Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Altılıq platforması” ilə bağlı müsbət siqnallar: Moskva və Tehran səmimidirmi?

 

Zərdüşt Əlizadə: “Bundan sonra Qarabağda rus sülhməramlısına, Ermənistanda Rusiya hərbi bazasına heç bir ehtiyac qalmır”

Qabil Hüseynli: “Ola bilsin ki, Soçidə Putin-Ərdoğan görüşündə məsələ müzakirə olunub, hansısa razılaşmalar əldə edilib”

Yenixeber.org: Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə Moskvadakı danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında “Altılıq platforması” ilə bağlı nikbin fikirlər səsləndirib. O, qeyd edib ki, iranlı həmkarı ilə görüşdə “Altılıq platforma”nın yaradılması təşəbbüsünü müzakirə ediblər.

Qeyd edək ki, sözügedən platforma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Türkiyə lideri ötən il Bakıda keçirilən Zəfər paradında üç Qafqaz ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın, üç Qafqaz ölkələrinə qonşu olan Türkiyə, Rusiya və İranın iştirakı ilə “Altılıq platforması” ideyası təşəbbüsü göstərib.

Lavrov Abdullahian ilə görüşdən sonra bildirib ki, İran tərəfi “Altılıq platforması”na müsbət yanaşır: “Rusiya bir il bundan əvvəl Qarabağda müharibənin dayandırılmasında həlledici rol oynayıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Birgə Bəyanatında nizamlanmanın gələcək addımları, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı işlər qeyd olunub. Bundan təkcə Ermənistan və Azərbaycan deyil, Cənubi Qafqaz ölkəsi kimi Gürcüstan, eyni zamanda, Cənubi Qafqaz respublikalarına yaxın qonşu kimi İran, Rusiya və Türkiyə də qazanır. Bu kontekstdə biz “Altılıq platforması”nın yaradılması təşəbbüsünü müzakirə etdik”.

“Üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu: Rusiya, İran və Türkiyə. İranlı dostlarımız bu təşəbbüsə müsbət yanaşır. Bu cür münasibəti biz Azərbaycan və Türkiyədən də görürük. Erməni həmkarlarımızla bu mövzuda işləyirik. Ümid edirik ki, Gürcüstan da yaşadığı bütün həyəcanlara və problemlərə baxmayaraq, bu cür məsləhətləşmələr mexanizminin yaradılmasında öz köklü maraqlarını görə biləcək və uzun müddət mövcud münaqişələrə görə inkişaf edə bilməyən regionun sürətli şəkildə inkişafı üçün qərarları razılaşdıra biləcək”, - Rusiya XİN rəhbəri vurğulayıb.

Analitiklər bildirirlər ki, regionda yaranan yeni reallıqlar “Altılıq platforması” ideyasının gerçəkləşməsini labüd edir. Çünki sözügedən platforma bütün ölkələri qane edir. Türkiyə və Azərbaycan Lavrovun da bildirdiyi kimi, belə bir ideyanı irəli sürən tərəfdir. Bu baxımdan, Ankara və Bakının mövqeyi bəllidir. Rusiya və İran da mövqelərini demək olar ki, bildirmiş oldular – ideyanı dəstəkləyirlər. Platformanın reallaşmasına əngəl yaradan amil Ermənistanın Azərbaycanla yekun sülhdən yayınmaq cəhdləridir. Təbii ki, yekun sülh olmadan belə bir ideyanın gerçəkləşməsi sual altındadır. Lakin Lavrovun açıqlamasından görünür, yaxın zamanlarda İrəvan yola gələcək. Rusiya XİN başçısı danışıqlar getdiyini bildirdi. Yerdə qalır Gürcüstan. Əlbəttə, əraziləri Rusiya tərəfindən işğal olunan gürcüstanın Rusiyanın təmsil olunduğu hansısa ittifaqda yer alması inandırıcı görünmür. Amma ola bilər ki, Tiflis “Altılıq platforması”nda təmsilçilik qərarı versin. Birincisi, Gürcüstanın inkişafı baxımdan belə bir əməkdaşlığa ehtiyacı var. İkincisi, o platformada Rusiya ilə yanaşı daha 5 ölkə təmsil olunur. Rusiya ilə məsafəli davranış sərgiləyərək burada təmsilçilikdən Gürcüstan qazanc əldə edə bilər.

Lakin bəzi analitiklər belə hesab edirlər ki, hər şey göründüyü qədər asan deyil. İcmalçıların qənaətincə, əsas sual budur: ölkələr verdikləri bəyanatlarda səmimidirlərmi?! Xüsusən də, Rusiya və İran...

 

Politoloq Zərdüşt Əlizadə deyir ki, regionda əməkdaşlıq sülhdən keçir: “Rusiya isə Qarabağ münaqişəsinin qalmasında maraqlıdır. Bu Moskvanın əlinə düşmüş imkandır - bölgəni nəzarətdə saxlamaq alətidir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistanın arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edən Rusiya, pərdə arxasında Ermənistana deyir ki, “münasibətlərin normallaşdırılması və sülh sazişinin bağlanması üçün Azərbaycanın qəbul edə bilməyəcəyi Qarabağın statusunun həll edilməsi şərtini qoy”. Yəni "dovşana, qaç, tazıya tut”, deyir”.

