Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Fələstin və Qarabağ problemlərinin həlli İranın siyasətinin strukturlaşmasını dəyişə bilər"

 

İranla böyük “altılıq” arasında saziş imzalandıqdan sonra BMT Təhlükəsizlik Şurası bu sazişin tələblərinə uyğun olaraq 2231 saylı qətnamə qəbul etdi.
"Xeberinfo.com":   Belə bir operativ reaksiya İranla bağlı məsələlərin “altılıq” üçün nə qədər aktual olduğunu göstərir. Amma onu qeyd etməliyik ki, tərəflər arasında aparılan danışıqların texnologiyası və  xüsusiyyətləri bu müqavilənin reallaşmasının çox çətin olacağını söyləməyə əsas verir. 
Əvvəla, müqavilə vaxtında imzalanmadı və aparılan danışıqlar uzadıldı. İranla “altılıq” arasında gedən danışıqların kim tərəfindən gizli şəkildə dinlənilməsi də araşdırılmadı. Həm İran, həm də Qərbin sazişdə maraqlı olmasını tərəflərin belə detalların üzərindən keçməsinin əsas səbəbi kimi səciyyələndirmək olar. 
Bununla yanaşı, proseslərin gedişi göstərir ki, Qərbin və İranın bu müqavilədə öz maraqları var və bu maraqlar heç də üst-üstə düşmür. İran bu addımla müəyyən qədər vaxt udmaq istəyir. Çünki rəsmi Tehran Yəmən və İraqda baş verən proseslərdə gözləmədiyi vəziyyətlərlə üzləşib. Mövcud problemləri araşdırıb aradan qaldırmaq isə zaman tələb edir. 
Ancaq danışıqlar prosesinin son mərhələsində Tehranın davranışı göstərir ki, İran müstəsna olaraq öz planına uyğun hərəkət edib. Söhbət təkcə nüvə texnologiyaları məsələsi ilə bitmir. İranın Ali dini lideri “altılıqla” öz ölkəsi arasındakı danışıqların son ikiillik raundunda vilayəti-fəqih prinsipinin arealını xeyli genişləndirdi. İndi artıq iqamətgahı İqdırda olmaqla Ali dini liderin Türkiyədə xüsusi nümayəndəsi var. Cənab Xomenei həm də Moskvaya nümayəndə təyin edib. Bunda əsas məqsəd  Qizlərə (Dağıstan, Rusiya) qədər olan ərazidəki şiə müsəlmanlarını öz himayəsi altına almaqdır. Bu da onu deməyə əsas verir ki, sonrakı dövrdə Dağıstana və Terek çayınadək olan digər ərazilərə göstərişlər İranın Moskvadakı nümayəndəsindən gələcək. Eyni zamanda Ali dini lider Ermənistana nümayəndəsini təyin edərək bu ölkədəki proseslərə də öz təsir imkanlarını saxlamaq istəyir. 
Göründüyü kimi, Tehran Qərblə anlaşmanı geostrateji müstəvidə öz planlarını reallaşdırmaq fürsəti kimi dəyərləndirir və bu istiqamətdə real addımlar atır. Qərb isə bu müqaviləyə İranı özünün Yaxın Şərqdəki siyasətinə cəlb etmək, İŞİD-ə və digər dövlətlərə qarşı mübarizədə onun imkanlarından yararlanmaq fürsəti kimi yanaşır. Anlaşma  imzalanandan sonra Qərbin İrana mesajları, Fransa prezidenti Frabsua Olandın Həsən Ruhani ilə telefon danışığı, eləcə də ABŞ tərəfindən mediaya verilən açıqlamalar göstərir ki, Qərb İranın yaxın Şərqdə gedən qəliz proseslərə qoşulacağına və proseslərin məhz onun istədiyi istiqamətdə sağlamlaşmasına xidmət edəcəyinə çox ümidlidir. Qərbdə çox ciddi inam var ki, İran Suriya məsələsində mövqeyini dəyişərək Bəşər Əsədi müdafiə etməyəcək.
Eləcə də Qərb Yaxın Şərqdəki proseslərə İranı qoşmaqla bu məkanda Rusiyanın rolunu zəiflətməyə çalışır. ABŞ-ın fikrincə, İran Yaxın Şərqdəki proseslərə Vaşinqtonun maraqlarına uyğun qoşulmaqla həm də bölgədə anti-Rusiya faktoru kimi çıxış etməyə məcbur olacaq. Əslində, İranın hazırlıqları da bu fikri möhkəmləndirir. İran “altılıqla” danışıqlar apardığı dövrdə Rusiya ilə münasibətlərində mümkün qədər məsafə saxladı. Moskva ilə təmaslar yalnız təcili surətdə S-300 raketlərini almaq məsələsində fəallaşdı. Hətta Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak üçün Ufaya gələn prezident Həsən Ruhani səfər proqramını xeyli qısaltdı ki, əlavə məsələlərə yer qalmasın. 
