Azərbaycan-Pakistan-Türkiyə “Şuşa bəyannaməsi” imzalana bilər -mühüm gözlənti
Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “3 qardaş 2021" təlimləri davam edir. Bu təlimlər bir sıra məsələləri gündəmə gətirib ki, onlardan biri də II Qarabağ savaşında sözün həqiqi mənasında Türkiyədən sonra ikinci qardaş ölkəmizə çevrilən Pakistanla bağlıdır. Bəllidir ki, son dönəmlər Azərbaycanın Pakistanla da hərbi-siyasi sahədə ittifaqı güclənir.
Yenixeber.org: O zaman ortaya bir sual çıxır: Bakı İslamabadla da Ankara kimi “Şuşa Bəyannaməsi”nə bənzər sənəd imzalaya bilərmi? O sənəd ki, Azərbaycana hücum Pakistana, Pakistana hücum isə Azərbaycana hücum hesab ediləcək.
YAP-çı deputat Ceyhun Məmmədov belə bir sənədin imzalanmasını istisna etmir: “Bu gün Azərbaycan öz müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək istiqamətində ardıcıl və sistemli addımlar atır. Bu kimi sənədlərin imzalanması Azərbaycanın suveren hüququdur. Azərbaycan öz müttəfiqlərini seçməkdə azaddır. Bu kimi ikitərəfli əməkdaşlıqların gücləndirilməsi Azərbaycanın təhlükəsizliyi baxımından da xüsusi önəm daşıyır. Hazırkı dönəmdə Azərbaycan bu istiqamətdə səylərini davam etdirməlidir.
Ceyhun Məmmədov: “Azərbaycan öz müttəfiqlərini seçməkdə azaddır”
Görünən odur ki, Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil və öz havadarlarına güvənərək təxribatlara, atəşkəsi pozmağa davam edəcək. Bu kimi cəhdlərin qarşısını almaq üçün belə razılaşmalar xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, “Şuşa bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni bir səhifə açdı, əməkdaşlığı daha da gücləndirdi. Hər iki ölkənin təhlükəsizliyi ilə bağlı mühüm məqamlar bu bəyannamədə öz əksini tapdı. Belə bir sənədin imzalanmasına Azərbaycanın daha çox ehtiyacı var idi. Ümumiyyətlə, bu kimi razılaşmalar nə qədər çox olsa ölkəmizin təhlükəsizliyi daha çox təmin olunmuş olar. Hesab edirəm ki, Azərbaycan Pakistanla da “Şuşa bəyannaməsinə” bənzər sənəd imzalaya bilər və imzalamalıdır. Pakistan hər zaman Azərbaycanın haqq davasının yanında olub, siyasi və mənəvi dəstəyini Azərbaycan xalqından əsirgəməyib".
Akif Nağı: “Sənədin Şuşada imzalanacağı gün uzaqda deyil”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da ümidli danışdı: “Azərbaycan, Türkiyə və Pakistanın daxil olduğu yeni güc mərkəzi artıq reallıqdır. Buna sevinənlər, narahat olanlar da var. Bir sıra ölkələr bu güc mərkəzinin yanında yer almağa, digərləri isə onu dağıtmağa çalışırlar. Amma düşmənlər artıq istəklərinə nail ola bilməyəcəklər. Bu mərkəz İkinci Qarabağ müharibəsinin gedişində yarandı, necə deyərlər, od-alovla yaranıb bərkidi, od-alovun sınağından çıxdı. Şuşa Bəyannaməsi ilə proseslər məntiq və ardıcıllıqla davam etdirildi. Pakistanla da Şuşa Bəyannaməsi kimi bir vacib sənədin imzalanması tam mümkündür. Bu, yəqin ki, üçtərəfli bir sənəd olacaq. Pakistan həmişə Azərbaycanın haqq işini müdafiə edib. Qardaş Türkiyənin müəyyən diplomatik şərtləri gözləyərək ehtiyatlı davrandığı dövrdə də Pakistan açıq şəkildə Azərbaycanın tərəfində olduğunu bildirib. Pakistan Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətinə görə hələ də dövlət kimi tanımır, deyəsən, heç tanımaq fikri də yoxdur.
Bu ölkənin rəhbərliyi işğal vaxtında dəfələrlə Azərbaycana rəsmi dəstək verib, QAT rəhbərliyi kimi 20 il ərzində Pakistanın ölkəmizdəki səfirləri ilə dəfələrlə görüşmüşük, səfirlər dəyişib, mövqe dəyişməyib, həmişə bizə bildiriblər ki , müharibə başlayan andan bütün hərbi resurslarımızla Azərbaycanın yanındayıq. Pakistanla münasibətimiz həm tarixi köklərə, mənəvi yaxınlığa, həm də siyasi amillərə bağlıdır. Onlar üçün vacib olan Kəşmir məsələsində həmişə rəsmi İslamabadı dəstəkləmişik. Bütün bunlar onu deməyə əsas verir ki, iki qardaş ölkənin birinə hücumu özünə qarşı hücum, təhdid kimi dəyərləndirəcək sənədin, özü də Şuşada imzalanacağı gün uzaqda deyil".
Əhəd Məmmədli: “Hər iki dövlət bir-birləri qarşısında öhdəlik götürürlər ki...”
Siyasi şərhçi Əhəd Məmmədli də belə bir sənədin vacibliyindən danışdı: “Ankaradan sonra Bakının ən yaxın müttəfiqi İslamabaddır. Şuşa bəyannaməsinə uyğun Azərbaycan-Pakistan arasında sənəd imzalana bilər. Azərbaycan Pakistanla rəsmi sürətdə siyasi-hərbi ittifaq imzalasa bu ölkələrə hücum olan təqdirdə müttəfiqlik paktı imzalamış hər iki dövlət bir-birləri qarşısında öhdəlik götürürlər ki, dərhal bir-birlərinin yanında müharibədə iştirak edəcəklər. Fikrimcə, Azərbaycan-Türkiyə-Pakistan arasında” bu cür siyasi-hərbi ittifaq üçtərəfli imzalanmalıdır".
“Müsavat”