“Moskva eyni zamanda, özünü Ermənistanla Türkiyə arasında münasibətlər normallaşmasında maraqlı tərəf kimi göstərir. Amma 2011-ci ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair Sürix protokollarının imzalanmasını yada salmalıyıq. O zamankı Ermənistan XİN rəhbəri Eduard Nalbandyan bu protokolları imzalamağa qorxurdu ki, ermənilər buna görə məni didər. Qərb dövlətlərinin qarşısında Nalbandyan cəsarət etmirdi, onda Lavrov ona dedi ki, “Edvard imzala”. O, da ağasının sözündən çıxmayıb imzaladı. Bu jestlə Lavrov Qərbə göstərdi ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasında Rusiya maraqlıdır. Lakin sonra nə oldu? Rusiya Azərbaycandakı nökərlərinə sifariş verdi ki, bu protokolların gerçəkləşməməsi üçün etiraz etsinlər. Beləliklə, Sürix protokolları parlamentlərdə ratifikasiya edilmədi, kağız üzərində qaldı. Yəni deməyim odur ki, Rusiya istəyir Ermənistanla Türkiyə arasında münasibətlər normallaşmasın”, - deyə Əlizadə xatırladıb.

Politoloq bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə də Moskvanın mövqeyi eynidir: “Amma sözdə deyir ki, biz bu ölkələri barışdırmaq istəyirik. Ermənistanla Türkiyə arasında münasibətlər normallaşsa, Azərbaycanla Ermənistan arasında da oxşar proseslər gedər və bununla da münaqişə aradan qalxar. Bundan sonra Qarabağda rus sülhməramlısına, Ermənistanda Rusiya hərbi bazasına heç bir ehtiyac qalmır. Bu Rusiya tərəfindən qurulmuş siyasi oyundur. Qaldı ki İrana, onların da mövqeyində səmimi olub-olmadığını müəyyənləşdirmək çətindir. Hazırda İran-Azərbaycan münasibətlərində gərginliyin şahidiyik. Tehran regionda gedən proseslərdən kənarda qalmaq istəmir. Məncə, “Altılıq platforması”na müsbət yanaşması da, “mən də burdayam”, deməkdir. Hər halda proseslərin hansı istiqamətdə davam etməsini gözləmək lazımdır”.

“Son pralament seçkilərində hamı deyirdi Paşinyan xaindi, kapitulyantdı. Amma seçkilərdə parlamentin 75 faizini qazandı. Məntiqlə Paşinyan müharibəni uduzduğu səbəbindən gərək parlament seçkilərini gurultu ilə uduzaydı, amma böyük üstünlüklə qalib gəldi. Xalq başa düşdü ki, Paşinan qalsa, Azərbaycan və Türkiyə ilə ölkənin münasibətləri normallaşacaq. Ona bu səbəbdən səs verdilər. Paşinyan da hazırda buna çalışır. Mən əminəm ki, biz də Rusiyanın diqtəsindən qurtulsaq, Ermənistanla münasibətləri normallaşdırıb, münaqişədən və sülhməramlılardan yaxa qurtara bilərik”, analitik fikrini tamamlayıb.

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə deyir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranıb ki, ölkələr də bu reallığa uyğun siyasətlərini qurmağa çalışırlar: “Azərbaycan və Türkiyənin siyasəti, strategiyası bəllidir – regionda sülh və əməkdaşlıq olsun. Məsələ burasındadır ki, digər ölkələr də bunu istəyirlərmi? Təbii ki, Ermənistan istəyir – xoşluqla olmasa da, buna məcburdur. Çünki İrəvanın başqa çıxış yolu yoxdur. Ermənistanın dövlət kimi mövcudluğu Türkiyə və Azərbaycanla normal münasibətlərdən, əməkdaşlıqdan asılıdır. Gürcüstanın prosesə isti yanaşır, amma Rusiyanın işğalı amili Tiflis qarşısında əngəldir. Rusiya və İranın mövqeyinə gəlincə, Lavrovun bəyanatı nikbindir. Amma bu ölkələrin səmimiyyətinə inanmaq çətindir. Ola bilsin ki, Soçidə Putin-Ərdoğan görüşündə məsələ müzakirə olunub, hansısa razılaşmalar əldə edilib. Lavrovun açıqlamasındakı nikbin notlar da bununla bağlıdır”.

““Altılıq platforması” əvvəl-axır reallaşacaq. Çünki regionun gələcəyi bu cür layihələrlə bağlıdır. Sadəcə zaman məsələsi var ki, bu çox önəmli faktordur. Proseslər elə istiqamət ala bilər ki, ölkələr siyasətlərinə yenidən baxa bilərlər. Məsələ burasındadır ki, Cənubi Qafqaz ölkələrinə qonşu olan dövlətlərin, xüsusən də, Rusiya və İranın hər zaman imperialist siyasətinin şahidi olmuşuq. Bu cür siyasət isə əməkdaşlığa əngəl yaradan siyasətdir”, - sabiq dövlət müşaviri vurğulayıb.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam