Yalançı, saxtakar Tehran rejimi -ABŞ-a yaltaqlanan İran XİN başçısı
İran hakimiyyəti ictimaiyyəti aldatmaq məqsədilə uzun illərdir müxtəlif məsələlərlə bağlı yalan vədlər verir. Ölkədə ABŞ və onun müttəfiqləri ilə münasibətlərin normallaşmasını istəyənlərin sayı artmaqdadır. Tehran rejimi bu sosial sifarişi bildiyindən Vaşinqtonla təmaslarının olduğuna dair yalan açıqlamalar verməklə təşəbbüsü ələ keçirməyə cəhd göstərir.
Yenixeber.org: Deməli, İran hakimiyyəti ABŞ da daxil olmaqla “altılıq” ölkələri ilə nüvə proqramına dair Əhatəli Razılaşma Müqaviləsinin bərpası istiqamətində son mərhələdə olduqlarını açıqlayır. Dövlət Departamenti isə İranın bu yalanını təkzib edir. Bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian bildirib ki, ABŞ-la məhbusların mübadiləsi üzrə razılıq əldə ediblər və məsələ yaxın günlərdə reallaşacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani nazirin danışdığı yalana yön verməyə çalışıb və bildirib ki, ABŞ-la danışıqlar vasitəçilərlə davam edir. Fikrimizcə, sözçü kimi nazir də belə açıqlaya bilərdi. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da məsələyə dair açıqlama verərək rəsmi Tehranın iddialarını təkzib edib: “İran hakimiyyəti nağıl uydurmaqdan əl çəkmir. Onların bu son nağılları məhbusların ailələrinin məyusluğuna səbəb olacaq”. Hüseyn Əmirabdullahianın yalan açıqlaması ABŞ-a yaltaqlıq kimi də dəyərləndirilə, yaxud Ağ Evlə münasibət qurmaq üçün ismarış da sayıla bilər...
Ümumiyyətlə Tehran rejimi xarici ölkə vətəndaşlarına qarşı daha sərt davranır. 2023-cü ilin yanvarında İran-Britaniya ikili vətəndaşlığı olmuş Əlirza Əkbəri barəsində çıxarılan edam hökmü icra edildi. Qeyd edək ki, Əlirza Əkbəri Ali Milli Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Əli Şamxaninin yaxını adamı, nazir olanda isə müşaviri və müavini olmuşdu. Əlirza Əkbəri on il əvvəl Böyük Britaniya vətəndaşlığını qəbul etmişdi. O, 2018-ci ildə “Britaniyaya casusluq” ittihamı ilə həbs edilmişdi. Bu günlərdə isə İran hakimiyyəti İsveç vətəndaşı, Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatının keçmiş lideri Həbib Əssyudi barəsində ölüm hökmü çıxarıb. Məlumata görə, o, 2020-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq İrana aparılıb. İsveçin xarici işlər naziri Tobias Bilstrem Həbib Fərəcullah Şaabın (Əssyudi) işi üzrə Tehran rejiminin uyğun qurumları ilə təmas saxladıqlarını bildirib: "Edam qeyri-insani və dönməz cəzadır. Ölkəmiz istənilən vəziyyətdə onun tətbiqini pisləyir". İran hakimiyyəti onu Xuzistan əyalətində “terror aktlarını təşkil etməkdə” günahlandırır. İran və Almaniya vətəndaşı Cəmşid Şarmehedi barəsində də edam hökmü çıxarılıb. Bildirilib ki, rejimin təhlükəsizlik qurumlarının əməkdaşları 67 yaşlı Şarmehedini 2019-cu ilin avqustunda Almaniyadan Hindistana səfər edərkən Dubaya üç günlük ziyarəti zamanı oğurlayıb. 2020-ci ilin dekabrında isə “Amada News”un qurucusu Ruhullah Zam Fransadan oğurlanaraq edam edilib.
Bu İran rejimidir - ABŞ-la əlaqələrinin olduğunu cəmiyyətə yalan deməklə özünü güclü göstərməyə çalışan qeyri-legitim hakimiyyət. Bu, böyüklər önündə daim qulluq göstərməyə çalışan rejimdir. Onun təməli belə qurulub. Pəhləvilərə qarşı olduqlarını bildirsələr də, böyük dövlətlərə yarınmaları ilə onları yamsılayırlar. Elə Ağ Evin nümayəndələri ilə təmasda olduqlarını deməklə də cəmiyyətin ABŞ-a və Qərb ölkələrinə olan rəğbətindən sui-istifadə etmək istəyirlər. Bununla da cəmiyyətin həmin təbəqəsinə sanki “sizin güvəndiyiniz və arxalandığınız ABŞ və Qərb ölkələri bizimlə müzakirə aparır” kimi ismarışını verirlər. İran hakimiyyəti 44 ildir cəmiyyətə yalan danışır...