmilərə, hərbi dronlara və s. quraşdırılır.
Ukrayna nəşri yazır ki, müharibə başlayandan sonra tətbiq olunan sanksiyaların Rusiya hərbi sənayesini çökdürəcəyi gözlənilirdi. Lakin Ermənistan kimi “dost ölkələr” Rusiyanın “boz sxemlər”dən istifadə edərək, elektron avadanlıqlarla təmin olunmasına kömək etdi: “Ermənistandan Rusiyaya mal ixracı 4 dəfə artaraq, 85 milyon dollardan 325 milyon dollara çatıb...”.
Yazıda qeyd olunur ki, bu dövrdə hətta Moskvanın ən nəhəng strateji tərəfdaşı olan Çinin Rusiyaya ümumi ixracı cəmi 9-10 faiz artdığı halda, Ermənistanda bu göstərici 400 faizə yaxın olub. Ən biabırçı cəhət isə odur ki, heç bir elektronika istehsal etməyən Ermənistanın Rusiyaya məhz elektrotexnika ixracı düz 100 dəfə(!) artıb: “İqtisadiyyatı əsasən kənd təsərrüfatından ibarət olan Ermənistanın Rusiyaya elektronika ixracı 2021-ci ildə 1 milyon dollardan 2022-ci ildə 100 milyon dollara çatıb. Yəni, bu ölkədən Rusiyaya ixracın üçdə biri məhz elektronikanın payına düşüb. Özü də söhbət təkcə “sülhpərvər” paltaryuyan maşınlardan getmir, hansılardan ki, rusiyalılar çipləri çıxarıb hərbi texnikada istifadə edirlər... Rusiyaya qarşı sanksiya tətbiq edən Avropa ölkələri faktiki olaraq, bu cür vasitəçilərin əli ilə eksportu davam etdirirlər.
Yazıda qeyd olunur ki, Avropa ölkələrinin hökumətləri bu cür “boz sxemlər”in qarşısını almağa çalışsalar da, bir çox istehsalçı şirkətlkər öz maddi maraqları naminə Ermənistan kimi dövlətlərdən istifadə edərək, mallarını Rusiyaya çatdırırlar. Bunun qarşısını almaq üçünsə Ermənistan kimi ölkələrə ciddi sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd olunur.
Yazıda o da bildirilir ki, məsələn, Türkiyə rəsmən Qərbin sanksiyalarına qoşulmasa da, bir müdət əvvəl Rusiyaya sanksiyaya düşən malların ixracına qadağa qoydu. Bunun ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfərindən sonra baş verdiyi bildirilir. Qeyd olunur ki, eyni addımı digər ölkələr də atmalıdır.
Lakin göründüyü kimi, Ermənistanın öz iqtisadi maraqları və Rusiyanın qarşısındakı daimi məlum “pozası” bu ölkənin hazırda Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyanın hərbi sənayesinə dəstək verməsini şərtləndirir.
Ancaq nə işdirsə, Ukraynaya hərtərəfli dəstək verən Azərbaycanı görməməzlikdən gələn Avropa eyni zamanda da özünü korluğa vuraraq, “demokratik” Ermənistanın işğalçıya necə yardım göstərdiyini də “görmür”. “Azpolitika”