Deputat: “Bu sazişlər türk dövlətlərinin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”
Sabiq nazir: “Türk dövlətlərinin Türkiyə ilə birlikdə xarici siyasət yürütməsi həmin ölkələrin qarşısında geniş imkanlar açır”
Yenixeber.org: Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə səfəri çərçivəsində Ankarada Qazaxıstan ilə Türkiyə arasında 15 saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Qeyd edək ki, bundan öncə Türkiyə Qırğızıstanla da analoji saziş imzalayıb. Ötən ilin iyun ayında Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanla Qırğızıstanın Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalaması türkdilli dövlətlər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə adladığını söyləməyə əsas verir.
Hələ ötən ilin iyununda beynəlxalq siyasi şərhçilər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərarın verilməsini və bu qərardan dolayı bir sıra addımların atılmasını münasibətlərin inkişafında yeni mərhələ adlandırırdılar. Regionda və dünyada baş verən böhran, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ və Qərbin Rusiyaya qarşı məlum sanksiyaları, qlobal ziddiyyətlər fonunda türkdilli dövlətlərin münasibətlərini yüksəltməsi, qarşılıqlı müqavilələrlə strateji tərəfdaş statusu qazanmaları bölgədə yeni reallıqlar yaradır.
Milli Məclisin üzvü Arzu Nağıyev deyib ki, türk dövlətləri arasında strateji əməkdaşlığa dair sənədlərin imzalanması mühüm hadisədir: “Türkdilli dövlətlərin birliyi təhlükəsizliyə qarşı təhdidlərin qarşısının alınması, bu təhlükələrə qarşı birgə mübarizənin aparılması baxımından kifayət qədər önəmli məsələdir. Şübhəsiz ki, Türkiyənin və türkdilli ölkələrin birliyi nə qədər güclənərsə, bu, dünyada onlara qarşı yönələn təhlükələrin də azalmasına gətirib çıxaracaq. Həmin bəyannamələrdə ərazi bütövlüyü, iqtisadi, siyasi, hərbi, mədəni və digər istiqamətlərdə əməkdaşlıq məsələləri xüsusi yer tutur”.
“Nəhayət, dünyada yeni güc mərkəzi formalaşır və bunun xüsusunda beynəlxalq aləm də bu qüvvə ilə hesablaşmaq məcburiyyətindədir. Eyni zamanda inteqrasiya olunmuş iqtisadi şərait türkdilli dövlətlər arasında faydalı və qarşılıqlı əlaqələrin artırılmasına xidmət edir. Çox sevindirici məqamdır ki, bütün türkdilli ölkələr bu prosesdə iştirak edir və qarşılıqlı əməkdaşlığa öz töhfələrini verir”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, türk dövlətlərinin əməkdaşlığı tarixi köklərindən qaynaqlanır: “Baxmayaraq ki, Qazaxıstan və Qırğzıstan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ), Türkiyə isə NATO-nun üzvüdür, onların birliyi kökəninə və keçmişinə bağlı olan məsələlərdir. Gələcəkdə digər türkdilli dövlətlər də buna qoşulacaq. Artıq onlar da bununla bağlı niyyətlərini ifadə ediblər və onlarla da qarşılıqlı əməkdaşlığı ehtiva edən sazişlərin imzalanması zaman məsələsidir”.
“Bu gün Türkiyə kifayət qədər güclü, dünyanın önəmli dövlətlərindən biridir. Ukrayna böhranı və digər münaqişələrə münasibətdə obyektiv mövqeyi ilə rəğbət qazanıb. Həm rəsmi Moskvanın, həm də rəsmi Kiyevin etimadını qazanmağa müvəffəq olan yeganə NATO ölkəsidir. Belə bir şəraitdə türkdilli dövlətlərin Türkiyə ilə həmrəylik nümayiş etdirməsi, strateji sazişlərlə müttəfiqlik münasibətlərini rəsmiləşdirməsi Türkiyənin, eləcə də türkdilli dövlətlərin gücünə əlavə güc qatır”, - deyə Nağıyev fikrini yekunlaşdırıb.
Türkoloq alim, professor, sabiq təhsil naziri Firudin Cəlilov da söyləyib ki, regionda və dünyada baş verənlər Türkiyə və Türk Dünyası üçün yeni üfüqlər açır: “Hazırda dünyaya nəzarət urğunda böyük güclər arasında gərgin savaş gedir. ABŞ və Böyük Britaniya Rusiyaya qarşı məlum sanksiyaları Ukraynaya qarşı təcavüz və demokratiya uğrunda savaş kimi qələmə versə də, əslində əsas məqsəd dünyaya daha çox nəzarəti təmin etməkdir. ABŞ bilir ki, Çin güclənib və dünya iqtisadiyyatının əhəmiyyətli bir hissəsinə sahibdir. Rusiya, Çin, Hindistan və digər anti-Qərb qüvvələri müttəfiqlik məsələsində anlaşa bilsə, o zaman Amerika supergüc kimi mövqeyini itirəcək. Belədə ABŞ-ın təsir dairəsindən çıxan Avropa da həmin qüvvələrə meyl edə bilər”.
“Bu səbəbdən ABŞ hər vəchlə buna mane olmağa çalışır. Qərbin bir məqsədi Rusiyanın təcavüz siyasətini dayandırmaq, Moskvanın imperiya cəhdlərinin qarşısını almaqdırsa, digər məqsədi dünyada yeni güc mərkəzinin formalaşmasına mane olmaqdır”, - deyə həmsöhbətimiz vurğulayıb.
Onun dediyinə görə, qlobal miqyasda baş verənlər Türkiyənin beynəlxalq miqyasda əhəmiyyətini artırıb: “Təsəvvür edin ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahib olan ölkədir. Ukrayna böhranında heç bir tərəfi təmsil etmir və danışıqlar prosesində ən obyektiv tərəfdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-da təmsil olunan yeganə dövlət başçısıdır ki, həm Rusiya, həm də Ukrayna prezidentləri tərəfindən qəbul olunur. Təbii ki, hadisələrin irəliləyən mərhələsində Türkiyənin rolu daha da artacaq və tarixi şərait yaranıb ki, türkdilli dövlətlər bir araya gəlsinlər”.
“Bu mənada Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında strateji sənədlərin imzalanması mühüm hadisədir. Yəqin ki, bir müddət sonra Özbəkistan və Türkmənistan da bu prosesə qoşulacaq. Hansı ki, hər iki ölkə ötən il Türk Dövlətləri Təşkilatının strateji əhəmiyyətə malik toplantısında iştirak etmişdi. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyi tarixi qələbəmizin əldə olunmasında vacib amillərdən oldu”, - deyə professor diqqətə çatdırıb.
Cəlilov əmindir ki, türk dövlətlərinin Türkiyə ilə birlikdə xarici siyasət yürütməsi həmin ölkələrin qarşısında geniş imkanlar açır: “Bu gün dünyada qütbləşmə gedir. Tərəflərdən hər hansı birində təmsil olunmaq təhlükəlidir. Bu baxımdan ən optimal yol Türkiyənin ətrafında birləşməkdən keçir. Türk Dünyası birlikdə dünyada nüfuzlu təsir dairəsi yarada bilər ki, bu da gələcəkdə onlar arasında uğurlu birliyin təməli sayıla bilər”.(AYNA)