Kreml bu tarixdə Paşinyanla üzülüşəcək -ABŞ isə...
Ermənistan uğrunda Qərb-Rusiya rəqabəti ciddiləşir; Putinin imzası olan üçtərəfli anlaşmaların aqibəti necə olacaq? Zəngəzur dəhlizinin işə düşməsi Vaşinqtonun da marağında görünür, çünki...
Yenixeber.org: Ermənistanda daxili situasiya mürəkkəb olaraq qalır. Baş nazir Nikol Paşinyan müxalifətin böyük ümidlər bəslədiyi generalı, Baş Qərargah rəisi Onik Qasparyanı məğlub eləsə də, ictimai-siyasi proseslərin tezliklə durulacağını gözləməyə dəymir. Ona görə ki, məğlub ölkədə faktiki surətdə ikihakimiyyətlilik hökm sürür.
Gerçək belədir ki, Ermənistanda artıq heç kim heç kimin kitabını oxumur, qarşı duran düşərgələrdə, hətta iqtidarın özündə prezident Armen Sərkisyan da daxil, hərə öz oyununu oynayır. Baş verənləri isə Azərbaycan diqqətlə izləmək zorundadır. Ən əvvəl də Nikol Paşinyanın imza atdığı 10 noyabr və 11 yanvar 3-tərəfli sənədlərində İrəvanın öz üzərinə götürdüyü öhdəliklərin aqibəti baxımından.
*****
“Hazırda situativ olaraq Kremlə üçtərəfli bəyannamənin həyata keçirilməsi üçün hakimiyyətdə Paşinyanın qalması sərfəlidir. Lakin perspektivdə belə bir sual ortaya çıxacaq: Rusiyanın Ermənistana ehtiyacı varmı və ümumiyyətlə, Ermənistan ona lazımdırmı?”
Bunu rusiyalı tanınmış ekspert İqor Korotçenko öz telegram kanalında yazıb.
“Dəstəyi olmayan çamadana (həm daşınması çətindir, həm də atmağa adamın heyfi gəlir) 100 faiz ehtiyac yoxdur. İrəvan öz əməlləri ilə Moskvaya ehtiyac duyduğunu, ona sadiq və loyal olduğunu sübut etməlidir. Odur ki, yalnız rusiyapərəst kurs, Sorosa ”qud bay" (“əlvida” - red.), İrəvandakı ABŞ səfirliyini iki dəfə azaltmaq, Moskvanın tövsiyələri və məsləhətlərinə qulaq asmaq və onlara riayət eləmək. Nikol Paşinyan (özü, yalnız özü!) öz ətrafını Sorosun adamları və qərbyönlü ünsürlərdən təmizləməli, Amerika yanlı QHT-ləri bağlamalıdır. Yoxsa növbəti dəfə onu heç kim xilas etməyəcək (Moskvanın bitərəf qalması - xilasdır)" - Korotçenko qeyd edib.
İqor Korotçenko
Maraqlıdır ki, məhz bu arada ABŞ Ermənistanda daha bir sorğu təşkil edib. Məşhur “Gallup” şirkətinin ardınca bu dəfə ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu plebissit keçirib. Sorğuda iştirak edənlərdən “Bu bazar seçki olsa, kimə səs verərdiniz?” soruşublar. 42%-i “heç kimə səs vermərəm” cavabını verib, 33%-i Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini deyib. Yəni yenə ictimai rəğbətin ən çox Paşinyana və komandasına olduğu üzə çıxıb. 3%-i Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına, 2%-i Robert Köçəryana, 1%-i Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına, 1%-i “Daşnaksütyun”a, 1%-i Vazgen Manukyanın ətrafında birləşən və 17 müxalifət partiyasının yaratdığı siyası bloka, 1%-dən azı Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyasına səs verəcəyini deyib. Sorğu iştirakçılarının 12%-i isə “bilmirəm” cavabını verib.
İstisna deyil ki, gizli qərbçi olan Nikol Paşinyan bundan sonra ayağını “yerə” daha möhkəm basacaq, müxalifətə, o sırada rusiyayönlü müxaliflərə qarşı daha inamlı və ardıcıl mövqe sərgiləyəcək - üstəlik, ABŞ bunu indi ondan açıq şəkildə tələb eləməyə başlayıbsa...
*****
“Ermənistanın Rusiyanın orbitindən çıxmasının müəyyən əlamətləri özünü göstərməyə başlayıb. Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı Ermənistan hakimiyyətinin Qərbin siyasi konsorsiumunun maraqlarına xidmət etdiyi haqda artıq ucadan danışılması da təsadüfi deyil. Ermənistan, hər halda, Rusiyadan üz döndərmək, Gürcüstan və Ukrayna yolu ilə getmək qərarına gəlib”.
