İran Xəzər dənizi ilə Rusiyaya silah ötürür –Həştərxan limanına iki gəmi yan alıb...
“İran Rusiyaya məxfi şəkildə çox sayda silah-sursat verə bilərdi”.
Yenixeber.org: Bu barədə BöyükBritaniyanın “SkyNews” telekanalı məlumat yayıb. Məlumata görə söhbət 100 milyon güllə və 300 min artilleriya mərmisindən gedir. Telekanal qeyd edir ki, sözügedən silah-sursat İrandan Rusiyaya Xəzər dənizi üzərindən ötürülür.
Jurnalistlərin əldə etdikləri məlumata görə, yanvar ayında İran portlarından Həştərxan limanına “Musa Cəlil” və “Begey” adlı iki yük gəmisi gəlib. Gəmilərin göyərtələrində sursatla dolu 200 konteynerin olduğu xəbər verilir.
“Sky News” telekanalının xüsusi xidmətlərdəki mənbəyi gəmilərin Rusiya bayrağı altında üzdüyünü bildirib.
Həmin mənbəyin məlumatına görə konteynerlərdə avtomat silahı üçün güllələr, tüfənglər, raket və artilleriya qurğuları üçün sursat, habelə zirehli jiletlər olub. Bu iki gəmi barədə məlumatı “Marine Traffic” gəmi hərəkətlərini izləmə saytı da təsdiqləyib. Gəmilər yanvar ayında çəkilmiş peyk fotolarına da düşüb.
Rusiya hökuməti və gəmilərin sahibi olan şirkət “Sky News” telekanalının sorğularına cavab verməyib. Kiyev Moskvanı Ukraynanın infrastruktur və mülki obyektlərinə, habelə yaşayış məhəllələrinə İranın “Şahed” dronları ilə zərbələr endirməkdə ittiham edir.
Başqa mənbələrin verdiyi xəbərlərdə deyilir ki, Rusiya İrandan ballistik raketlər də almaq niyyətində olub, lakin hələ ki, bunu etməyib. “Financial Times” qəzeti Qərb diplomatlarına istinadən yazır ki, buna səbəb Moskvanın Ukraynaya ABŞ tərəfindən uzaqmənzilli ATACMS raket sistemlərinin verilə biləcəyindən çəkinməsidir.
İranın istehsalı olan ballistik raketlər səsdən sürətli uçur və Rusiya raketləri ilə müqayisədə daha dəqiqdir. Amma Moskva narahatdır ki, İrandan ballistik raketlər alacağı təqdirdə Vaşinqton da Ukraynaya Rusiya ərazisinin dərinliklərini vura bilən raket sistemləri verə bilər.
Ağırlığı 1670 kiloqram olan ATACMS uzaqmənzilli raketləri 300 kilometrlik məsafədə olan hədəfləri vura bilir. Ekspertlər bildirirlər ki, bu raket sistemlərinin Ukraynaya verilməsi Rusiya ordusuna ağır zərbə olardı.
Bu arada Mərkəzi Kəşfiyyat İdarəsi bildirir ki, Rusiyanın İranın təkmil raket proqramına dəstək verə biləcəyi inandırıcı görünür. CBS telekanalına müsahibəsində MKİ-nin rəhbəri Uilyam Börns deyib ki, Tehran və Moskva arasında hərbi əməkdaşlıq getdikcə güclənir.
Ekspertlər qeyd edirlər ki, Tehran özünün ballistik raket proqramını Rusiyanın ona 1990-cı illərdə ötürdüyü texnologiyalar əsasında inkişaf etdirib. Bununla belə ABŞ Müdafiə Nazirliyi hələ 2019-cu ildə İran raketlərinin son dərəcə dəqiq olmasını bildirmişdi. “Azpolitika”