Paşinyandan qəfil məzuniyyət qərarı -Xankəndindəki “tədbiri” niyə boykot etdi?
Bakının qətiyyəti, əzmi və imzalanan kapitulyasiya aktı öz işini görür; Ermənistan rəhbərliyi təslimçi sənədi sabotaj etməyin bədəlini indi daha yaxşı dərk edir...
Yenixeber.org: Sabah - sentyabrın 2-də Qarabağdakı separatçı tör-töküntülər Xankəndində Azərbaycana qarşı növbəti təxribata əl ata bilərlər. “Artxasın müstəqilliyi”inin 30-cu ildönümü ilə bağlı separatçı ünsürlər yəqin ki, oyuncaq rejimin guya var olduğunu dünyaya nümayiş etdirməyə növbəti uğursuz cəhdlərini edəcəklər. Ancaq erməni mediasının yazdığına görə, ilk dəfə olaraq, Ermənistan rəhbərliyinə daxil olan şəxslərdən heç kim “müstəqillik tədbiri”nə qatılmayacaq.
“Ermənistan tarixində ilk dəfə ”Artsax" ın “müstəqilliyi” gününə həsr olunmuş tədbirlər ölkənin ali rəhbərliyinin iştirakı olmadan keçiriləcək".
Bu barədə “Joxovurd” qəzeti bildirib.
Nəşr qeyd edib ki, sentyabrın 1-də separatçılar Xankəndində tədbir planlaşdırıblar, lakin nə prezident Armen Sərkisyan, nə baş nazir Nikol Paşinyan, nə də hətta Ermənistan parlamentinin sədri Alen Simonyan “tədbirə” qatılacaq. Yəni Xankəndinə getməyəcəklər.
“Baş nazirin mətbuat katibi Mane Gevorkyanla əlaqə saxlaya bilmədik, amma bizə xəbər verdilər ki, Paşinyan bugünlərdə Ermənistanda olmayacaq . O, Soçidə dincəlir” - qəzet vurğulayıb.
Ermənistan hökumətinin mətbuat xidmətindən isə NEWS.am-a bildirilib ki, Paşinyan avqustun 31-dən sentyabrın 3-dək qısamüddətli məzuniyyətdə olacaq və tətil zamanı onu Ermənistan hökumətinin baş nazirinin müavini Suren Papikyan əvəz edəcək.
*****
Əslində Xankəndinə belə bir qanunsuz səfər heç mümkün də deyil və Bakıya açıq-aşkar müharibə çağırışı anlamına gələrdi. Eyni zamanda bu, hazırkı olduqca həssas dönəmdə İrəvanın imza atdığı 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sənədlərın sabotaj edilməsi, Ermənistanın Azərbaycanla sülhdə maraqlı olmamasınln əyani nümayişi, sülhə meydan oxumaq demək olardı - İrəvan üçün özünün bütün ağır və neqativ nəticələri ilə birgə.
Bu yerdə yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən az sonra (yanvar, 2021) Ermənistanın ovaxtkı xarici işlər naziri Ara Ayvazyanın Bakının razılığı olmadan Xankəndinə getməsinə və orada hansısa “ikitərəfli anlaşma” imzalamasına sərt təpki göstərmiş, xəbərdarlıq eləmişdi. O vaxtdan Ermənistanın rəhbər şəxslərindən heç kəs, həmçinin yeni xarici işlər naziri iznsiz Qarabağa keçməyə cürət eləməyib.
Başqa cür ola bilməz. Ermənistan rəsmiləri, nəhayət, beynəlxalq hüquqa sayğılı olmağı öyrənməlidirlər. Əks halda, məğlub ölkə düşdüyü sosial-iqtisadi və siyasi böhran bataqlığından heç vaxt çıxmayacaq, öz durumunu daha da qəzlizləşdirəcək, “Dəmir yumruğ”un daha bir ağır zərbəsini yeyəcək.
*****
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da hesab edir ki, 2-ci Qarabağ müharibəsindən sonra çətin ki, Ermənistandan hansısa rəsmi şəxsin saxta qurumun “müstəqillik günü”ndə iştirak etməyə cəsarəti çatsın. Bununla belə, o, Qarabağda hansısa təxribatı istisna eləmir və o qənaətdədir ki, Azərbaycan separatçı-terrorçu rejimin qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etmək istəyi ilə bağlı ciddi addım atmalıdır.
