“Milli Şuranın mitinqləri sosial tələbat deyil”
"Milli Şura və AXCP-nın bu mitinqləri keçirməkdə məqsədləri odur ki, desinlər ki, Azərbaycanda ən güclü yeganə müxalifət onlardır, çünki mitinq keçirirlər"
"Bu məqsəd isə mitinqlərin guya xalqın hansısa problemlərini həll etmək üçün keçirildiyi fikrini təkzib edir. Digər tərəfdən, Milli Şuranın, AXCP-nin keçirdiyi mitinqlər göstərir ki, cəmiyyətdə ən güclü yeganə müxalif qüvvə olmaları və xalqın onlara böyük dəstək nümayiş etdirdiyi barədə dedikləri də yanlışdır, onlar bu məqsədlərinə çatmırlar”.
"Xeberinfo.com": Məlumata görə, bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu bildirib ki, demokratik mübarizənin əsas prinsiplərindən biri ardıcıllıqdır. ADP sədri qeyd edib ki, mitinqlər o zaman effektli ola, artan tendensiya ilə inkişaf edə bilər ki, bu mitinqlərin arasındakı məsafə qısa olsun. Yəni mitinqlər arasındakı məsafə qısa olacaqsa, vətəndaşlar da mitinqlərə bir o qədər dəstək verəcək, mitinqlər bir o qədər də siyasi nəticələrə gətirib çıxaracaq: “Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir, bir ay keçirir, 3-4 ay sonra təkrar keçirir? Çünki bu mitinqlər sosial tələbat deyil. Sosial tələbat olsa, xalq gündə 3-4 dəfə mitinq keçirməyi tələb edər. Məsələn, 1996-2005-ci illərdə biz mitinqlər keçirirdik. O vaxtlar partiya üzvləri gündə 3-4 dəfə piket keçirmək istəyirdilər, camaat bunu tələb edirdi. Biz hər həftə mitinq keçirirdik və maraqlıdır ki, hər həftə də mitinqlərə yeni insanlar gəlirdilər. Amma indi tələb yoxdur, ona görə də indi mitinq iştirakçıları insanları ora gətirmək üçün uzun müddət hazırlıq aparmalıdırlar. Beləliklə, mitinqlərin arasında uzun müddət yaranır və bu uzun müddətdə də fəaliyyətdə tələb olunan intensivlik pozulduğuna görə getdikcə mitinqlərə həvəs də, maraq da azalacaq. Həm də mitinqlərdə nəticə olmadığına görə iştirakçıların sayı azalır”.