Hadisələrin gedişi göstərir ki, Qərb dairələri İranın planlarını dərindən anlamır və Tehranın hazırkı siyasətini bir o qədər də düzgün qiymətləndirmir. İmzalanmış müqavilənin mürəkkəbi qurumamış İran prezidentinin komandasından Suriyaya qarşı Qərbin planlarını dəstəkləmək tələbi göstərdi ki, Avropa dövlətləri və ABŞ-ın rəhbərliyi İranın daxili idarəçiliyindən, demək olar ki, xəbərsizdir. Çünki İranın idarəçiliyində Ali dini lider kimi çox güclü bir faktorun nəzərə alınmamasını və əsas məsələlərin prezident və onun komandası ilə həll etmək cəhdlərini rasional seçim adlandırmaq çətindir. Elə bu məqam onu deməyə əsas verir ki, yaxın vaxtda İranın  siyasətinin dəyişəcəyini düşünmək sadəlövhlükdür. 
Digər tərəfdən, Tehran özünə inanan güclü dövlətdir. Baxmayaraq ki, bu ölkədə liberal düşüncəli gənclər, Qərbə meylli adamlar çoxdur, hətta mövcud siyasətdən narazı kəsim də var, hazırda İranda inqilabi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmaq olmaz. Cəmiyyətdə bütün proseslərə nəzarət imkanlarını əlində saxlayan Ali dini lider ölkənin xarici siyasətinə də çox ciddi təsir rıçaqlarına malikdir. 
Ona görə İranın daxilində gəncləri, liberal düşüncəli adamları ayağa qaldırmaq cəhdləri heç bir effekt verə bilməz və yalnız vaxt itkisi olacaq. O cümlədən Qərbin İranın daxilindəki ermənilərə xüsusi diqqəti səmərəsiz işdir. Ola bilər Qərbdə hesab edirlər ki, İraqda olduğu kimi, İranda da ermənilərdən yararlanmaq mümkündür. Ən azından Avropa İttifaqının xarici siyasi məsələləri üzrə keçmiş Ali komissarı K.Eştonun və digər rəsmi şəxslərin İrana səfərləri zamanı Tehranda və İsfahanda erməni icmasının rəhbərləri ilə görüşləri bu qənaətə gəlməyə əsas yaradır. 
Görünür, Qərb hesab edir ki, İran erməniləri böyük qüvvədir və ondan İranın daxilində prosesləri gərginləşdirmək üçün istifadə oluna bilər, ermənilərlə İrandakı liberal qüvvələri birləşdirib dini liderə qarşı üsyan hazırlamaq mümkündür. Ancaq İran hakimiyyəti daxildəki erməniliyi istənilən anda və çox asanlıqla neytrallaşdırmaq, hətta müxtəlif vasitələrlə Ermənistana  güclü zərbə vurmaq iqtidarına malik dövlətdir. SEPAH bütün məsələlərə ciddi nəzarət edir, əhalinin bir qismi silahlıdır və dini quruluşu fəal müdafiə edir. İran dindarları heç vaxt imkan verməyəcəklər ki, ölkədə hakimiyyət dəyişikliyi baş versin.
Bütün bunlar onu deməyə əsas verir ki, İranla əldə olunan razılaşmanın həyata keçirilməsini təmin etmək və uzaq perspektivdə bu ölkədə hakimiyyət dəyişikliyi planını reallaşdırmaq üçün daxili etirazların stimullaşdırılması perspektivsiz plandır. İranın indiki siyasətinin dəyişməsinin bir–biri ilə əlaqəli iki mühüm rıçaqı var. Bunlardan biri Fələstin probleminin aradan qaldırılmasıdır. Fələstinə dövlətçiliyinin verilməsi İranın dini təbliği və daxili strukturlaşmasında ciddi dəyişiklik yaradacaq. İsrail müharibə vasitəsi ilə İrandan əldə edə bilmədiyini Fələstin dövlətçiliyinin inkişafına şərait yaratmaqla əldə edə bilər. 
Digər məsələ isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllidir. Bu amil də İran üçün kifayət qədər gözlənilməz vəziyyət yarada bilər. Fələstin məsələsindən fərqli olaraq İran Dağlıq Qarabağ münaqişəsinin həllində  ciddi praktiki rol oynaya bilər. Dağlıq Qarabağ münaqişəsi ərazi etibarilə birbaşa İranın ərazisinə söykənir. Başqa yandan münaqişənin Qərb vasitəsi ilə aradan qaldırılması İranın dini liderlərinə qarşı müxtəlif suallar yarada bilər: niyə görə ABŞ Dağlıq Qarabağ problemini həll edə bildi, amma İran isə öz ərazisinə söykənən şiə torpağının işğaldan azad olunmasına yardım göstərmədi? 
Bu baxımdan  hər iki məsələnin - Fələstin və Qarabağ probleminin aradan qaldırılması İranın daxili siyasətinin strukturlaşmasını dəyişəcək. Bu isə İranda indiki hakimiyyətin qalması şərti ilə də olsa, ölkənin daxili və xarici siyasətində dəyişiklikləri stimullaşdıracaq. Siyasi kursunu dəyişən İran həm Qərb, həm də  Rusiya üçün çox faydalı tərəfdaş ola bilər.
Mübariz Əhmədoğlu, 
politoloq 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam