Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Paşinyanın proqramındakı üç önəmli məqam: Bu, Nikolun növbəti hiyləsidir?

“Düşünürəm ki, Paşinyan sülhün bərqərar olunması ilə bağlı Rusiyadan təlimat da alıb” - Deputat 

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin “2021-2026-cı il üzrə proqram”ını təqdim edib. O, sənədi təqdim edərkən üç məsələyə toxunub. Nikolun bildirdiyinə görə, birincisi, İrəvan Azərbaycanla sərhəddə ordunu geri çəkməyə və bölgəyə sərhədçiləri yerləşdirməyə hazırlaşır. Və qeyd edir ki, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir. İkincisi, Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını bildirir. Üçüncüsü isə ATƏT-in Minsk Qrupu formatında sülh danışıqları prosesini bərpa etməyə hazır olduqlarını bildirməsidir.

Qeyd edək ki, Türkiyə ilə diplomatik münasibətlərin bərpası məsələsini Paşinyan əvvəllər də bir neçə dəfə qeyd etmişdi. Hətta Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan da bir neçə ay öncə qeyd etmişdi ki, Nikol hakimiyyəti diplomatik əlaqələrin bərpası istiqamətində Rəsmi Ankara ilə təmaslar qurub.

Paşinyan hökumətinin proqramında isə deyilir: “Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin olmaması, sərhədlərin qapalı olması, Türkiyənin (Dağlıq Qarabağda - İF) 44 günlük müharibəyə açıq şəkildə cəlb olunması regional sabitlik və sülhə mənfi təsir edir. Ermənistan hər zaman Türkiyə ilə münasibətlərin normallaşmasına şərtsiz hazır olub. Və bu gün də Ermənistan Türkiyə ilə münasibətlərin nizamlanması istiqamətində səy göstərməyə hazırdır”. 

“Tərəflər şərtsiz irəliləyərək, normal münasibətlərin qurulması məqsədilə qarşılıqlı etimad mühtinin formalaşması üçün əlaqədə olmalıdırlar”, - proqramda deyilir.

Ermənistan hökumətinin proqramındakı iki məsələ isə yenilikdir – sərhəddən qoşunların çəkilməsi və Minsk Qrupu formatında danışıqların aparılması.

Onu da xatırladaq ki, bu günlərdə Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərindən ibarət yaradılmış işçi qrupu fəaliyyətini bərpa edib. Sözügedən işçi qrup 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatda göstərilən müddəaların icrasını müzakirə edir. Hazırda sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların açılması məsələsi qrupun gündəliyindədir. Hansı ki, işçi qrup fəaliyyətini may ayında İrəvanın imtinası ilə dayandırmışdı. Ermənistan tərəfi bəyan etmişdi ki, Azərbaycan Qaragöl ətrafındakı mövqelərdən geri çəkilməsə, işçi qrupdan imtina edəcək. Azərbaycan həmin mövqelərdən geri çəkilməyib, işçi qrupun fəaliyyəti isə bərpa olunub. İşçi qrupunun bərpası, Paşinyanın təqdim etdiyi hökumət proqramında verdiyi mesajlar onu deməyə əsas verir ki, Rəsmi İrəvan hansısa addımlar atmaq istəyir. Amma baş verənləri Ermənistan rəhbərliyinin növbəti hiyləsi də sayanlar var.

 

Prosesləri şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev bildirib ki, ümumi komissiya təşkil olunmasa, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmasa, daim orada təxribatlar olacaq: “Son vaxtlar belə açıqlamalar vardı ki, Ermənistanın Azərbaycanla sərhədini də Ermənistan tərəfindən Rusiya sərhədçiləri qoruyacaq. Düşünürəm ki, Ermənistan daxili auditoriyasında sakitləşmə olsun deyə Paşinyan siyasi gediş edir. Və bildirir ki, sərhədləri erməni sərhədçiləri qoruyacaq”.

 

“Ermənistan Parlamentində müzakirələrdə Köçəryanın və Sarkisyanın partiyasından olan deputatlar məsələlərin əleyhinə səs verirlər, yaxud səsvermədən imtina edirlər. Onlar görünür, Paşinyanın quruculuq siyasətinə qarşıdırlar. İndi Nikol müəyyən addımlar atmaq cəhdlərini ortaya qoyur və demək istəyir ki, regionda sakitliyin, sülhün bərqərar olması istiqamətində sözünü tutur. Təbii ki, bu, daxili auditoriyaya hesablanıb”, - deyə A.Nağıyev qeyd edib.