“Xüsusilə bu məsələdə Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq edilməlidir. Əvvəla, ona görə ki, belə bir günün ”qeyd edilməsi" 10 noyabr bəyanatının kobud şəkildə pozulması və Rusiya sülhməramlılarının vəzifə səlahiyyətlərini yerinə yetirməməsi deməkdir. Xankəndi və ətrafı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Yəni ermənilərin burada edəcəyi istənilən insidentdən onlar cavabdehlik daşıyır. Buna görə də nə olur-olsun, sülhməramlılar belə bir günün keçirilməsinə icazə verməməlidir. Rəsmi Bakı məsələ ilə bağlı həm Moskvaya, həm də Rusiya sülhməramlılarının komandalığına xəbərdarlıq etməlidir. Bundan əlavə, Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə Laçın dəhlizinə nəzarəti həyata keçirməlidir. Qarabağa heç bir xarici ölkə vətəndaşı qanunsuz keçə bilməz. Ermənistan vətəndaşları da xarici ölkə vətəndaşı sayılır və eyni qaydada onlar da Qarabağa rəsmi Bakının icazəsi olmadan buraxılmamalıdır".
*****
Ceyhun Bayramov
O da maraqlıdır ki, məhz bu ərəfədə xarici işlər naziri Ceyhun Bayramov “status” məsələsini süni surətdə gündəmdə saxlamaqla Bakıya təzyiq göstərməyə çalışan ATƏT-in faktiki mövcud olmayan Minsk Qrupunun Rusiyadan olan yeni həmsədrini qəbul edib. Rəsmi məlumata görə, nazir İqor Xovayevi təyinatı münasibətilə təbrik edib, ona bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.
İqor Xovayev isə səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib. Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.
Göründüyü kimi, rəsmi Bakı diqqəti növbəti dəfə bölgədə ədalətli və daimi sülhün əsas şərtlərinə yönəldib. Rusiyanı bu yöndə nəhayət, “həmsədr” kimi real töhfələr verməyə çağırıb. O Rusiya ki, Azərbaycan cəmiyyətində ona qarşı etimad problemi qalmaqda davam edir. Söhbət xüsusən də Qarabağda müvəqqəti yerləşən rus sülhməramlıların separatçıları şirnikləndirən hərəkətlərindən, özlərini ərazimizdə az qala, bölgənin şəriksiz sahibi kimi aparmaq cəhdlərindən gedir. Əgər Moskva gerçəkdən də regionda yeni müharibə deyil, möhkəm sülh istəyirsə, beynəlxalq hüquqla bir çərçivəyə sığmayan bu cür özfəaliyyətə son qoymalı, separatçılara öz yerini göstərməli, onları tərk-silah eləməlidir...
*****
“Rusiyanın son dövrdə Ermənistanı yenidən himayə etməyə başlaması və Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının öz vəzifələrini dürüst şəkildə yerinə yetirməməsi ona qarşı etimad və etibarı azaldır. Rusiyanın problemin həllinə yanaşmasında dəyişiklik etməsi və mənfi tendensiyanın davam etməsi nəticə etibarilə bölgədə və dünyada Rusiyanın vasitəçi dövlət kimi nüfuzuna böyük zərbə vuracaq”.
Bu sözləri Azar.az- a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Məhməd Seyfəddin Ərol deyib.
“Türkiyə və Azərbaycanın Ermənistandan tələbləri qətidir. Ermənistanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün tanınması məsələsində atacağı müsbət addımın qarşılığı ona ”Altılıq platforması"na qoşulmaq imkanı verəcək. Bu əməkdaşlıqdan və regionda yaranan yeni fürsətlərdən ən çox Ermənistan özü qazanacaq", - deyə Ərol qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın artıq müharibəni davam etdirə biləcək gücü yoxdur və gələcəyi parlaq görünmür: “Erməni xalqı Qərbə inteqrasiya arzulayır və bunun yolunun da yalnız bölgə ölkələri ilə əməkdaşlıqdan keçdiyinin fərqindədir. Paşinyanın Türkiyə, Rusiya və Azərbaycan üzərindən verdiyi açıqlamalar əslində daxili auditoriyanı rahatlaşdırmaq və yeni xarici siyasətində ictimaiyyətin dəstəyini almaq məqsədini güdür. Nikol Paşinyanın son Türkiyə açıqlamasının da hədəfi budur. Bu açıqlama onu göstərir ki, artıq Paşinyan da Türkiyəni bölgədə və dünyada konstruktiv və əhəmiyyətli bir tarazlaşdırıcı faktor olaraq görməyə başlayıb”.
Politoloq Rusiyanın sülh prosesini dəstəkləyəcəyini güman edir. “Əks təqdirdə, bölgədə münaqişə davam edəcək”, - deyə analitik əlavə edib.
Moskva isə indi sülhdə Bakıdan və Ankaradan da çox maraqlı olmalıdır. Hər halda, bunun belə olub-olmadığını separatçıların “müstəqillik tədbiri”nə sülhməramlıların münasibətindən görəcəyik...
“Müsavat”