Bu barədə Ermənistanın Politik.am nəşri yazıb (Axar.az).
“Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı, bir sıra analitiklərin fikrincə, əsas sualları cavablandırmaq üçün vacib idi. Hər bir halda, ABŞ-ın Ermənistanın hazırkı hakimiyyətinə müəyyən siyasi dəstəyi var. Amma necə deyərlər, bu dəstək ”pulsuz" olmayacaq və çox güman ki, belə dəstək olsa belə, onun “qiyməti” Ermənistanın xarici siyasi vektorunun dəyişməsi olmalıdır, yəni Ermənistan tədricən Gürcüstan və ya Ukrayna yolu ilə gedəcək: “Qud bay, Rusiya!” “Geosiyasi reabilitasiya”dan sonra Ermənistandan nə qalacaq, ümumiyyətlə Ermənistan dövləti qalacaqmı? Bunu artıq zaman göstərəcək", - deyə nəşr qeyd edib.
*****
Beləliklə, Ermənistan uğrunda Rusiya-ABŞ çəkişməsinin getdikcə gücləndiyinin şahidi ola bilərik. Bu çəkişmənin 10 noyabr və 11 yanvar anlaşmalarının aqibətinə hansı təsirlərinin olacağını isə görəcəyik.
Ancaq o da var ki, ABŞ Ermənistanın Türkiyə və Azərbaycanla dil tapmasında da maraqlıdır ki, İrəvana Rusiyanın təzyiq rıçaqları azalsın. Ermənistan Moskvanın arealından uzaqlaşa bilsin. Ən əsası, bu dəqiqə yolların və kommunikasiyaların açılması hamıdan çox Ermənistana lazımdır ki, iqtisadi böhrandan çıxa bilsin.
“ABŞ Ermənistanda siyasi böhranın aradan qalxmasını, ölkənin normal həyata qayıtmasını istəyir. Vaşinqton eyni zamanda, Ermənistanda demokratiyanın güclənməsini və II Qarabağ müharibəsində Azərbaycan tərəfindən qəti şəkildə məğlub edildikdən sonra yaranan psixoloji böhrandan qurtularaq, bu fürsətdən istifadə edib regional iqtisadiyyata təzədən inteqrasiya olunmasını arzulayır. Bu, Prezident İlham Əliyevin açdığı bir qapıdır və Ermənistan bu qapıdan keçməlidir”.
Sonuncu sitat ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzaya məxsudur.
*****
Bölgədə əlaqələrin tam həcmdə bərpası isə Naxçıvan dəhlizi işə düşmədən mümkün görünmür. Əfsus ki, rəsmi İrəvan buna qarşı müqavimət göstərməkdədir. Halbuki bu, heç də hansısa erməni yetkilisinin istəyinə bağlı məsələ deyil, kapitulyasiya aktında, Putinin də imzası olan sənəddə əksini tapmış bənddir, Ermənistan öz üzərinə götürdüyü konkret və məcburi öhdəlikdir.
Əgər Laçın dəhlizi və Xankəndində rus sülhməramlılarının mövcudluğu Azərbaycanın ermənilərə xoşməramlı bir jestidirsə - o Azərbaycan ki, onun ordusu II Qarabağ savaşının son günlərində Xankəndinin girəcəyində gəlib dayanmış, Laçına gedən yolu atəş altında saxlayırdı, - o halda Zəngəzur dəhlizi də Ermənistanın təslimiyyətini qaçılmaz edən şərtlərdən biridir. Bu şərtlərə yenidən baxmağa çalışmaq məğlub ölkəni daha dağıdıcı müharibəyə tuş edə bilər.
“Üçtərəfli bəyanatların həyata keçirilməsi Ermənistan üçün öz dövlətçiliyini qorumaq və xalqının həyatını yaxşılaşdırmaq üçün şansdır. Revanş isə dalan yoludur, dünyanın siyasi xəritəsindən yoxa çıxmaqdır. Artıq indi inamla deyə bilərik ki, Ermənistanda etirazlar sona çatır və praktik olaraq, revanşist qüvvələrin hakimiyyətə gəlməsi ssenarisi real görünmür. Bu, olduqca zəif ehtimaldır. İrəvandakı revanşist qüvvələrin çalışdıqları ssenaridən - Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən bölgəni qorumağın ən yaxşı yolu Paşinyanın Ermənistan dövlətinin başçısı postunda qalmasıdır... Paşinyan Zəngəzur dəhlizi layihəsini Ermənistanın iqtisadi inkişafı naminə həyata keçirəcək”.
Bunu da İqor Korotçenko söyləyib.
Necə deyərlər, suların durulmasına bir şey qalmayıb...
“Müsavat”