 

Deputatın sözlərinə görə, Paşinyan hökumətinin başqa yolu yoxdur: “Çünki Azərbaycan öz sərhədlərinə çıxıb, möhkəmlənmə işlərini görür. Keçmiş xəritələrə əsasən aktiv işlər aparılır. Bakıdan verilən son bəyanatlar da ortadadır. Cənab Prezident İlham Əliyev Kəlbəcərdə səfərdə olarkən bildirdi ki, Zəngəzur dəhlizi icra olunacaq. Eyni zamanda, bizim öz ərazilərimizdə olduğumuzu, bir addım da ərazilərimizdən geri çəkilməyəcəyimizi söylədi. İrəvanda bu açıqlamaları, bəyanatları izləyirlər və Bakının mövqeyi onlara aydın olur. İşçi qrupunun fəaliyyətinin yenidən bərpa edilməsi, üçtərəfli Birgə Bəyanatdan irəli gələn məsələlərin müzakirəsi də bir işarədir ki, sülhə, regionda dincliyin yaradılmasına ehtiyac var. Əks halda problemlər artacaq”.

 

“Rusiya çalışır ki, Cənubi Qafqazda problemlər daha çox qabarmasın. Çünki həm Əfqanıstandakı vəziyyət, həm Qərblə arasındakı problemlər Rusiyaya mənfi təsirlər göstərir. Üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpası iqtisadi problemlərin həlli istiqamətində addımların atılacağına da işarədir. Eyni zamanda, düşünürəm ki, Paşinyan sülhün bərqərar olunması ilə bağlı Rusiyadan təlimat da alıb”, - Milli Məclis üzvü əlavə edib.

 

Deputat xatırladıb ki, regionda kommunikasiyaların açılması sərhədlərin delimitasiya və demarkasiyasının həlli ilə bağlıdır: “Delimitasiya və demarkasiyadan sonra nəyin, hansı yolun haradan keçməsi dəqiqləşdirilir. Delimitasiya və demarkasiya isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, yekun sülhün əldə olunmasına gətirib çıxaracaq”.

 

Paşinyanın Minsk Qrupunun fəaliyyətinin bərpası ilə bağlı dediklərinə gəldikdə isə A.Nağıyev qeyd edib ki, bu, Qərbin Nikola tapşırığıdır: “Qərb sülh prosesində iştirak etmək niyyətindədir. Yəni Qərb Rusiyanın tək vasitəçiliyini qəbul etmir. Paşinyan da elə başa düşür ki, böyük güclərin iştirakı olmadan sülh prosesində tək qalacaq. Ona görə Nikol çalışır ki, üç dövlət – Rusiya, ABŞ və Fransa baş verən proseslərin daimi iştirakçısı olsun”.

 

“Minsk Qrupunun Qarabağın statusu ilə bağlı hansısa məsələni gündəmə gətirməsi isə inandırıcı görünmür. Azərbaycanın ərazi bütövlüyü BMT Nizamnaməsi çərçivəsində tanınır. Azərbaycan da 44 günlük Vətən müharibəsində ərazilərini azad edib, ərazi bütövlüyünü bərpa edib. Biz artıq öz sərhədlərimizə nəzarət edirik. Bundan sonra hansısa status məsələsini gündəmə gətirmək yersizdir”, -deyə millət vəkili vurğulayıb.

 

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpa olunmasına gəldikdə isə A.Nağıyev qeyd edib ki, ermənilər üç ideya ətrafında birləşməyə çalışırdılar: “Bu saxta soyqırımı iddiaları idi, kilsə məsələsi idi, bir də Dağlıq Qarabağ məsələsi idi. “Soyqırımı” məsələsində bunlar heç nəyə nail ola bilmədilər. Kilsə də öz istəklərinə nail ola bilməyəcəyini anladı. Qarabağ problemi isə Azərbaycan Ordusu, Azərbaycan Prezidentinin Ali Baş Komandanlığı ilə həll edildi, ədalət bərqərar oldu. Türkiyə Ermənistanla sərhədi Qarabağ məsələsinə görə bağlamışdı, diplomatik əlaqələri bu səbəbdən kəsmişdi. Artıq Qarabağ problemi həll edilib. Düşünürəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikdən sonra Türkiyə ilə sərhədinin açılmasında da, diplomatik münasibətlərin bərpasında da hansısa addımlar atıla bilər”.(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam