“Seçkidə İsa Qəmbərə güzəştə gedə bilərik”
Müxalifət liderləri parlament seçkilərində bir-birinin xeyrinə hansı addımları atacaq? - Şərtlər açıqlandı
"Xeberinfo.com": Bu il noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bəzi müxalifət partiyalarının 2015-ci il parlament seçkilərində koalisiya şəklində iştirakı bir neçə dəfə gündəmə gəlsə də bu haqda hələ ki, yekun qərar verilməyib.
Müxalifət partiyaları koalisiya şəklində seçkilərdə iştirak etməyəcəkləri təqdirdə, müxtəlif dairələrdən öz namizədlərini irəli sürəcəklər.
Bəs görəsən, seçkilər zamanı eyni dairədən namizədliklərini irəli sürəcək müxalifət partiyalarının namizədləri hakim partiyanın namizədlərinə qarşı bir-birlərinə güzəştə gedəcəklərmi? Seçkidən əvvəl birləşə bilməyən müxalifət eyni dairədə bir-birlərini dəstəkləyəcəklərmi?
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı musavat.com-a açıqlamasında bildirdi ki, dairələrdə namizədlərin qeydə alınmamasından sonra bu məsələni müzakirə etmək olar.
“Əvvəla güzəştə gedə biləcəyimiz namizədin həmin dairədə hansı gücə malik olması və həmin namizədin digər partiyada olsa belə, Müsavat Partiyasına nə qədər yaxın olması məsələləri təbii ki, müzakirə mövzusu ola bilər. Bu baxımdan da müəyyən dairələrdə müəyyən məsələləri razılaşdırmaq olar. Amma bu, namizədlərin qeydə alınmasından sonra ola bilər. Bu mənim şəxsi fikrimdir ki, namizədlər qeydə alınmadan bu cür müzakirələrə başlamağa ehtiyac yoxdur”- deyə aparat rəhbəri qeyd etdi.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyir ki, təcrübədə belə bir şey olmayıb ki, müxalifət partiyalarının tanınmış üzvləri, liderləri eyni bir dairədə bir-birlərinə rəqib olsunlar və qarşılıqlı olaraq güzəştə getsinlər.
Partiyalarının digər müxalifət partiyalarına güzəştə getdiyini söyləyən KXCP sədri digər partiyalardan bu addımı görmədiklərindən narazıdır: “Partiyamız parlament seçkilərinin birində keçmiş millət vəkillərindən birinə güzəştə getdi. Qarşılıqlı olaraq belə bir razılıq əldə edildi. İndi bizim partiyanın üzvü olmayan həmin namizədimiz o zaman bizdən incidi. O, daha çox səs toplayacağını deyirdi. Belə güzəştləri biz etmişik, amma digər partiyalardan bunu görməmişik. Ona görə də olmayacaq bir vəziyyət haqda danışmaq da düzgün deyil”.
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə seçkidən qabaq koalisiya yarada bilməyən müxalifət üçün dairələrdə bir-birlərinə güzəştə getmələri çətin olacaq: “Müxalifət partiyaları seçki ərəfəsində qarşılıqlı olaraq güzəştlərə gedə bilərlər. Seçki zamanı da bir-birlərinin lehinə namizədlərini geri çəkmələri bu güzəştlərdən biridir. Amma təcrübə onu göstərir ki, müxalifət seçkidən əvvəl koalisiya təşkil edə bilmirsə, məntəqələrdə də uzlaşdırma çox çətin olur. Çünki hərənin öz namizədi olur və hərə öz marağını güdür. Amma bu cür güzəştlərin olması mümkündür”.
S.Cəlaloğlu ADP-nin eyni dairədən namizəd olacaq digər müxalifət partiyasının nümayəndəsinə güzəştə gedə biləcəyini bildirdi: “Görsək ki, İsa Qəmbər hansısa bir dairədən namizədliyini irəli sürüb, çalışacağıq ki, həmin dairədən namizəd irəli sürməyək. O, artıq 20 ildir seçkilərdə iştirak edir. Biz bəzi seçkilərdə müxalifət partiyasının lideri olmasa da, tanıdığımız incəsənət xadiminin namizədliyini irəli sürdüyü dairədən namizəd verməmişik. Yenə də belə bir situasiya yaranarsa, çalışarıq ki, güzəştə gedək”.
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hər hansı bir müxalifət partiyasının liderinin namizədliyinin irəli sürüldüyü dairədə qarşı tərəfə güzəştə getdiklərini, bu etik qaydanı həmişə gözlədiklərini söylədi:
“Hesab edirik ki, əgər bir dairədə müxalifət partiyalarından birinin namizədi güclüdürsə, digərləri də onun xeyrinə öz namizədini geri çəkməlidir. Bu da qarşılıqlı razılaşma şəklində olmalıdır. Amma partiya sədrlərinə sözsüz ki, güzəşt olunmalıdır. Biz partiya olaraq hər zaman bu etik qaydanı gözləmişik”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ötən parlament seçkilərinə təkbaşına getdiklərini və yaxşı nəticə əldə edə bilmədiklərini dedi.
Partiya sədri bu ilki parlament seçkilərində geniş əməkdaşlıq platforması yaradaraq seçkilərdə iştirak etməyi planlaşdırdıqlarını bildirdi: “2010-cu il seçkilərində bəyanat verdik ki, müxalifət vahid şəkildə seçkilərdə iştirak etsin. Güclər parçalanmasın, dairələrdə namizədlərin toqquşması olmasın. Amma bu, reallaşmadı və biz seçkilərə təkbaşına getdik. Bu seçkidə isə geniş əməkdaşlıq platforması təşkil edib müxalifət partiyaları ilə qarşılıqlı əməkdaşlıq edəcəyik. Hansı partiyanın üzvü namizədliyini irəli sürdüyü dairədə güclü olacaqsa, ona dəstək olacağıq. Həmçinin bizim partiyamızın namizədi hansı dairədə güclü olacaqsa, həmin partiyadan bu dəstəyi gözləyəcəyik. Bu, qarşılıqlı əməkdaşlıq olacaq”.
Hazırda rayonlarda səfərdə olduqlarını, seçkilərlə bağlı görüşlər keçirdiklərini deyən partiya sədri müxalifət partiyaları ilə də qarşılıqlı əməkdaşlığın yaradılması üçün danışıqların getdiyini qeyd etdi.(musavat.com)