Mehman Əliyev: “Putin bir müddət sonra geri çəkiləcək və Ukraynaya hərbi müdaxiləni dayandıracaq”
Arif Əliyev: “Putinin geriyə yolu yoxdur - o, nə müharibəni dayandıra, nə də geri çəkilə bilir”
Yenixeber.org: Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ordusunun Ukraynanın Mariupol şəhərindəki doğum evinə zərbə endirməsinə münasibət bildirib. Baş nazir Tvitterdə bildirib ki, bu dəhşətli cinayətə görə Putini məsuliyyətə cəlb edəcəklər. Qeyd edək ki, bundan öncə Conson Rusiya Prezidenti Vladimir Putinin Haaqa Tribunalına verilməsi ilə bağlı açıqlama ilə çıxış edib. O söyləyib ki, dünyanın 38 ölkəsi Rusiyanın Ukraynaya vəhşicəsinə hücum və işğalı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Tribunalı) indiyə qədərki ən böyük müraciətini edib və Putin cəzasız qalmayacaq.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin davam etdiyi dövrdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Rusiyaya qarşı tarixdə görünməmiş dərəcədə sanksiyalar tətbiq edir. Dünyadan təcrid vəziyyətinə gələn Rusiya ilə bütün iqtisadi, maliyyə və siyasi əlaqələr kəsilib. Qlobal brendlər və nəhəng şirkətlər Rusiya bazarını tərk edirlər. Onların sıraları hər gün daha da genişlənir və Rusiya iqtisadiyyatı defolt həddindədir. ABŞ və Avropa rəsmiləri Putin rejimini sarsıtmaq və Rusiyanın daxilində kütləvi etirazlara nail olmaq niyyətini gizlətmirlər.
Bəs görəsən ABŞ və Avropa öz məqsədlərinə nail olarsa, Putini hansı aqibət gözləyir? Mövzunu ekspertlərlə müzakirə etmişik.
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, Britaniya rəhbərinin açıqlaması daha çox siyasi xarakter daşıyır: “Məlumdur ki, Amerika, Britaniya və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları əslində Putin rejiminin geri çəkilməsinə hesablanıb. Təbii ki, bu yolla Rusiyada daxili etirazları artırmaq və əhalini etirazlara sövq etmək niyyəti güdürlər. Bir halda ki Rusiyaya qarşı tarixdə görünməyən səviyyədə embarqolar mövcuddur, faktiki olaraq şimal qonşumuz dünyadan təcrid vəziyyətinə gəlib, maliyyə, iqtisadi və siyasi sanksiyalar tətbiq edilir, qlobal brendlər rus bazarını tərk edir, bütün bunlar Qərbin Putin rejimini məsuliyyətə cəlb etmək siyasətinin tərkib hissəsidir. Onsuz da bu proses gedir və 38 dövlət Putinlə bağlı Haaqa Tribunalına müraciət edib. Ola bilər ki, beynəlxalq məhkəmədə onunla bağlı qiyabi cəza hökmü kəsilsin, ya da daxildə olan qüvvələr Putini məsuliyyətə cəlb etsinlər. Ortada Miloşeviç təcrübəsi mövcuddur”.
Agentlik rəhbərinin sözlərinə görə, hələlik bu barədə danışmaq tezdir: “Hazırda Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi davam edir. Bütün dünya bu münaqişənin doğurduğu nəticələrin aradan qaldırılması üçün çalışır. Rusiya hakimiyyətinə qarşı çoxsaylı təzyiq metodlarından istifadə olunur. Bu sırada Putin və ona yaxın məmurların, oliqarx-biznesmenlərin cəzalandırılması da yer alır. Təsəvvür edin ki, rus oliqarxlar hər gün milyardlarla vəsait itirirlər. Rus rublu sürətlə enir və xalqın yaşayış səviyyəsi sürətlə aşağı düşür. Hesab edirəm ki, Kreml bir müddət sonra geri çəkiləcək və Ukraynaya qarşı hərbi müdaxiləsini dayandıracaq. Bundan sonra Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq və tərəflər danışıqlar masası ətrafında müzakirələrə başlayacaqlar. Yəni ki, münaqişə Putinin məsuliyyətə cəlb edilməsi həddinə qədər davam etməcəyək” – Əliyev vurğulayır.
O əlavə edir ki, Putinin və Rusiyanın gələcəyi barədə fikir yürütmək çətindir: “Razılaşmadan sonra o özü könüllü istefa verəcək, daxildə etirazlarmı onu buna məcbur edəcək, yoxsa öz hakimiyyətini qoruya biləcək, bu barədə qəti fikir bildirmək çətindir. Hazırda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam edir və diplomatik oyunçuların əsas diqqəti bu münaqişəni dayandırmağa yönəlib”.
Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev söyləyib ki, Rusiyada daxili etirazların nəticəsində Putinin cəzalandırılması ehtimalı daha böyükdür: “Ukraynaya qarşı hərbi hücumlar bu ölkə ilə yanaşı, Rusiyanın özünü də çıxılmaz duruma salıb. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir. Rusiya rublu dəyərdən düşür, ölkə iqtisadiyyatı çökmək ərəfəsindədir. Sanksiyalar davam edir və bir müddət sonra Rusiya vətəndaşları bu embarqoların ağır nəticələrini daha dərindən hiss edəcəklər. Putin daxildə respressiv siyasətini artırsa da, görünən odur ki, hadisələrin davamı Rusiyada kütləvi və kəskin etirazlara yol aça bilər. Bunun fonunda Putin rejimi üçün də təhlükəli vəziyyət yaranacaq. O ki qaldı Consonun Putinin məsuliyyətə cəlb olunacağına dair açıqlamasına, bu daha çox siyasi təzyiq alətidir”.
Əliyev qeyd edir ki, Rusiya təzyiqlərin qarşısında geri çəkiləcək: “Düzdür, Moskva bütün hallarda hərbi müdaxilənin davam edəcəyini, yalnız təhlükəsizlik təminatı olacağı təqdirdə geri çəkiləcəyini bəyan edir. Əslində bu Kremlin öz reputasiyasını qorumaq niyyətindən qaynaqlanır. Elə bir vəziyyət yaranıb ki, Putin nə geri çəkilə, nə də müharibəni dayandıra bilir. Hər iki vəziyyətdə məğlub duruma düşür və hesab edirəm ki, artıq geriyə yolu yoxdur. Mümkündür ki, Ukraynaya müdaxiləsini dayandırıb, müəyyən zaman qazansın və diplomatik danışıqlar yolu ilə Rusiyaya dəymiş ziyanın miqyasını azaltsın. Əks halda, Rusiya iqtisadiyyatı defolt həddinə düşəcək. Bu baxımdan müəyyən mənada geri çəkilə bilər, lakin indiki məqamda əsas iddialarından əl çəkəcəyi inandırıcı görünmür. Putin sona qədər çalışacaq ki, hakimiyyətini qoruya bilsin”.
“Putinin və Rusiyanın sonu necə olacaq” sualına cavabında müsahibimiz bildirib ki, hazırda baş verənlər Rusiyanın sonu deməkdir: “Son necə olur ki?! Rusiya çox təhlükəli yola çıxıb və bunun nə ilə bitəcəyini Kremlin özündə belə proqnozlaşdıra bilmirlər” – deyə Əliyev fikrini yekunlaşdırıb.(AYNA)